EN

101 yaşlı veteran - oğlu I Qarabağ savaşında döyüşdü, nəvəsi Vətən Müharibəsində şəhid oldu

Bu gün faşizm üzərində qələbənin 80 ili tamam olur. Tarixə İkinci Dünya müharibəsi kimi düşmüş savaşda Azərbaycandan da 600 min nəfər iştirak edib. Onlardan təxminən yarısı həlak oldu. Vətənə sağ qayıdan 300 min azərbaycanlı veterandan indi 18 nəfəri sağ qalıb.

Modern.az-ın məlumatına görə, faşizm üzərində qələbədə payı olanlardan biri də Füzuli rayonunun sakini Rəşid Mənsim oğlu Qasımovdur.

Maraqlıdır ki, Rəşid kişi Qələbə günündə - 9 may tarixində həm də ad gününü qeyd edir - onun 101 yaşı tamam olur.

Rəşid Qasımov 18 yaşında İkinci Dünya müharibəsinə yollanıb, 1945-ci ildə doğulduğu rayona I qrup əlil kimi qayıdıb. O, hitlerçilərlə döyüşlərin birində sağ ayağını itirib. Müharibədə göstərdiyi şücaətə görə I dərəcəli “Vətən müharibəsi” ordeni ilə təltif edilib.

Müharibədən qayıdandan sonra rayonun təsərrüfat həyatının ön sıralarında olan Rəşid Qasımov aqronom, zootexnik, ferma müdiri, briqadir vəzifələrində çalışıb. 1993-cü ildə məcburi köçkün kimi Göyçay rayonunun Xəlitli kəndində məskunlaşıb.

Rəşid kişinin oğlu və nəvəsi də Qarabağ savaşında iştirak ediblər.

Belə ki, onun oğlu Nofəl Qasımov I Qarabağ savaşı dövründə Füzuli Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb. Nofəl Qasımov 1992-1993-cü illər arasında – müharibənin ən qızğın vaxtlarında təxminən 9 ay Füzuli rayonunun müdafiəsinə rəhbərlik edib.

Daha sonra ata və oğulun yolunu nəvə davam etdirib. Rəşid Qasımovun nəvəsi Səid Rəşidzadə 44 günlük Vətən müharibəsində zabit kimi iştirak edib. Babasının adını özünə soyad götürən Səid 2016-cı ildə baş verən Aprel döyüşlərində Azərbaycanın Milli Qəhrəmanı Polad Həşimovun rəhbərliyi altında vuruşub. Talış yüksəkliyinin düşməndən geri alınmasında iştirak edib.



Səid 2018-ci ildə Ordudan tərxis olunub, ehtiyata buraxılıb. 2020-ci ilin iyulunda baş verən Tovuz döyüşləri zamanı general-mayor Polad Həşimovun şəhid xəbərini eşidəndən sonra könüllü olaraq hərbiyə qayıdıb.

Baş leytenant Səid Rəşidzadə Vətən müharibəsində Füzuli, Hadrut, Xocavənd istiqamətində gedən döyüşlərdə iştirak edib.

Hadrutun girişində Şişqaya deyilən yüksəkliyə bayraq sancan zaman erməni snayperin gülləsi ilə vurulub.
Oktyabrın 11-də Səid şəhid olub, 12-də isə Hadrutun azad olunduğu elan edilib.

Səidin şəhid olduğunu babasından gizlədiblər. Rəşid kişi nəvəsinin şəhidlik zirvəsinə yüksəlməsindən televiziya vasitəsilə xəbər tutub.

Keçmiş icra başçısı, şəhid Səid Rəşidzadənin atası Nofəl Qasımov 101 yaşlı atası Rəşid kişi haqqında belə deyib:



“Atam əvvəlcə 50-ni də aşırdı, indi də 100-ü çatdı, gerisi uca Allaha bağlıdır. Haqqına yaşadı, ədalətli yaşadı, zəhmətlə yaşadı, İkinci Dünya müharibəsində vuruşdu, Qarabağ müharibəsinin acılarını gördü, amma əyilmədi, sınmadı.

Həyatımda nəyi düz etmişəmsə, atamdan öyrənmişəm, səhvlərimsə öz günahımdı.

Doğma Füzuli rayonunda 100 yaşı keçən 3 kişi vardı, atam Rəşid Mənsim oğlu Qasımov 4-cü kişi oldu.

Ağlım kəsənnən atamı əli silahlı görmüşəm, deyir ki, 41-45 müharibəsindən vərdişkar olub, silahsız arxayın ola bilmir. Əlindəki qoşa lülənin də təxminən atam qədər yaşı var.

Doğum günün mübarək,silahın hər zaman yanında olsun yoldaş Qasımov, çox yaşa!"

Ə.Qafarlı

Chosen
0
50
modern.az

10Sources