Xəbər verdiyimiz kimi, iki gün əvvəl Kazım Hüseynəliyev Naxçıvan Muxtar Respublikasına iqtisadiyyat naziri təyin olundu. Bir gün sonra isə onun nazir postuna təyinatı ilə bağlı xəbər NMR-nın rəsmi informasiya vasitələrindən silindi. Yayılan qeyri rəsmi xəbərlərdə bildirilirdi ki, K. Hüseynəliyevin bu posta təyini ilə bağlı sərəncam ləğv olunub.
Lakin dünən günün ikinci yarısında daha bir məlumat yayıldı. Həmin xəbərdə isə bildirilirdi ki, mayın 8-də NMR-nın Ali Məclisinin iclası keçirilib və orada Hüseynəliyevin nazir postuna təyinatı təsdiqlənib.
Maraqlıdır, Naxçıvanda nə baş verir və bu nazir-nazir oyununun arxasında nə dayanır.
Naxçıvanda olan siyasi şərhçi Heydər Oğuz “Yeni Sabah”a açıqlamasında gizli məqamları dilə gətirib. O, bildirib ki, Naxçıvanın yeni iqtisadiyyat naziri Kazım Hüseynəliyevin bu posta namizədliyi Bakıdan təklif olunub:
“Muxtar respublikada bu işləri həyata keçirən şəxs Ali Məclisin sədridir. Naxçıvanda isə Ali Məclisin sədri yoxdur və onun vəzifələrini sədrin birinci müavini Bəxtiyar Məmmədov icra edir. Bəxtiyarın vasitəsi ilə 1-2 gün bundan öncə Kazım Hüseynəliyevi Naxçıvan iqtisadiyyat nazirinin əvəzi qoymuşdular.
Deyilənlərə görə, Fuad Nəcəfli bu təyinata etiraz edib. O bu qərarı mediada oxuyub və bu təyinatın baş tutmamasına çalışıb. Halbuki, Fuad Nəcəflinin hansısa vəzifəyə təyin etmə hüququ yoxdur və onun səlahiyyətlərinə aid olan məsələ deyil.
Bildiyim qədəri ilə bu gün Fuad Nəcəfliyə Bakıdan irad gəlib və deyilib ki, sən bu işlərə qarışma. Naxçıvanda faktiki olaraq, hakimiyyət parçalanması, hökumət qüvvələri arasında didişmələr hiss olunur. Muxtar respublikada baş nazirlə prezidentin təyin etdiyi nümayəndə arasında ziddiyyət var idi. Kazım Hüseynəliyev Naxçıvan Muxtar Respublikası baş naziri Ceyhun Cəlilovun sinif yoldaşıdır. İqtisadiyyat naziri vəzifəsi “yağlı” yerdir və ora kimin təyin olunması ilə bağlı mübarizə gedirdi”.
//yenisabah.az