EN

Təmiz su içmək niyə problemə çevrilib?

İçməli suyun keyfiyyətinə heç kim zəmanət vermir, əvəzində isə...

Hamımız içdiyimiz sudan, onun keyfiyyətindən zaman-zaman şikayətlənirik. Ekspertlər də söyləyir ki, Bakı, Abşeron zonasında əhaliyə verilən içməli suyu “içməli su” adlandırmaq olmaz. Çünki istər bu suyun tərkibində olan ağır metallar, istərsə xlor normadan çoxdur. Eyni zamanda PH, qələviliyin aşağı olmasına görə bu suyu içməli su adlandırmaq olmaz. Bu su daha çox texniki suya yaxındır.

Ekspertlər iddia edirlər ki, ümumiyyətlə, insanların içməli suya olan tələbatı iqlimdən asılıdır. Orta hesabla 1 nəfər gün ərzində qida ilə birlikdə 3-6 litrə qədər su qəbul edir. Suda orqanizmin normal inkişafı üçün lazım olan üzvi və qeyri-üzvi maddələr var. Lakin içdiyimiz suyun tərkibində orqanizm üçün zərərli maddələr az deyil. Həmin zərərli maddələrin insan sağlamlığına mənfi təsirini azaltmaq və aradan qaldırmaq üçün suyun təmizlənməsi lazımdır.

Qeyd edək ki, mütəxəssislər içməli suyun tərkibində olan kənar qarışıqların yol verilən həddini müəyyənləşdirib və buna uyğun olan dövlət standartlarını təyin ediblər. Bu standartlarda içməli su mənbələrinin seçilməsində də xüsusi tələblər qoyulub.

Araşdırmalar sübut edib ki, içməli su mənbələrindən ən təmiz hesab olunanı artezian sularıdır. Lakin bu sular da mineral tərkibinə görə istehlakçıların tələbini heç də həmişə ödəmir. Digər tərəfdən, yaşayış məntəqələrinin hamısının artezian suyu ilə təmin edilməsi üçün bu sular lazımi miqdarda mövcud deyil. Nəzəri cəhətdən yağış suları da təmiz hesab olunur. Lakin onlar yerə çatana qədər atmosferdə çirklənir. Belə ki, yağış buluddan yer səthinə qədər olan məsafədə tozla qarışır və müxtəlif qazları, o cümlədən karbon, azot və nəqliyyatın kənar etdiyi qazları özündə həll edir. Bu səbəbdən yağış suları sağlamlıq üçün çox təhlükəlidir və içmək üçün yararlı deyil. Bu suların təmizlənməsi isə texnoloji cəhətdən həddən artıq çətindir.

Elçin

Sağlam Cəmiyyət Hərəkatının rəhbəri, sosioloq  Elçin Bayramlı mətbuata açıqlamasında bu mövzudakı araşdırmalara zaman-zaman toxunub. Onun sözlərinə görə, hazırda Bakı və Abşeronda təbii su qəbul etmək qeyri-mümkündür: “Müxtəlif ölçmələr apardıqda da bunu aydın şəkildə görmək olur. Üstəlik, keçən il Amerikanın məşhur "Yale" Universitetinin dünyanın 170 ölkəsi arasında apardığı hesabatda Azərbaycan 140-cı yerlərdə qərar tutmuşdu. Bizim ölkə ən çirkli və yararsız suyu olan ölkələrdən sayılır. Belə vəziyyətdə əhalinin təmiz su içmək imkanı demək olar ki, yoxdur. Çünki alternativ variantlar heç də sağlam, təbii su qəbul etməyə imkan vermir. Filterdən keçən su kimyəvi birləşmələri, xloru təmizləyir, bəli, amma faydalı mineralları da sudan götürür. Bu su tamamilə boş, “ölü” su sayılır. Yəni filterlənmiş su da faydalı su deyil.

Digər üsullarla - pambıqdan süzməklə suyun kimyəvi tərkibi heç cür təmizlənə  bilməz, effektsizdir. Qaynadılmış su da “ölü su”  sayılır, onun heç bir müsbət təsiri yoxdur. Mağazalarda satılan qablaşdırılmış sular da filtirlənmiş, “ölü su”dur. Qısası, Bakı, Abşeron zonasında faktiki olaraq təbii içməli su qəbul etmək imkanı yoxdur".

Ekspert bildirib ki, sudan faydalanmağımız mümkünsüz olsa da, bəzi üsullarla onun zərərlərindən qorunmaq olar: “Əgər çıxış yolunu soruşsanız, heç bir məsləhət verə bilmərəm. Bu məsələdə bizə suyun faydası lazım deyil, çalışıb onun zərərindən qorunmalıyıq. Sular filter aparatından keçiriləndə fayda verməsə də, ən azından zərərsiz olur. Faydalı minerallar itsə də, ən azından bu suda olan təhlükəli maddələr, xlor uzaqlaşdırılır. Təəssüf ki, bu istiqamətdə ciddi bir iş görmürük. Düzdür, son dövrlərdə Oğuz-Qəbələ-Bakı su kəməri çəkilib, bu su digərlərinə nisbətən yaxşıdır, amma nəzərdə tutulan normadan iki dəfə az su götürülür və Bakı əhalisinin üçdə birini təmin edir. Üstəlik, bu su əksər hallarda digər sularla qarışdırılır. Beləliklə, o da öz keyfiyyətini itirmiş olur.

Sumqayıtda dünya standartlarına uyğun su təmizləyici zavod tikilir, amma bu zavod da Bakı-Abşeron əhalisinin tələbatının maksimum 30 faizini ödəmək iqtidarındadır. Orada təmizlənən su dünya standartlarına cavab verir, amma çox az əhalini təmin edə bilər.

Bütün Bakını təmin etmək üçün belə zavodların sayı və gücü artırılmalıdır. Hazırda təəssüf ki, biz bu barədə danışa bilmərik. Saf suyun içilməsi Bakı-Abşeron zonasında faktiki olaraq mümkün deyil".

Keyfiyyətsiz su içən təkcə biz deyilik...

Ölkəmizdə içməli su problemi getdikcə aktuallaşmaqdadır. İçməli su çatışmazlığı ilə üzləşə bilmə ehtimalının artması, nəinki Azərbaycanı, əksər dövlətləri problemin həlli istiqamətində daha ciddi düşünməyə sövq edir. Çünki içməli suyun həcmi eyni qalsa da, suya olan tələbat ildən-ilə artır. Hazırda Yer kürəsindəki su ehtiyatının 97,5 faizi şor, yalnız 2,5 faizi içməli sudan ibarətdir. Yer kürəsində ümumi su balansı sabit saxlanıldığı halda, təxminən son 50 ildə məişətdə su sərfi 31, sənayedə 39, kənd təsərrüfatında isə 28 dəfə artıb. Nəticədə dünyada hər 6 insandan biri içməli su çatışmazlığından əziyyət çəkir. Beynəlxalq təşkilatların hesablamalarına görə, su ilə bağlı xəstəliklər təxminən hər səkkiz saniyədə 1, bir saatda 450, bir gündə 10 min 800, bir ayda 324 min, bir ildə isə 3 milyon 888 min uşağın ölümünə səbəb olur. İnkişaf etməkdə olan ölkələrdə 80 faiz xəstəliklər standartlara uyğun olmayan içməli sudan istifadə ilə bağlıdır. Ümumdünya Səhiyyə Təşkilatının açıqlamasına görə, hazırda dünya əhalisinin 80 faizi keyfiyyətsiz, 40 faizi isə çirkli, ziyanlı sudan istifadə edir. Araşdırmalara görə, dünyanın əksər ölkələrində təmiz su ilə təmin olunmaq kəskin problemə çevrildiyindən eybəcər, qüsurlu, müxtəlif fəsadlarla doğulan körpələrin sayı 12-14 faiz, bir yaşa qədər ölənlərin sayı isə təxminən 18-20 faiz artıb.

Müasir dünyamızda çirkli su həm də bir çox xəstəliklərin əsas səbəblərindən biridir. Dünyada içməli sudan istifadə edə bilməyən insanların sayı 2 milyardı ötüb. Suyun təmizlənməsi və daşınmasına çəkilən xərclər dünyada il ərzində təqribən 90 milyard dollar (2015-2025-ci illərdə bu xərclər 2-3 dəfə arta bilər) təşkil etsə də, problemin həllinə nail olmaq mümkün olmayıb. Bu kontekstdən çıxış edən ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin 2020-ci ilə qədər hazırladığı proqnozlara görə, 2020-ci ilədək inkişaf etmiş ölkələrin bir-biri ilə yanacaq resursları üstündə deyil, məhz içməli su üstündə savaşacaqları ehtimalı daha böyükdür.

Əsas təbii su hövzəsi olan Xəzər dənizinə bütün mənbələrdən ildə təxminən 12 mlrd. kub.m çirklənmiş sular axıdılır ki, bunun da 80 faizi Rusiyanın payına düşür. Azərbaycan ərazisindən isə dənizə hər il 250 mln. kub.m-dən artıq çirkli su axıdılır. Nəticədə Bakı buxtasında 60 mln. kub.m-dən çox çirkləndirici maddələr toplanıb.

Kürün suyunun 74%-i isə Gürcüstan və Ermənistan ərazilərindən formalaşır və həddən artıq çirklənməyə məruz qalır. Hesablamalar göstərir ki, Kür çayı hövzəsinə Ermənistandan (Arazla) ildə orta hesabla 300 mln.kub.m, Gürcüstandan 265 mln.kub.m, Azərbaycandan isə 25 mln.kub.m çirklənmiş su atılır və nəticədə Kür çayı suyunun mis, sink, fenol, neft məhsulları və s. zərərli maddələrlə həddən artıq çirklənməsi müşahidə edilir.

Bundan başqa, təmizlənməmiş təsərrüfat-məişət çirkab suları ilə çaya ildə 40 min ton üzvi maddələrin axıdılması oksigenin biokimyəvi istifadəsinin kəskin artmasına səbəb olur. Kür çayında fenolların miqdarı normadan 10 dəfə, karbohidrogen isə 36 dəfə artıqdır.

Yazını hazırladı:  Sevinc TELMANQIZI

Chosen
0
musavat.com

1Sources