Kremldə Rusiya Prezidenti Vladimir Putinlə Çinin Sədri Si Cinpin arasında görüş başlayıb.
Məlumata görə, Çin lideri cümə axşamı gününün çox hissəsini rusiyalı həmkarı ilə danışıqlarda keçirəcək, cümə günü isə Qələbənin 80-ci ildönümünə həsr olunmuş şənliklərdə iştirak edəcək.
Rusiya prezidentinin köməkçisi Yuri Uşakovun bir qədər əvvəl dediyi kimi, Putin və Si Cinpinin danışıqları Çin nümayəndə heyətinin sayına görə, prinsipcə, həm də kifayət qədər izdihamlı olacaq dar formatda başlayıb.
Eyni zamanda Si Cinpin Kremldə deyib ki, Çin İkinci Dünya müharibəsi tarixi ilə bağlı həqiqəti müdafiə etmək üçün Rusiya ilə işləməyə hazırdır.
“Birtərəfli hərəkətlərin və zorakı diktələrin mənfi tendensiyası altında Çin İkinci Dünya müharibəsinin tarixi ilə bağlı həqiqətləri müdafiə etmək vəzifəsi və cəsarət hissi ilə böyük dünya dövləti və BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi Rusiya ilə birlikdə xüsusi məsuliyyət daşımağa hazırdır”, - Çin dövlət başçısı bildirib.
Politoloq Elçin Xalidbəyli Sherg.az-a bildirib ki, Kreml uzun müddətdir ki, Çinin dəstəyini almaq üçün əlindən gələn hər şeyi edir:
.jpg)
"Çin Ukrayna savaşında formal olaraq Rusiyanın yanında yer alsa da, lakin birbaşa heç bir müdaxilə göstərmədi. Çünki Kremlin savaş hədəflərinin məsuliyyətini öz üzərinə götürmək, bu dövlətin problemlərini bölüşmək niyyətində deyil. Ona görə də Rəsmi Pekin Ukrayna savaşına münasibətdə mümkün qədər tərəfsiz mövqe tutmağa və Rusiya ilə məsafə saxlamağa çalışır. Son bir neçə ayda Rusiya hesab edirdi ki, artıq Çinə ehtiyac qalmaya bilər. Çünki Vaşinqton və Moskva arasında müəyyən yaxınlaşmalar müşahidə olunurdu. Hətta ABŞ-nin davamlı güzəştləri Kremldə şirniklənmə əhval-ruhiyyəsi də yaratmışdı. Ona görə də Rusiya rəsmiləri Ukrayna müharibəsinin dayandırılması ilə bağlı prosesdə daha çox Kremlin mövqeyinə uyğun şərtləri sərtləşdirərək ön plana çıxarırdı. Bu baxımdan ABŞ və Rusiya arasında münaqişə barədə ciddi ziddiyyətlər yaranıb. Donald Tramp münaqişənin sülh prosesi ilə yekunlaşdırılması qarşısında Putini əsas əngəl olaraq gördüyünü bəyan edib. Bu da onu göstərir ki, ABŞ-Rusiya münasibətlərində yaxın vaxtlarda ciddi gərginlik və qarşıdurmalar yarana bilər. Belə bir situasiyada Vaşinqtonla problemləri olan Çinin Rusiya ilə danışıqlara başlaması Kreml üçün böyük əhəmiyyət daşıyır. Həmçinin Rusiya yenidən Çinə, onun dəstəyinə ehtiyac duymağa başlayır".
Politoloq vurğulayıb ki, Putin və Si Cinpin görüşündə qlobal iqtisadi-ticari savaşıa bağlı məsələlər ciddi şəkildə müzakirə olunacaq:
"Üstəlik, Rusiya və Çinin ABŞ-a qarşı ortaq mövqedən çıxış etməsinin vacibliyi Kreml tərəfindən qabardılacaq. Təsadüfi deyil ki, Pekinin də bu məsələdə maraqları var. Amma Çin ABŞ ilə situasiyanı həddindən artıq gərginləşdirmək istəmir. Ümumiyyətlə Kremlə keçirilən görüş gələcəyə yönəlik strateji problemlərin və hədəflərin müzakirə olunması ilə diqqəti çəkəcək. Lakin orta və uzaq perspektiv üçün Rus və Çin arasında prinsipial anlaşmaların əldə edilməsi ehtimalı yüksək deyil".