Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mədəniyyət və elmin inkişafındakı xidmətlərinə görə bir qrup şəxsə Azərbaycan Prezidentinin fərdi təqaüdünün verilməsi ilə bağlı sərəncam imzalayıb.
Yenisabah.az xəbər verir ki, fərdi təqaüdə layiq görülən şəxslər sırasında mədəniyyət ictimaiyyətinin iki tanınmış nümayəndəsi – şair Ramiz Rövşən və animator Elçin Hami Axundov xüsusilə diqqət çəkir. Bəs onlar kimdir?
Ramiz Rövşən – Müasir Azərbaycan poeziyasının ikonik siması
Ramiz Rövşən 1946-cı il dekabrın 15-də Bakının Əmircan qəsəbəsində anadan olub. Əslən Qubadlı rayonunun Teymur Müskanlı kəndindəndir. O, Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsində təhsil alıb, daha sonra isə Moskvada Ali Ssenari Kurslarını bitirib.
Yaradıcılıq yoluna şair kimi başlayan Ramiz Rövşən, eyni zamanda, ssenarist və redaktor kimi də Azərbaycan kinosunun formalaşmasında böyük rol oynayıb. O, "Azərbaycanfilm" kinostudiyasında və "Mozalan" satirik kinojurnalında çalışıb, uzun illər Azərbaycan Tərcümə Mərkəzinin baş redaktoru vəzifəsini icra edib.
Ramiz Rövşənin şeirləri və hekayələri yalnız Azərbaycanda deyil, dünyanın bir sıra ölkələrində nəşr olunub və oxucular tərəfindən maraqla qarşılanıb. Onun ssenariləri əsasında çəkilən bədii və sənədli filmlər Azərbaycan kino irsinə dəyərli töhfələr verib.
Elçin Hami Axundov – Azərbaycan animasiyasının ustası
Elçin Hami Əbdül oğlu Axundov 7 fevral 1948-ci ildə Bakıda anadan olub. O, Əzim Əzimzadə adına Rəssamlıq Məktəbində və daha sonra Lvov Poliqrafiya İnstitutunda təhsil alıb. 1966-cı ildən kino sahəsində çalışan sənətkar animator rəssam, quruluşçu rejissor və ssenari müəllifi kimi tanınıb.
Elçin Axundov xüsusilə uşaqlar üçün nəzərdə tutulan animasiya və maarifləndirici layihələrlə yadda qalıb. “Sənin ilk kitabın” silsiləsi çərçivəsində hazırladığı “Əlifba”, “Ekoloji əlifba” və digər vəsaitlər uşaqların dünyagörüşünün formalaşmasında mühüm rol oynayıb.
1994-cü ildən "Azanfilm" animasiya studiyasının bədii rəhbəri, 2000–2012-ci illərdə isə direktoru olmuş Axundov bir sıra yerli və beynəlxalq festivalların mükafatçısıdır. 2019-cu ildə 2-ci Beynəlxalq Animasiya Festivalında “Qızıl qayıq” mükafatına layiq görülüb. Azərbaycan kino sənətinə verdiyi töhfələrə görə 2000-ci ildə “Əməkdar mədəniyyət işçisi” fəxri adına layiq görülüb.
Əsmətxanım Rzazadə
Telegram kanalımız