EN

Türkmənistan pomidorunun ümidinə qalanda axırımız elə belə olar...


Akif Nəsirli: “Elə şərait yaradılmalıdır ki, fermer əkdiyi pomidordan qazanc əldə edə bilsin, qazanc olarsa məhsul da bol olar”

Bu gün Azərbaycanın “Zirə” pomidoru Rusiya və digər ölkələrin bazarlarında keyfiyyətli adı ilə tanınır. Azərbaycan istehsalı olan pomidora təlabat yüksəkdir. Buna baxmayaraq, ölkəmizə yenə pomidor idxal olunur. Bu günlərdə Türkmənistandan ölkəmizə idxal olunan pomidorda qonur qırışıqlıq virusu aşkarlanıb və pomidor idxalına qadağa qoyulub.

Qeyd etdiyimiz kimi, ölkəmizin daxildə məşhur pomidor sortları yetişdirilir.Görünür ki, daxili istehsal tələbatı ödəmədiyi üçün xaricdən, o cümlədən Türkmənistandan idxal zərurəti yaranır.Ancaq daxildə yetərli istehsal olsa, Türkmənistan kimi ölkələrə möhtac olmasaq, belə xoşagəlməz hadisələrlə üzləşmərik. Bəs daxili istehsal hesabına təlabatı tam ödəmək üçün hansı işlər görülməlidir?

“Azərbaycanda pomidor, xiyar və digər istixana məhsullarının yetişdirilməsini genişləndirmək üçün fermerlərə güzəştli yanacaq verilməlidir”

Liberal İqtisadçılar Birliyinin sədri Akif Nəsirli “Bakı-Xəbər”ə şərhində bildirdi ki, Azərbaycanda pomidor, xiyar və digər istixana məhsullarının yetişdirilməsini genişləndirmək üçün fermerlər güzəştli yanacaq verilməlidir: “Məsələn, istixanalarda yandırılan qaz fermerlərə güzəştli şərtlərlə verilə bilər. Həmçinin, mövsum zamanı pomidorun satışının təşkili ilə bağlı hökumət müəyyən logistik bazar və inzibati əngəlləri aradan qaldırmalıdır. Məlumdur ki, bir aydan sonra ölkədə pomidor yetişməsi, satışı ilə bağlı problem olmayacaq. Həmin pomidorların xarici bazarlara, xüsusilə də Rusiyaya göndərilməsini asanlaşdırmaq, çətinlikləri yüngülləşdirmək lazımdır. Süni əngəllər aradan qaldırılmalıdır ki, pomidorlar vaxtında xarici bazara çıxa bilsin. Üstəlik, dəmiryolu xətti ilə daşımalar həyata keçirilməsinə şərait yaradılmalıdır. Elə şərait yaradılmalıdır ki, fermer əkdiyi pomidordan qazanc əldə edə bilsin. Qazanc olarsa, fermer pomidor əkinini genişləndirəcək. İlk öncə daxili təlabatı təmin etmək lazımdır. Xatırladım ki, ötən ilin yay aylarında belə ölkəmizə pomidor idxal edildi. Bu daha çox hava şəraiti ilə bağlı idi. İstənilən halda fermeri stimullaşdırmaq lazımdır. Onu da deyim ki, yaxın günlərdə havanın temperaturu 25 dərəcəni keçəcək. Bununla da istixanalar yay rejimində fəaliyyətlərini davam etdirəcək. Bununla da pomidorun baha satıldığı dövr başa çatacaq və adıçəkilən məhsulun qiyməti sürətlə ucuzlaşacaq”.

Günel CƏLİLOVA

Chosen
0
baki-xeber.com

1Sources