Sabunçu Rayon İcra Hakimiyyətinin təşkilatçılığı və “Xarı bülbül” instrumental ansamblının iştirakı ilə Bakı Gənclər Mərkəzində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102 illiyinə həsr olunmuş konsert proqramı təşkil edilib.
“Qafqazinfo” xəbər verir ki, tədbirdə Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev, millət vəkilləri Fazil Mustafa və Arzuxan Əlizadə, YAP Sabunçu rayon təşkilatının sədri Araz Xudadanov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul əməkdaşları, Rayon İcra Hakimiyyəti başçısının qəsəbə inzibati ərazi dairələri üzrə nümayəndələri, bələdiyyə sədrləri, Vətən müharibəsi iştirakçıları, qazilər, şəhid ailələri, rayon ərazisində fəaliyyət göstərən təhsil, səhiyyə, mədəniyyət, idman, gənclər və sosial xidmət müəssisələrinin nümayəndələri, qeyri-hökumət təşkilatları və rayon ictimaiyyətinin digər nümayəndələri iştirak ediblər.
İlk olaraq tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək əziz xatirəsini ehtiramla yad ediblər.
Azərbaycan Dövlət Himni səsləndirildikdən sonra tədbir iştirakçıları ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda qəhrəmancasına şəhid olan vətən övladlarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Tədbirdə “Xarı bülbül” instrumental ansamblının müşayiəti ilə Xalq artistləri Nəzakət Teymurova və Teyyub Aslanov və xanəndə Yaqut Xəlilzadənin ifasında sevilən xalq və bəstəkar mahnıları səsləndirilib.



