EN

FAŞİZM ÜZƏRİNDƏ QƏLƏBƏNİN 80 İLLİYİ

(9 May Qələbə Gününə)

Müharibələr dünya tarixinin ən dəhşətli, qanla yazılmış səhifələridir. Ötən əsrdə  bəşəriyyət üçün ən dəhşətli, ən ağrılı dövr İkinci Dünya müharibəsi illəridir. İtaliyada, Almaniyada  yaranmış faşizm həm bəşəriyyəti, həm də bu ölkələrin özünü təhlükə altına almışdı.

Azərbaycan xalqı İkinci Dünya müharibəsi illərində həm ön,  həm də arxa cəbhədə böyük igidlik, qəhrəmanlıq göstərmişlər. Çox qısa bir vaxtda respublikada 87 qırıcı təyyarə batalyonu, 1124 özünümüdafiə dəstələri təşkil olundu. 1941-1945-ci illərdə cəbhəyə yollanmış azərbaycanlı oğlan və qızların sayı 600 mindən çox olmuşdur. 130-a yaxın həmyerlimiz Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş, 30 nəfəri isə Şərəf ordeni ilə təltif olunmuşlar. 170 min Azərbaycan əsgər və zabiti SSRİ-nin müxtəlif orden və medalları ilə təltif olunmuşlar. Öz igidlikləri ilə Azərbaycan xalqının şərəfli tarix səhifələrinə yeni-yeni sətirlər yazan qəhrəmanlarımız - 2 dəfə Sovet İttifaqı Qəhrəmanı olan Həzi Aslanov, Sovet İttifaqı qəhrəmanları - İsrafil Məmmədov, Ruslan Vəzirov, Adil Quliyev, Ziya Bünyadov, Gəray Əsədov, Məlik Məhərrəmov, Mehdi Hüseynzadə, Mahmud Əbilov, Akim Abbasov, Tərlan Əliyarbəyov, Hacıbaba Zeynalov və b...

8 dekabr 1941-ci ildə Moskva uğrunda döyüşlərin ən ağır günlərindən biri Novqorod  vilayəti yaxınlığında gedən döyüşlərdə İsrafil Məmmədov komandiri olduğu dəstənin 20 nəfər döyüşçüsü ilə, 400 nəfərdən çox düşmən qüvvəsinin aramsız hücumlarını, 9-10 saat ərzində dəf etmiş, mövqelərini daha da möhkəmləndirmişdi. Bu döyüşdə 70-dən çox faşisti məhv etdiyi üçün dekabrın 11-də İsrafil Məmmədova Sovet İttifaqı Qəhrəmanı fəxri adı verilmişdir. Bu yüksək ada layiq görülmüş ilk azərbaycanlı İsrafil Məmmədov olmuşdur.

Baloğlan Abbasovun snayper dəstəsi, Həzi Aslanovun tank alayı Stalinqrad şəhərinin müdafiəsində xüsusi fəallıq göstərmiş, düşmənə ağır zərbələr endirmişdir. Hər iki azərbaycanlı döyüşlərdə böyük qəhrəmanlıq göstərdiklərinə görə Sovet İttifaqı Qəhrəmanı fəxri adına layiq görülmüşlər.

Həzi Aslanov Pleşinitsı şəhərinin və 508 yaşayış məntəqəsinin azad edilməsində xüsusi xidmətlərinə görə ikinci dəfə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür.

Mehdi Hüseynzadə İkinci Dünya müharibəsi zamanı əsir düşsə də, düşərgədən qaçmış,  İtaliya partizan dəstələri ilə Vermaxta qarşı mübarizə aparmış, çətin döyüş tapşırıqlarını yerinə yetirmişdir. SSRİ Ali Soveti Rəyasət Heyətinin 1957-ci il 11 aprel tarixli əmri ilə Mehdi Hüseynzadəyə (ölümündən sonra) Sovet İttifaqı Qəhrəmanı adı verilmişdir.

İkinci Dünya müharibəsində iz qoymuş, əfsanəyə çevrilmiş Azərbaycan oğullarından  əfsanəvi partizanımız  Mehdi Hüseynzadənin komandiri olan, 162-ci “Türküstan” diviziyasının legioneri, İtaliya və Yuqoslaviya azadlıq hərəkatının qəhrəmanı, “Russkaya Çeta” rotasının rəhbəri, kapitan Cavad Həkimlini, Fransa Müqavimət Hərəkatının görkəmli nümayəndələrindən olan Əhmədiyyə Cəbrayılovu da unutmaq olmaz. Ə. Cəbrayılov həm də Qarabağ müharibəsi şəhidi - Azərbaycanın Milli Qəhrəmanı olan Mikayıl Cəbrayılovun atasıdır.

Leninqradı düşmənin hava hücumlarından qoruyarkən 17 ölümcül yara almasına baxmayaraq təyyarəsini cəsurluqla yerə endirə bilən təyyarəçi Hüseynbala Əliyev göstərdiyi şücaətə görə (ölümündən sonra) döyüş ordeninə layiq görülmüşdür.

İkinci Dünya müharibəsindən həm əvvəl, həm də müharibə zamanı Almaniyada, Yaponiyada jurnalist adı ilə fəaliyyət göstərmiş Sovet Baş Kəşfiyyat İdarəsinin əməkdaşı, xəfiyyə Rixard Zorge 1895-ci ildə Bakının Sabunçu qəsəbəsində doğulmuş,  sonradan Almaniyaya  köçərək Hamburq Universitetində təhsil almışdır. Onun ən mühüm fəaliyyətlərindən biri 1940-1941-ci illərdə Yaponiyada əməliyyat xidmətində olarkən, SSRİ mənbələrinə Adolf  Hitler tərəfindən başladıla biləcək hücum barədə məlumat verməsidir. 1964-cü ildə R. Zorge (ölümündən sonra) Sovet İttifaqı Qəhrəmanı mükafatı ilə təltif edilmişdir. Təhlükəsizlik və kəşfiyyat sahəsində Rixard Zorge dünya tarixinin ən böyük xəfiyyələrindən biri kimi xarakterizə olunur.

Müharibə illərində SSRİ-nin neft və neft məhsulları, tankların, təyyarələrin mühərrik yağı, benzinlə təmin edilməsinin dörddə üçü Azərbaycanın payına düşürdü. Yüngül və yeyinti sənayeləri cəbhə üçün işləməyə başlamış, qısa bir vaxt ərzində Bakı döyüşən ordunun ən mühüm arsenalına çevrilmişdi. Çox böyük çətinliklərlə üzləşməklərinə baxmayaraq, neftçilərimiz fədakarlıqla çalışır, cəbhəni və sənayemizi yanacaqla təmin edirdilər. Bakı nefti faşizm üzərində qələbə qazanılmasında əsas amillərdən biri olmuşdur.

Ümummilli Lider Heydər Əliyev hər zaman Bakı neftinin faşizm üzərində qələbədəki rolunu xüsusi vurğulamışdır: “Əgər Bakının nefti olmasa idi, Sovetlər İttifaqının qələbəsi mümkün deyildi”.

Müsahibələrindən birində 1941-1945-ci illər müharibəsində qazanılan qələbə barədə də söz açan ölkə Prezidenti cənab İlham Əliyev də Azərbaycanın bu  qələbəyə böyük töhfə verdiyini xüsusi qeyd etmişdir.120-dən çox Sovet İttifaqı Qəhrəmanının əslən Azərbaycandan olduğunu qürurla söyləyən cənab Prezident qələbədə Azərbaycan neftinin böyük əhəmiyyət kəsb etdiyindən bəhs etmişdir: “Həmin illərdə Azərbaycan sənayesi inkişaf etmişdi. Həmçinin, Sovet ordusu üçün neftin 70 faizini, benzinin 80 faizini, sürtkü yağlarının 90 faizini Azərbaycan təmin edirdi, bunlar olmasa idi, müharibədə qalib gəlmək mümkün olmazdı. ...Təsadüfi deyil ki, faşist Almaniyası Bakını tutmağa çalışırdı. ...Bakının tutulması Sovet İttifaqı üçün fəlakət olardı. Ona görə ki, Sovet İttifaqı mühüm bir komponentdən məhrum edilərdi. Bizim vətəndaşlar üçün isə bu, ona görə fəlakət olardı ki, bütün neft quyuları minalanmışdı. Əgər faşistlər Bakını tutmağa nail olsaydılar, hər şey havaya uçar, yüz minlərlə insan həlak olardı. Buna görə də Böyük Vətən müharibəsi və Vətən uğrunda həlak olanlar haqqında xatirə (Azərbaycandan müharibədə iştirak etmiş 600 mindən çox döyüşçünün 300 mini həlak olub) bizim üçün müqəddəsdir. Biz bunu xatırlayırıq və ehtiramla yad edirik”.

Qürurla qeyd etmək istəyirəm ki, Azərbaycan xalqının İkinci Dünya müharibəsində iştirak etmiş  fədakar, adı kimi qəhrəman, igid oğullarından  biri də mənim babam Çələbiyev Qəhrəman Hümbət oğludur. Babam 15 may 1922-ci ildə Ağdaş rayonunun  Qoşaqovaq kəndində anadan  olmuşdur. 1941-ci il avqust ayının 3-də  Ağdaş rayonundan hərbi xidmətə çağırılmışdır.

Vətəninə, torpağına bağlı olan Çələbiyev Qəhrəman 1941-1945-ci illərdə Böyük Vətən müharibəsində “mayor” rütbəsi ilə iştirak etmiş və müharibə veteranı olmuşdur. Müharibədən ayağında qəlpə yarası alaraq qayıtmış babama o qəlpə yarası hər addımında müharibənin ağrı-acısını, çətinliyini xatırladırdı...

Babam “1-ci dərəcəli Vətən Müharibəsi ordeni”,  “1941-1945-ci illər Böyük Vətən Müharibəsində Almaniya üzərində Qələbəyə görə” medalı, “Hərbi xidmətlərə görə” medalı, “Qırmızı Ulduz” ordeni ilə təltif olunmuşdur.

Müharibədən sonra isə babam uzun illər Azərbaycanın bir çox rayonlarında (Laçın, Qəbələ, İsmayıllı, Lerik, Masallı, Astara, Bərdə) hərbi komissar vəzifəsində çalışmışdır.

Babamın miras qoyduğu hərbiçilik peşəsini oğlu - əmim Çələbiyev Rasim Qəhrəman oğlu və onun övladları (Nazim və Rüstəm Çələbiyevlər) qürurla davam etdirmişlər. Qeyd edim ki, Türkiyədə çalışan, ixtisasca həkim olan qardaşları Nizami Çələbiyev də İkinci Qarabağ müharibəsində könüllü olaraq öz həkim yoldaşlarıyla bərabər cəbhə bölgələrinə gedərək yaralı əsgərlərimizə xidmət etmiş, onları sağaltmaq, həyata qaytarmaq üçün əllərindən gələni əsirgəməmişlər.

Azərbaycanda may ayının 9-da faşizm üzərində qələbənin 80-ci ildönümü qeyd olunacaq. İkinci Dünya müharibəsində şərəfli döyüş yolu keçmiş Azərbaycan övladlarının tarixi şücaətləri yaddaşlardan silinmir, onların müharibə illərində göstərdiyi qəhrəmanlıq bu gün də böyük hörmətlə xatırlanır, həlak olan soydaşlarımızın xatirəsi ehtiramla yad olunur.

Biz öz qəhrəmanlarımızla qürur duyur, onlarla bir torpaqda doğulduğumuza, eyni Vətənin övladları olduğumuza görə fəxr edirik. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın sözləriylə ifadə etsək, “Ölkəmiz tarixi qələbəyə mühüm töhfələr verib və bu, hər bir azərbaycanlıya daim qürur və fərəh hissi yaşadıb”.

İkinci Dünya müharibəsində Azərbaycanlı döyüşçülərin keçdiyi şərəfli döyüş yolu, göstərdikləri qəhrəmanlıq milli qürurumuz, müharibə veteranları xalqımızın fəxridir, gənc nəslə vətənpərvərlik nümunəsidir. Bu gün azad olmuş doğma Qarabağımızda yenidən üçrəngli bayrağımızı dalğalandıran, bu yolda canından keçən, sağlamlığını itirən igid vətən övladları -  şəhidlərimiz, qazilərimiz məhz həmin babaların mənəvi övladları, qəhrəman varisləridirlər.

NURANƏ  ÇƏLƏBİ,

 AMEA M.Füzuli adına Əlyazmalar İnstitutu

1Sources