
Hindistan və Pakistan hava qüvvələri arasında mayın 7-nə keçən gecə baş verən hava döyüşü “müasir aviasiya tarixində ən böyük və ən uzunmüddətli döyüşlərdən biri” olub.
Reyting.az-ın məlumatına görə, CNN Pakistanın yüksək vəzifəli təhlükəsizlik mənbəyinə istinadla xəbər verir ki, bir saatdan çox davam edən döyüşdə ümumilikdə 125 qırıcı təyyarə iştirak edib.
Bildirilir ki, tərəflər 160 kilometrdən çox məsafəyə raket zərbələri endiriblər.
Pakistan ordusundan verilən açıqlamaya görə, hava döyüşü nəticəsində Hindistan 5 döyüş təyyarəsi itirib. Hindistan hakimiyyəti bu məlumatı təsdiqləməyib.
Qeyd edək ki, mayın 6-da axşam Hindistan “Sindoor” hərbi əməliyyatı elan edib, bu əməliyyat çərçivəsində ölkənin silahlı qüvvələri Pakistanda və Kəşmirin Pakistan hissəsində yerləşən 9 “terror infrastrukturu” obyektinə raket zərbələri endirib. Buna cavab olaraq Pakistan ordusu Hindistanın beş şəhərinə zərbələr endirib. İslamabad Hindistanın Pakistana zərbələri nəticəsində 31 nəfərin öldüyünü bildirib.
Hindistan hakimiyyəti öz növbəsində Pakistanın Kəşmirin Hindistan hissəsinə endirdiyi zərbələr nəticəsində 12 nəfərin öldüyünü bəyan edib.
E. KAMAL