EN

Lənkəranda ağır qəza törədən sürücüyə hökm oxundu

BAKI, 9 may. TELEQRAF

Lənkəranda bir nəfərin ölümü, bir neçə nəfərin yaralanması ilə nəticələnən yol qəzası törətməkdə ittiham olunan 1991-ci il təvəllüdlü Pərviz Şükür oğlu Fətullazadənin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf-ın xəbərinə görə, Lənkəran Rayon Məhkəməsində hakim Anar Pənahovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Pərviz Fətullazadə 2 il 6 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilib. Təqsirləndirilən şəxsin cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.

Yol qəzası Lənkəran rayonunun Liman şəhəri ərazisində baş verib. Nəticədə 1978-ci il təvəllüdlü Davud Sərraf oğlu Nəsirov hadisə yerində ölüb.

2003-cü il təvəllüdlü Mirşahin Malik oğlu Nağızadə, 2003-cü il təvəllüdlü Pərvaz İlham oğlu Mahmudov və 1991-ci il təvəllüdlü Pərviz Şükür oğlu Fətullazadə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Qeyd edək ki, qəza VAZ-2106 və VAZ-21011 markalı avtomobillərin toqquşması nəticəsində baş verib. Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Onlara tibbi yardım göstərilib.

Araşdırmalar zamanı məlum olub ki, yol qəzasının törədilməsində Pərviz Fətullazadə günahardır.

Onun barəsində Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma - bu məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib.

Chosen
0
teleqraf.com

1Sources