EN

"Suriya bütün qonşuları, o cümlədən İsrail ilə dost münasibətlərdə maraqlıdır" - Əş-Şaraa

 
"İsrail 1974-cü il sazişini pozub, son bir həftə ərzində Suriyaya 20-dən çox hücum həyata keçirib..."
 
Suriyanın yeni lideri Əhməd əş-Şaraa (Əbu Məhəmməd əl-Culani) ilk Avropa səfəri çərçivəsində Parisə gəlib. 
 
Moderator.az xəbər verir ki, bu barədə "euronews.com" nəşri məlumat yayıb.
 
Məlumatda deyilir ki, Parisdə Fransa prezidenti Emmanuel Makronla görüş zamanı əş-Şaraa bəyan edib ki, Suriyanın onun rəhbərliyi altında Yaxın Şərq ölkələri, o cümlədən İsraillə mehriban qonşuluq münasibətlərində marağı var.
 
Fransa prezidenti Emmanuel Makron Suriyanın müvəqqəti prezidentini Qərb ölkəsinə rəsmi səfərə dəvət edən ilk Qərb lideri olub. Fransız KİV-lərinin məlumatına görə, görüş xoş atmosferdə keçib, liderlər arasında söhbət isə "uzun və prinsipial" xarakter daşıyıb.
 
Görüşdən sonra jurnalistlərlə söhbətində Makron bəyan edib ki, söhbət zamanı İsrail mövzusu dəfələrlə gündəmə gəlib və əş-Şaraa bir daha vurğulayıb ki, Suriyanın onun rəhbərliyi altında "bütün qonşuları, o cümlədən İsrail ilə yaxşı və dost münasibətlərdə" marağı var.
 
Bundan əlavə, o, dünya KİV-lərində əvvəllər yayılan, İsraillə aparılan danışıqlara dair məlumatları da təsdiqləyib və bu danışıqların məqsədinin "ölkələr arasında gərginliyin azaldılması" olduğunu deyib. "Bu, dolayısı ilə aparılan danışıqlardır, - o, izah edib. - Biz sabitliyi qorumağa çalışırıq ki, vəziyyətin nəzarətdən çıxmasının qarşısını alaq".
 
Əş-Şaraa İsrail Müdafiə Qüvvələrinin Suriyanın Colan təpələrindəki hissəsinə müdaxiləsini və orada bufer zonanın yaradılmasını da xatırladıb. "İsrail 1974-cü il razılaşmasını pozub, -  Suriyanın yeni rəhbəri sərt şəkildə bildirib. - Biz Dəməşqə qayıtdıqdan sonra açıq şəkildə bildirdik ki, Suriya bu sazişə sadiqdir".
 
"Yalnız son bir həftə ərzində İsrail Suriyaya 20-dən çox hücum həyata keçirib, nəticədə dörd dinc sakin həlak olub, altı nəfər isə yaralanıb, - əş-Şaraa xatırladıb. - Bütün bunlar isə milli azlıqların müdafiəsi bəhanəsi ilə edilir".
 
O, BMT-ni yeni Suriya ilə İsrail Müdafiə Qüvvələri arasındakı təmas xəttində yaranmış vəziyyətlə bağlı araşdırma aparmağa çağırıb və hətta bildirib ki, Suriyanın indiki rəhbərliyi bu məsələ ilə bağlı İsraillə əlaqəsi olan bütün ölkələrlə əlaqə yaratmağa çalışır. "Bu səylərin məqsədi  İsrailin Suriya ərazisinə daxil olmasının qarşısını almaq və onun Suriyanın daxili işlərinə müdaxiləsinə son qoymaqdır", -  Suriya rəhbəri deyib.
 
Görünür, Suriya prezidentinin Parisə səfərinin əsas məqsədi Suriyanın yeni rejiminin "açıq siyasətini", sülhə yönəlmiş münasibətlərə hazır olduğunu göstərmək, ən əsası isə ölkəyə qarşı tətbiq olunan sanksiyaların "aktuallığını itirdiyini" dünyaya sübut etməyə çalışmaqdır.
 
"Sanksiyalar əvvəlki rejimə qarşı tətbiq olunub", - əş-Şaraa Makronla görüşdən sonra izah edib. - Amma o, rejim artıq yoxdur və sanksiyalar da onunla birlikdə aradan qalxmalıdır. Məncə, prezident Makron bu məsələni anlayır. Sadəcə texniki detalları Avropa İttifaqı ilə müzakirə etmək qalır".
 
Daha öncə verilən məlumata görə, Birləşmiş Ərəb Əmirlikləri İsrail ilə Suriya arasında gərginlik fonunda bu iki ölkə arasında dolayı danışıqlar aparmaq üçün kanal yaradıb. "Reuters" agentliyinin üç məlumatlı mənbəyə istinadən verdiyi xəbərə görə, bu danışıqların məqsədi Suriya ilə İsrail arasında təhlükəsizliyi təmin etmək və qarşılıqlı etimadı gücləndirməkdir.
Chosen
0
moderator.az

1Sources