“Turan Tovuz” Azərbaycan Premyer Liqasının XXXIV turunda “Neftçi”ni qəbul edəcək. Tovuz təmsilçisi sona üç tur qalmış üçüncü pillədəki “Araz-Naxçıvan”dan 6 xal geridədir. Məğlubiyyət tovuzluların üçüncülük şansını bitirəcək.
Komandanın futbolçusu Faiq Hacıyev “Futbolpress.az“a açıqlamasında nəticələri şərh etdi:
“Üçüncü yerə yaxınlaşmağa çox şansımız oldu, ancaq istifadə edə bilmədik. Yenə də cüzi şansımız qalır və bundan sona qədər istifadə etməyə çalışacağıq. Mövsümü yaxşı notlarla bitirmək istəyirik. Bunun üçün əlimizdən gələni edəcəyik”.
Hacıyev növbəti turun “Neftçi” ilə oyunu haqda danışdı:
“Son oyunların hər biir final kimidir. Düzdür, “Neftçi”nin iddiası qalmayıb, ancaq onlar da qələbə qazanmaq və yuxarı sıralara yüksəlmək istəyirlər. Bütün diqqətimiz öz oyunumuzdadır. Qələbə qazanmaq və necə olacağını görmək istəyirik”.
“Turan Tovuz” bu mövsüm “Sabah”, “Neftçi”, “Qarabağ” kimi komandaları məğlub edir, əvəzində isə turnir cədvəlinin aşağı sıralarında olan kollektivlərlə matçda xal itirib. Müdafiəçi bu məsələyə də toxundu:
“Bizdən aşağı sıralarda olan komandalar bizimlə matçlara daha motivasiyalı çıxır. Bəlkə də, bu səbəbdən onlara qarşı oyunumuz istədiyimiz kimi alınmır. Hər xal itkisinə görə heyfislənirik. İtirdiyimiz xalların sonda bizim üçün çətinlik yarada biləcəyini bilirdik. Sona üç tur qalıb və hər oyuna final kimi baxırıq. Yenədə sonun necə olacağını zaman göstərəcək”.