3 dekabr 2024-cü ildə Sumqayıt şəhəri, 13-cü mikrorayonda baş verən partlayış nəticəsində zədələnmiş beşmərtəbəli bina hələ də ciddi təhlükə mənbəyi olaraq qalır.
Avtosfer.az xəbər verir ki, bu barədə oxu.az-a müraciət edən bina sakini məlumat verib.
"Hadisədən beş ay keçsə də, hələ də binada hər hansı bərpa işləri aparılmır. Binanın dağılan hissəsini saxlamaq üçün yalnız xüsusi dəmir dayaq qoyublar. Bundan başqa heç bir təhlükəsizlik tədbiri görülmür. Bu vəziyyət olduqca təhlükəlidir və hər an binanın çökməsi riski mövcuddur", - deyə sakin bildirib.
Məsələ ilə bağlı Sumqayıt Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətinin rəhbəri Eyvaz Qocayev bildirib ki, binanın çökməsi ilə bağlı hər hansı risk yoxdur.
"Partlayış baş verən bina altı girişdən ibarətdir. Hazırda binanın üç girişində yaşayan insanlar müvəqqəti olaraq kirayə mənzillərlə təmin olunublar. Həmin ailələrin hər birinə altı aylıq kirayə xərcləri ödənilib.
Partlayışın baş verdiyi birinci girişin sökülməsi ilə bağlı aidiyyəti qurumlar tərəfindən rəy verilib. Həmin giriş söküləcək.
Qeyd edim ki, birinci girişdəki mənzillərin sahiblərinə dövlət tərəfindən maddi yardım verilməsi nəzərdə tutulub və artıq bu proses icra olunur. Proses tam başa çatdıqdan sonra həmin giriş söküləcək, daha sonra isə digər iki girişdə yaşayan sakinlər də öz mənzillərinə köçəcəklər", - deyə E.Qocayev bildirib.