EN

"Əslində II Dünya savaşında qalib gələn Rusiya yox, Almaniya oldu...- Ona görə ki..."

“Hitler Almaniyasına qalib gəldik. Fəqət müstəmləkəsi olduğumuz sovet-Rus imperiyasından, Stalin rejimindən qurtulduqmu? Əsil insani azadlıq əldə etdikmi?.. Xeyr, qurtula bilmədik, azad ola bilmədik...”
 
“Düzdür,    1945-ci ilin mayında Rusiya imperiyasının cildini dəyişmiş SSRİ forması əsasən digər xalqların, o cümlədən Azərbaycan xalqının və onun neftinin hesabına Hitler faşizminin hərb maşınını məhv edərək faşist Almaniyasına hərbi baxımdan qalib gəldi. Fəqət, gəlin görək bundan sonra nə baş verdi?..”
 
-FİKİR SAVAŞI...-
 
Dünən – mayın 8-də ABŞ və Almaniya da daxil olmaqla bir çox Qərb ölkələri II Cahan savaşının bitməsinin 80 illiyini xatirə-anım günü kimi qeyd etdi. Bu gün – mayın 9-da isə Putin Rusiyası avtoritar və diktatura rejimli azsaylı ölkə başçılarının iştirakıyla “böyük vətən müharibəsində”, yaxud “faşizm üzərində qələbə”nin 80 illiyini bayram edirlər...
 
Bəs II  Cahan savaşının əsil qalibi kimdir, yaxud kimlərdir?.. Əvvəla, həm bu, həm Axirət aləmi prizmasından yanaşsaq, yeganə qalib Allahdır... Məsələyə yalnız bu dünya bucağından yanaşanda isə əsil qalib Rusiya imperiyasının cildini dəyişmiş forması olan Sovet İttifaqı yox, Almaniya özü də daxil olmaqla ABŞ və Böyük Britaniya, Fransa kimi aparıcı Avropa ölkələridir... 
 
Bəs niyə SSRİ, yaxud kommunust Rusiya imperiyası II Cahan savaşında məğlubdur? Düzdür,    1945-ci ilin mayında Rusiya imperiyasının cildini dəyişmiş SSRİ forması əsasən digər xalqların, o cümlədən Azərbaycan xalqının və onun neftinin hesabına Hitler faşizminin hərb maşınını məhv edərək faşist Almaniyasına hərbi baxımdan qalib gəldi. Fəqət, gəlin görək bundan sonra nə baş verdi? Bundan sonra cəmi 46 il ömür sürən SSRİ-nin iqtisadiyyatı çökdü və o dağıldı. Hazırda onun xələfi Rusiyanın durumu isə ümumi göstəricilərə görə 1950-ci illər səviyyəsindən də aşağıdır və imperiyanın qalan bu parçası da məhvə doğru gedir. Müharibədə uduzmuş, parçalanmış Almaniyanın isə  qərb hissəsi sürətlə inkişaf etdi, yüksək iqtisadi, texnoloji göstəricilər əldə etdi. Və nəhayət, SSRİ dağılandan sonra parçalanmış Almaniya birləşdi. Və bu gün vahid Almaniyanın istehsal etdiyi avtomobillər, digər texniki vasitələr, elektronika, məişət avadanlıqları, o cümlədən hərbi texnikalar dünya bazarında xüsusi reytinqə malikdir. Rusiya isə yalnız xammal: neft,qaz və s. hesabına, özü də korrupsiya, avtoritarizm şəraitində yaşayan, heç bir brend mal istehsal edilməyən bir ölkədir... 
 
Belə çıxmırmı ki, yekunda qalib SSRİ -Rusiya yox, Almaniya oldu, ABŞ, demokratik Qərb dünyası oldu? Yəni Almaniya (eləcə də Fransa, Niderland, Belçika, İsveçrə, həmçinin bir çox göstəricilər üzrə İspaniya, Portuqaliya, İtaliya və s.) SSRİ-nin onunla savaşması hesabına faşizmdən qurtulub inkişaf etdi, SSRİ və ardınca Rusiya özü isə mahiyyətcə stalinizmdən, totalitarizmdən, avtoritarizmdən qurtulmadı və bu gün də həmin bəlalar içərisində  çökmək üzrədir...
 
Bəzi Rusiyameyilli və ya sadəcə marksist, sosial-demokrat düşüncəli şərhçilər iddia edir ki, guya Almaniya daxil olmaqla və ABŞ başda olmaqla elə Qərb dünyası da tənəzzülə doğru gedir. Almaniyada, o cümlədən bir sıra digər Avropa ölkələrində ifrat sağçı qüvvələr qalib gəlməyə başlayıb. Guya bu ölkələrin də iqtisadiyyatı çıxılmaz böhran içərisindədir... Doğrudur, demokratiyadan sui-istifadə edən müəyyən qüvvələr, elə həmin çökməkdə olan və bir növ cəhənnəmə getməyə özünə yoldaş axtaran Rusiya kəşfiyyatının dəstəyi ilə hakimiyyətə gələ bilirlər. Məsələn, elə Trampın özü də ABŞ-ı sanki avtoritarizmə, diktaturaya sürükləyən bir lider kimi görünür... Elə Macarıstandakı Orban, Serbiyadakı Vuçiç, Slovakiyadakı Fitso kimilər də... Lakin bütün bunlar müvəqqəti xarakter daşıyır. Bütövlükdə Birləşmiş Ştatlarda da, Avropa ölkələrində də elə bir idarəçilik sistemləri qurulub ki, artıq yüz illərlə, Polşa, Çexiya, Rumıniya kimi bəzi ölkələrdə azı on illərlə  demokratiyanı dadmış insan toplumları həmin ölkələrin avtoritarizmə meyillənməsinə və ya dərin iqtisadi tənəzzülə düşməsinə imkan verməyəcək...
 
Odur ki, istər bütövlükdə dünyada, Amerikada, Avropada olduğu kimi, Rusiyada və bütün keçmiş sovet respublikalarında 8-9 may tarixləri kiminsə kimin üzərində qələbəsi kimi, xatirə və anım, səhvlərin dərk edilməsi günü kimi qeyd olunmalıdır...
 
Keçmiş sovet xalqlarının, o cümlədən Azərbaycan, elə Rusiya xalqının özünün də 1939-1945-ci illər ərzində verdiyi qurbanlara, yaralılara gəldikdə, Allah həlak olanların hamısına rəhmət eləsin, -mənim babam da Ukrayna cəhbəsində həlak olub... Amma onlar öz canları, qanlarıyla geniş mənada haqq-ədalət uğrunda yox, bir despot, faşist rejiminin digər despot, faşizm üzərində qələbəsini, daha 46 il duruş gətirməsini təmin ediblər. Niyə belədir?.. Özünüz-özünüzə sual edin: Biz sovet xalqı(və Azərbaycan) olaraq hərbi baxımdan Hitler Almaniyasına qalib gəldik. Fəqət müstəmləkəsi olduğumuz, müharibəyə qədərki 25 il ərzində müstəqil demokratik dövlətimizi yıxmış, bizə qarşı ən qəddar reperssiyalar həyata keçirərək xalqımızın qaymağını məhv etmiş, yüz minlərimizin həyatına son qoymuş  sovet-Rus imperiyasından, Stalin rejimindən qurtulduqmu? Əsil insani azadlıq əldə etdikmi?.. Xeyr, qurtula bilmədik, azad ola bilmədik... Düzdü, Stalindən sonra sovet rejimində xeyli yumşalmalar oldu, amma yenə də öz doğma dilimizdə də qorxa-qorxa, çəkinə-çəkinə danışaraq, öz sərvətlərimizə, milli potensialımıza sahib olmadan, 9 iqlimə malik, altı da, üstü də qızıl olan Vətənimizdə quru çörəyə həsrət qala-qala, əti, yağı, şəkəri talonla alaraq daha 40-45 il totalitarizm şəraitində yaşadıq... Və 33 il hüquqi cəhətdən müstəqil olsaq da, leninizmin, stalinizmin fəsadlarını hələ bu gün də həm Moskvadan, həm də daxildən hiss etməkdəyik...
 
Sultan Laçın 
 
Chosen
0
50
moderator.az

10Sources