EN

Cənub-Şərqi Asiyada Güclənən Diplomatiya: Azərbaycan və Vyetnam Əməkdaşlığı

Prezident İlham Əliyevlə Vyetnam Kommunist Partiyasının Baş Katibi arasında görüş baş tutdu.

Bu görüş çərçivəsində Azərbaycan və Vyetnam arasında strateji tərəfdaşlıq haqqında birgə bəyanat imzalandı. Həmçinin energetika, müdafiə sənayesi, mədəniyyət, ədliyyə, rəqəmsal inkişaf, elm və texnologiyalar kimi müxtəlif sahələri əhatə edən əməkdaşlıq sənədləri də tərəflər arasında təsdiqləndi. Bu sənədlərin imzalanması, şübhəsiz ki, Azərbaycan-Vyetnam münasibətlərində yeni bir mərhələnin başlanğıcı kimi dəyərləndirilə bilər.

Azərbaycan ilə Vyetnam arasında əməkdaşlıq üçün geniş potensial mövcuddur. Bu potensialın reallaşdırılması baxımından imzalanan sənədlər xüsusi əhəmiyyət daşıyır. Azərbaycan 2020-ci ilə qədər xarici siyasətində əsas prioritet olaraq ərazi bütövlüyünün bərpasını qarşıya məqsəd qoymuşdu. Bu məsələnin uğurla həll olunmasından sonra ölkəmiz xarici siyasətində yeni mərhələyə keçmiş, müxtəlif regionlarda yerləşən dövlətlərlə əlaqələrin inkişafını prioritet seçmişdir.

Bunu NOCOMMENT.az-a açıqlamasında Bakı Dövlət Universitetinin (BDU) Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin müəllimi, politoloq Sultan Zahidov deyib.

Bu strategiya çərçivəsində biz bu gün Azərbaycanın Afrika, Latın Amerikası və Uzaq Şərq ölkələri ilə fəal şəkildə əlaqələr qurduğunun, mövcud münasibətləri daha da inkişaf etdirdiyinin şahidi oluruq. Vyetnam isə Cənub-Şərqi Asiyada özünün iqtisadi və turizm potensialı ilə aparıcı dövlətlərdən biridir. Bu baxımdan, Azərbaycan-Vyetnam əməkdaşlığı hər iki ölkə üçün yeni imkanlar açır, qarşılıqlı faydalı əməkdaşlıq üçün zəmin yaradır.

Eyni zamanda bu əməkdaşlıq Azərbaycanın Cənub-Şərqi Asiya regionunda nüfuzunun və statusunun daha da yüksəlməsinə səbəb olacaq, ölkəmizin maraqlarının təmin olunmasına və inkişafına töhfə verəcəkdir. Azərbaycanın xarici siyasətinin əsas prinsiplərindən biri müxtəlif regionlardakı dövlətlərlə bərabərhüquqlu əməkdaşlıq əlaqələri qurmaq və bu əlaqələri gücləndirməkdir.

Bu gün Azərbaycan regional və beynəlxalq səviyyədə bir çox mühüm məsələlərin və problemlərin həllində fəal iştirak edir. Bu iştirak ölkəmizin digər dövlətlərlə sıx təmas qurmasına, məlumat və təcrübə mübadiləsi aparmasına və əməkdaşlığın dərinləşdirilməsinə ehtiyac yaradır.

Azərbaycan Qoşulmama Hərəkatına sədrlik etdiyi dövrdə təşəbbüskar mövqeyi ilə seçilmiş, xüsusilə pandemiya dövründə qlobal Cənub ölkələri üçün mühüm təşəbbüslərlə çıxış etmişdir. Bu təşəbbüslər öz müsbət nəticələrini verməkdədir. Digər tərəfdən, xatırlatmaq yerinə düşər ki, 2020-ci il oktyabrın 19-da BMT Təhlükəsizlik Şurasında Azərbaycan əleyhinə təqdim olunmuş qətnamə layihəsinin qəbul edilməməsində Vyetnam və digər Qoşulmama Hərəkatı ölkələrinin səsi mühüm rol oynamışdır. Bu isə Azərbaycanın uğurlu diplomatiyasının nəticəsi kimi qiymətləndirilməlidir.

Nəticə etibarilə, Vyetnam Azərbaycan üçün həm diplomatik, həm də iqtisadi cəhətdən strateji tərəfdaşlardan biri kimi ön plana çıxır və bu əlaqələrin inkişafı hər iki dövlət üçün böyük əhəmiyyət daşıyır.

 

Elnur Quliyev

 

Chosen
0
nocomment.az

1Sources