EN

Müəllim qəlbində ümummilli lider Heydər Əliyevin işıqlı xatirəsi...

Ümummilli lider Heydər Əliyev Ölkəyə rəhbərliyin ilk illərində sürətli iqtisadi inkişafın təmin edilməsini, Azərbaycanın dünyaya yaxından inteqrasiya olunmasını, beynəlxalq aləmdə nüfuzlu söz sahibinə çevrilməsini əsas məqsəd kimi seçən ümummilli lider ölkədə təhsil islahatları aparılmasının zəruriliyini vurğulayaraq, hər bir inkişafın elm və təhsildən asılı olduğunu vurğulayırdı. Ulu öndərin öz sözləri ilə desək: “Təhsil sistemimizin hazırkı vəziyyətini, onun problemlərini dərindən öyrəndikdən sonra prioritet sahələr müəyyən edilməlidir”.

Aparılan müşahidələr göstərir ki, həqiqətən də belə bir prinsipin seçilməsi Azərbaycanda təhsil siyasətinin əsas qayəsini təşkil etmişdir. Son dövrlər həyata keçirilən islahatlar proqramına əsasən fəaliyyətin prioritet istiqamətlərinə diqqət yetirdikdə, Heydər Əliyevin təhsil strategiyasının nə qədər fundamental bir konsepsiya olduğu dəqiqləşir.

Məlum olduğu kimi, milli intibahın təminatında başlıca vasitə sayılan elm və təhsil cəmiyyətdə bir çox problemlərin həllində mühüm rol oynayır. Ümumbəşəri təhsilə inteqrasiya yolunu seçən Azərbaycan Respublikasında müstəqilliyin bərpasından sonra bu strateji sahəyə milli təhlükəsizliyin mühüm amillərindən biri kimi xüsusi diqqətin yetirilməsi belə nəticəyə gəlməyə əsas verir ki, ölkəmizdə elm və təhsil problemləri ümumi inkişaf və dövlət siyasəti ilə vəhdət təşkil edir. İnkişafa gedən yolda müvəffəqiyyət qazanmaq üçünsə dünyanın sivil dövlətləri ilə diplomatik əlaqələrin yaradılması, sosial-iqtisadi, mədəni, elm-təhsil və digər sahələrdə beynəlxalq norma və tələblərə uyğun əməkdaşlığın qurulması zəruridir. Bundan ötrü də xüsusilə strateji əhəmiyyətə malik olan təhsil sistemində köklü islahatlar aparılması Azərbaycan dövlətinin ali məqsədinə çevrilmişdir.

Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi həm birinci, həm də ikinci dönəmində reallaşdırılan təhsil siyasətinin müxtəlif aspektlərini araşdırmaq üçün bu strateji əhəmiyyətli sahənin dünəninə və bugününə diqqət yetirmək kifayətdir.

Xüsusilə bir məsələni qeyd etmək lazımdır ki, ümummilli lider Heydər Əliyevin sovet Azərbaycanına rəhbərlik etdiyi illərdə ölkədə 5 yeni ali təhsil müəssisəsi açılmış və ali məktəblərdə təhsil alanların sayı 70 mindən 100 minə qədər artmışdır. Həmçinin, Dahi Rəhbər keçmiş SSRİ-nin ən nüfuzlu təhsil müəssisələrində azərbaycanlıların oxumasına çalışmış və bu istiqamətdə əsaslı dönüş yaratmışdır.

Müstəqillik illərində də elm və təhsilin inkişafını diqqətdən kənarda qoymayan ulu öndər Heydər Əliyev elm-təhsil problemlərinə kompleks şəkildə yanaşmışdır. O, bu sahədə mövcud olan problemlərin aradan qaldırılması və Azərbaycanda dünyanın inkişaf etmiş ölkələrinin təcrübəsinə uyğun təhsil strategiyasının həyata keçirilməsi məqsədilə ciddi tədbirlər həyata keçirmiş, mühüm tarixi fərman və sərəncamlar imzalamışdır.

Heydər Əliyevin zəngin irsinin layiqli davamçısı prezident İlham Əliyev öz növbəsində təhsilə xüsusi incəliklə yanaşır. Prezident İlham Əliyevin rəhbərliyi dövründə təhsilin inkişafı əsas prioritetə çevrilib və insan kapitalının inkişafı dövlət siyasətinin əsas istiqamətlərindən birini təşkil edir.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının növbəti – 102-ci ildönümünün qeyd olunduğu bu ərəfədə onun Azərbaycanın tarixində, bugünkü mövcudluğunda, ictimai–siyasi həyatın müxtəlif sahələrindəki rolunu hər sahənin mütəxəssisləri geniş təhlil edirlər. Maraqlıdır, onların hər biri hesab edir ki, Ulu Öndərin ən çox əhəmiyyət verdiyi, diqqət yetirdiyi, inkişafına təkan verdiyi məhz bu sahə olub. Sənaye, kənd təsərrüfatı, beynəlxalq münasibətlər, səhiyyə, ədəbiyyat, incəsənət və s. Müvafiq olaraq,  təhsil işçilərinin də fikrincə, Heydər Əliyev üçün ən vacib sahə məhz elm və təhsilin savadlı, bilikli, əsl peşəkar müəllim kadrlarının hazırlanması olub. Bu səbəbdən, Heydər Əliyevin ən şərəfli vəzifə hesab etdiyi Müəllim adını daşıyanlar ümummilli liderin işıqlı xatirəsini qəlblərinin ən isti guşəsində qoruyub saxlayırlar.

Elnurə Füzuli qızı İsgəndərova
Abşeron rayon, Əfqan Qadaşov adına Pirəkəşkül tam orta ümumtəhsil məktəbin direktor müavini, "Qızıl Qələm", "Xan qızı Natəvan", "Zəfər"media mükafatları laüreatı.

Chosen
0
adalet.az

1Sources