EN

Milli Məclisin “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusuna həsr olunmuş xüsusi iclası keçirilib » AzadMedia.az



Mayın 8-də Azərbaycan Respublikası Milli Məclisinin “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusuna həsr olunmuş xüsusi iclası keçirilib.
İclası açan spiker Sahibə Qafarova bildirib ki, bugünkü xüsusi iclas “Konstitusiya və Suverenlik İli” çərçivəsində keçirilir və onun Ümummilli Lider Heydər Əliyevin doğum günü ərəfəsində keçirilməsi iclasa xüsusi əhəmiyyət verir.
Spiker qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin sərəncamı ilə 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunması ölkəmizin həyatında üç mühüm dönüş nöqtəsinin tarixi əhəmiyyətini ifadə edir. Müstəqil dövlətimizin ilk Konstitusiyasının qəbul edilməsi, İkinci Qarabağ müharibəsinin və antiterror əməliyyatının qələbələrlə başa çatdırılması, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunması xalqımızın taleyi ilə bağlı olan müstəsna əhəmiyyətli hadisələrdir.
Milli Məclisin sədri deyib ki, müasir Azərbaycanın tarixi Ulu Öndər Heydər Əliyevin milli qurtuluşun və davamlı inkişafın təcəssümünə çevrilmiş fəaliyyəti ilə qırılmaz surətdə bağlıdır. Ulu Öndər xalq və vətən yolunda göstərdiyi misilsiz xidmətləri ilə öz adını Azərbaycan tarixinə qızıl hərflərlə yazmışdır. Heydər Əliyev şəxsiyyəti hər bir azərbaycanlı üçün müdriklik, əzmkarlıq və vətənə sədaqət rəmzidir. Onun ölməz ideyaları bugünkü və gələcək nəsillərin əməllərində yaşayır və daim yaşayacaq.
Çıxışında 1991-ci il oktyabrın 18-də dövlət müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın mürəkkəb çağırışlar qarşısında qalmasına diqqət çəkən Sahibə Qafarova bildirib ki, dövlət idarəçiliyində yol verilən kobud səhvlər, həyatın bütün sahələrini bürüyən dərin böhran, Ermənistan silahlı qüvvələri tərəfindən torpaqlarımızın işğal edilməsi, milli həmrəyliyin pozulması, separatizm meyillərinin güclənməsi, vətəndaş müharibəsi təhlükəsinin yaranması müstəqil dövlətimizin varlığını ciddi təhlükə altına almışdı.
Spiker bildirib ki, məhz belə bir ağır şəraitdə xalqın təkidli tələbi ilə 1993-cü il iyunun 15-də Ümummilli Lider Heydər Əliyevin ali dövlət hakimiyyətinə qayıtması, Ali Sovetin sədri və 4 ay sonra xalqın yekdil iradəsi ilə Prezident seçilməsi destruktiv proseslərin və hadisələrin qarşısını almağa, ölkədə vəziyyəti sabitləşdirməyə imkan verdi. Vurğulanıb ki, Heydər Əliyev millətin taleyi üçün məsuliyyəti üzərinə götürdü və sarsılmaz iradəsi, zəngin dövlətçilik təcrübəsi və siyasi nüfuzu sayəsində qardaş qırğınının qarşısını almağa, xalqı Azərbaycançılıq ideyası ətrafında birləşdirməyə, dövlət müstəqilliyimizi xilas etməyə nail oldu.
Qeyd olunub ki, Ulu Öndərin Azərbaycan xalqı qarşısında ən böyük xidmətlərindən biri də onun rəhbərliyi ilə müstəqil dövlətimizin ilk Konstitusiyasının hazırlanmasıdır. 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş Konstitusiyamız dünyanın ən demokratik qanunları ilə müqayisə oluna bilər. Azərbaycanın əsas qanunu ölkəmizdə hüquqi, demokratik və dünyəvi dövlət quruculuğunun proqram sənədidir. Bu fikrin düzgünlüyü özünü ilk növbədə onda göstərir ki, dövlətimiz bütövlükdə Konstitusiya əsasında qurulmuşdur və fəaliyyət göstərir.
Spiker Konstitusiyada hüquqi dövlətin əsas prinsiplərindən biri olan hakimiyyət bölgüsünün geniş əks etdirildiyini, qanunvericilik hakimiyyətinin Milli Məclis tərəfindən həyata keçirilməsinin təsbit olunduğunu söyləyib. Onun sözlərinə görə, həm bu baxımdan, eyni zamanda, Ulu Öndərin peşəkar qanunvericilik orqanının formalaşmasına verdiyi töhfələri nəzərə alaraq, biz qürurla söyləyirik ki, Heydər Əliyev müstəqil Azərbaycan dövlətçiliyinin memarı və qurucusu, Konstitusiyamızın yaradıcısı olduğu kimi, bugünkü Azərbaycan parlamentinin də banisidir.
Spiker çıxışında deyib ki, ötən dövrdə xalqımız Konstitusiyada bəyan edilən demokratiya, ədalət və qanunun aliliyi yolu ilə inamla addımlamışdır. Xüsusən, Ulu Öndərin başladığı işləri yeni tarixi şəraitdə layiqincə davam etdirən möhtərəm cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikası son 22 ildə böyük uğurlar, misilsiz və qürurverici qələbələr ilə dolu olan inkişaf yolu keçmişdir. Möhtərəm cənab Prezidentin xalqımızın və dövlətimizin bu günü və gələcəyi ilə bağlı strateji baxışının reallaşdırılması Azərbaycanı siyasi, iqtisadi və hərbi cəhətdən güclü bir dövlətə, Cənubi Qafqazın liderinə və beynəlxalq aləmdə söz sahibinə çevirmişdir.
Sahibə Qafarova Bakı-Tbilisi-Ceyhan və Cənub Qaz Dəhlizi kimi nəhəng layihələrin reallaşması ilə ölkəmizin Avrasiyanın önəmli energetika mərkəzinə çevrilməsindən söz açıb, infrastruktura, nəqliyyata, sənaye və kənd təsərrüfatına böyük sərmayələr qoyulduğunu, yoxsulluğun azaldılması, həyat səviyyəsinin yüksəldilməsi, sosial sahənin modernləşdirilməsi ilə bağlı genişmiqyaslı proqramların həyata keçirildiyini qeyd edib.
Milli Məclisin sədri bildirib ki, dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan mühüm qlobal və regional təşəbbüs və layihələrin müəllifi və fəal iştirakçısı olub. Ölkəmiz Qoşulmama Hərəkatında, digər beynəlxalq təşkilatlarda mövqelərini möhkəmləndirib, islam dünyası və türk birliyi ilə əlaqələrini genişləndirib. Vurğulanıb ki, Bakı beynəlxalq forumların və sammitlərin keçirildiyi bir məkana çevrilib.
Çıxışında dövlətimizin beynəlxalq səviyyədə tanınmış ərazisinin 20 faizinin Ermənistan tərəfindən işğal edilməsinə toxunan Sahibə Qafarova Azərbaycanın 30 ilə yaxın müddətdə böyük ədalətsizlik ilə üz-üzə qalmasından danışıb. Bildirilib ki, bu dövrdə şəhər və kəndlərimiz yer üzündən silinmiş, milli-mənəvi və tarixi mirasımız talan edilmiş, yüz minlərcə soydaşımız, əslində, bütün xalqımız köçkünlük taleyinin ağrı-acısını yaşamışdır. Bütün bu illər ərzində Azərbaycan problemin dinc yolla nizama salınmasına çalışıb. Bəzi qlobal oyunçuların laqeydliyinə və fəaliyyətsizliyinə baxmayaraq, dövlətimiz özünün haqlı mövqeyindən bir addım da geri çəkilməyib.
Spiker təəssüf hissi ilə qeyd edib ki, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası üçün göstərilən cəhdlər bir nəticə vermədi. Çünki ölkəmizin işğal edilmiş ərazilərinin aqibəti barəsində dünyanın böyük güclərinin başqa planları var idi.
O, bildirib ki, nəhayət, möhtərəm cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə yaradılmış böyük potensial, güclü ordu və sarsılmaz milli birlik Ulu Öndərin müəllifi olduğu müasir dövlətçilik konsepsiyasının ən mühüm istiqamətlərindən birində möhtəşəm uğurlar əldə etməyə imkan verdi. Müzəffər Ali Baş Komandanın sərkərdəlik məharəti və Azərbaycan Silahlı Qüvvələrinin döyüş əzmi və rəşadəti, hərbi-texniki və mənəvi-psixoloji hazırlığı 2020-ci ilin payızında 44 günlük Vətən müharibəsində və 2023-cü ilin sentyabrında bir günlük antiterror əməliyyatında tarixi qələbələri təmin etdi. Azərbaycan torpaqlarının 30 illik işğalına son qoyuldu, dövlətimizin ərazi bütövlüyü və suverenliyi, tarixi ədalət bərpa olundu. Ümummilli Lider Heydər Əliyev tərəfindən başladılmış tarixi missiyanın layiqincə başa çatdırılması ölkəmizin bütün ərazisində Konstitusiyamızın hüquqi qüvvəsini də bərpa etdi.
Spiker vurğulayıb ki, bunlar, sadəcə qələbələr deyildi, dağıntı mənzərələrini ümid rəmzinə çevirməyə qadir olan milli ruhun təntənəsi idi. Azərbaycan öz hüquqlarını bərqərar etmək üçün beynəlxalq hüquq çərçivəsində necə hərəkət etməyin lazım olduğu baxımından bütün dünyaya nümunə göstərdi.
Milli Məclisin sədri deyib ki, bu gün möhtərəm cənab Prezidentin rəhbərliyi və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın fəal iştirakı ilə azad Qarabağda və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir. Şəhər və kəndlər bərpa olunur, yollar çəkilir, müasir infrastruktur yaradılır, tarix və mədəniyyət abidələri bərpa olunur. Məcburi köçkün soydaşlarımız ata-baba torpaqlarına qaytarılır. Qalib xalqımız vandallar tərəfindən viran qoyulmuş yurd yerlərini gülüstana çevirərək qurucu xalq olduğunu da dünyaya nümayiş etdirir.
Spiker məmnunluqla qeyd edib ki, son 32 ildə həyata keçirilən dövlət quruculuğu proseslərində Azərbaycan parlamenti də mühüm rol oynayıb. Milli Məclis 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin 4 aylıq sədrliyi dövründə yaradılmış ənənələrinə sadiq qalaraq, eyni zamanda, dövlət başçısı cənab İlham Əliyevin tövsiyələrini nəzərə alaraq, suverenlik və milli maraqların qorunması sahəsində qarşıya qoyulan məqsədlərin əldə edilməsinə kömək göstərir, milli təhlükəsizlik məsələlərinin həllinə, Konstitusiyada bəyan edilmiş prinsiplərin və dəyərlərin qorunmasına töhfə verir.
Çıxışının sonunda Sahibə Qafarova “Konstitusiya və Suverenlik İli”ndə uğurlarımızla yanaşı, gələcək barəsində düşüncələrini də bölüşüb. Spiker böyük və şərəfli bir tarixin varisi olan xalqımızın gələcəyə böyük ümidlərlə baxdığını vurğulayıb.
O, əminliklə söyləyib ki, möhtərəm cənab Prezident İlham Əliyevin uzaqgörən və qətiyyətli siyasəti Qərbi Azərbaycandan qaçqın düşmüş soydaşlarımızın doğma yurdlarına qaytarılması kimi ümummilli məqsədi də gerçəyə çevirəcək və Azərbaycan davamlı inkişaf yolu ilə irəliləməkdə davam edərək yeni tarixi qələbələrə imza atacaq.
Sonra plenar iclasda ideya müəllifi Milli Məclisin sədri Sahibə Qafarova olan “İlk milli Konstitusiyamız və Suverenliyimiz” adlı sənədli film nümayiş etdirilib.
Parlament Aparatında hazırlanmış bu sənədli film Azərbaycan Respublikasının ilk Konstitusiyasının qəbulunun 30 illiyinə, Vətən müharibəsində Azərbaycan xalqının Zəfərinin 5-ci ildönümünə, ölkənin ərazi bütövlüyünün və suverenliyinin bərpasına həsr olunub.
Film deputatlar tərəfindən böyük maraqla izlənilib.
Sonra iclasda mövzu ilə bağlı deputatların çıxışları dinlənilib.
Milli Məclis sədrinin birinci müavini Əli Əhmədov, sədr müavinləri Ziyafət Əsgərov, Musa Qasımlı, komitə sədrləri Fazil Mustafa, Siyavuş Novruzov, Musa Quliyev, Şahin İsmayılov, Tahir Rzayev, Hicran Hüseynova, Zahid Oruc, Əli Hüseynli, deputatlar Aydın Hüseynov, Pərvin Kərimzadə, Bəhruz Məhərrəmov, Rizvan Nəbiyev, Azər Badamov, Nurlan Həsənov, Vüqar Bayramov, Elşən Musayev, Tural Gəncəliyev, İlham Məmmədov, Tahir Mirkişili, Kamal Cəfərov, Qüdrət Həsənquliyev, Jalə Əliyeva öz fikirlərini bölüşüblər.
Bildirilib ki, Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə Azərbaycan Respublikasında 2025-ci il “Konstitusiya və Suverenlik İli” elan edilib. Milli dövlətçilik dəyərlərimizə, siyasi tariximizə ali ehtiramın təcəssümü olan bu qərar siyasi irsimizin, müstəqillik salnaməmizin, suverenlik mübarizəmizin, torpaqlarımızın azad edilməsi nəticəsində konstitusion hüquqlarımızın tam bərpasının dərindən öyrənilməsi və təbliği, bu istiqamətlərdə yeni hüquqi, siyasi, elmi araşdırmaların aparılması, müasir inkişaf mərhələsində qarşımızda dayanan ideoloji vəzifələrin müəyyən edilməsi baxımından böyük əhəmiyyətə malikdir.
Millət vəkilləri bu il xalqımızın müəllifi Ümummilli Lider Heydər Əliyev olan ilk milli Konstitusiyamızın qəbul edilməsinin 30-cu ildönümünü qeyd etdiyini söyləyərək, bu Ali sənədin Ulu Öndərin zəngin siyasi və dövlətçilik irsinin parlaq nümunələrindən biri olduğunu vurğulayıblar. Bildirilib ki, 1995-ci ilin 12 noyabrında ümumxalq referendumu ilə qəbul olunmuş müstəqil Azərbaycanın ilk Konstitusiyasında dövlətimizin siyasi sistemi, insan hüquq və azadlıqları, iqtisadi münasibətlər, sosial təminatlar kimi mühüm müddəalar öz əksini tapıb, habelə ölkəmizin bugünkü hərtərəfli inkişafı, dövlətimizin dünyada özünəlayiq yer tutması ilə bağlı məsələlər ehtiva olunub.
Deputatlar mayın 10-da Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünün tamam olduğunu deyərək, onun müasir müstəqil Azərbaycan dövlətinin qurulmasında müstəsna rolundan danışıblar. Bildirilib ki, ölkəmizdə hər il Heydər Əliyevin doğum gününün yüksək coşqu ilə qeyd edilməsi xalqımızın Ulu Öndərin misilsiz tarixi xidmətlərinə verdiyi yüksək dəyərin, hörmət və ehtiramın ifadəsidir.
Qeyd olunub ki, müstəqilliyimizin ilk illərində ölkənin məruz qaldığı hərbi təcavüz, Ermənistan-Azərbaycan münaqişəsinin ağır nəticələri fonunda, ölkədaxili gərgin proseslərdə xalqımızın yeganə ümid yeri məhz görkəmli dövlət və siyasi xadimi Heydər Əliyev olub. Vurğulanıb ki, belə bir mürəkkəb şəraitdə xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdan Ulu Öndər Azərbaycanın müstəqilliyinin əbədi, dönməz və daimi olmasına, ölkədə sabitliyə, əmin-amanlığa, siyasi islahatlara, demokratikləşməyə, iqtisadi tərəqqiyə, sosial inkişafa nail olub.
Öz mənalı və zəngin ömrünü bütövlükdə millətinə, xalqına, Vətəninə və dövlətinə həsr etmiş Heydər Əliyevin hər zaman demokratik dəyərlərə, ədalət prinsiplərinə sadiq olduğu söylənilib. Qeyd olunub ki, xalqımızın tarix boyu arzuladığı milli dövlətçilik amalları məhz Heydər Əliyev dövründə gerçəkləşdirilərək müstəqil Azərbaycan dövləti qurulub. Dövlət müstəqilliyimizin bərpası bizə azərbaycançılıq məfkurəsi ətrafında sıx birləşərək beynəlxalq hüququn subyektinə çevrilmək və demokratik, hüquqi, dünyəvi dövlət qurmaq imkanı yaradıb.
Nəzərə çatdırılıb ki, daim xalqın mənafeyini düşünən Ulu Öndər həmişə Azərbaycanlı olması ilə fəxr edib. Onun rəhbərliyi dövründə ölkəmizdə qanunçuluğun möhkəmlənməsi, strateji əhəmiyyətli sənaye müəssisələrinin inşası sayəsində Azərbaycan yüksək iqtisadi göstəricilərə nail olub. Ümummilli Liderin apardığı sosial-iqtisadi islahatlar nəticəsində ölkəmiz iqtisadi sabitlik və inkişaf dövrünə qədəm qoydu. Onun qurduğu müasir Azərbaycan dövlətinin daxili siyasətində, sosial ədalət, sosial rifah, sosial müdafiə xətti həmişə prioritet istiqamət kimi müəyyən olunur.
Çıxışlarda bu gün Ümummilli Liderin siyasi irsini, uzaqgörən müstəqil, demokratik dövlətçilik strategiyasını ləyaqətlə davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə edilən nailiyyətlər yüksək qiymətləndirilib. Qeyd olunub ki, dövlətin iqtisadi gücünün, siyasi nüfuzunun artırılması, beynəlxalq mövqeyinin möhkəmləndirilməsi, xalqın rifahının yaxşılaşdırılması ölkə rəhbərinin siyasətinin əsas istiqamətlərini təşkil edir.
Bu il Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılmış tarixi qələbəmizin 5-ci ildönümünün qeyd edildiyini deyən millət vəkilləri, dövlət başçısının müstəqil Azərbaycanın ilk Konstitusiyasında təsbit edilmiş ali niyyətləri öz gücü və qətiyyəti sayəsində reallığa çevirdiyini, bu gün Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunduğunu vurğulayıblar.
Deputatlar bildiriblər ki, ölkə başçısının Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi haqqında müvafiq sərəncamında da deyildiyi kimi: “Bu gün Azərbaycan Respublikası xalqımızın milli maraqlarını rəhbər tutaraq, yeni reallıqlar şəraitində müstəqil siyasətini daha cəsarətlə, prinsipiallıqla davam etdirir, Konstitusiyanın tələblərinə və öz suveren hüquqlarına əsaslanaraq, qarşıda duran strateji hədəflərə doğru inamla irəliləyir.”
Sonra iclasda deputat Bəhruz Məhərrəmov “Konstitusiya və Suverenlik İli” ilə əlaqədar Azərbaycan Respublikası Milli Məclisinin Bəyanatını səsləndirib.
Bəyanat səsə qoyularaq qəbul edilib.
(Bəyanatın mətni mətbuatda dərc ediləcək)
Bununla da Milli Məclisin xüsusi iclası başa çatıb.
Chosen
0
8
azadmedia.az

9Sources