Göydəniz Qəhrəmanov: “Azərbaycan-Vyetnam əməkdaşlıq əlaqələrində ən perspektivli sahələrdən biri də turizmdir”
“Cənab Prezident İlham Əliyevin “Vietnam News Agency” agentliyinə verdiyi müsahibədə Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lamın Azərbaycana gözlənilən dövlət səfəri ərəfəsində ölkələrimiz arasında mövcud münasibətlərin hazırkı durumu və inkişaf perspektivləri ilə bağlı önəmli açıqlamalar təqdim olunub. İlk növbədə belə bir vacib məqam diqqətə çatdırılıb ki, Azərbaycanı və Vyetnamı yarım əsrdən artıq tarixə malik dostluq münasibətləri birləşdirir. Möhtərəm dövlət başçımız hər zaman olduğu kimi tarixi faktlara əsaslanaraq bildirib ki, 1959-cu ildə Vyetnam Demokratik Respublikasının Prezidenti Ho Şi Min Azərbaycan SSR-ə səfər edib. O dövrdə SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsini tutan Azərbaycanın Ümummilli Lideri Heydər Əliyev isə 1983-cü ildə Vyetnamda səfərdə olub. Birmənalı olaraq deyə bilərik ki, məhz bu əlamətdar səfərlər ölkələrimiz arasında əməkdaşlığın inkişafının möhkəm təməlinə çevrilib. Əlbəttə ki, ölkələr arasında dövlət başçıları səviyyəsində qurulan münasibətlər əməkdaşlıq əlaqələrinin formalaşması və inkişafı baxımından ən mühüm amil kimi çıxış edir. Bu baxımdan cənab Prezident İlham Əliyevin 2014-cü ildə Vyetnama dövlət səfəri və 2015-ci ildə Vyetnam Sosialist Respublikasının Prezidenti Çıonq Tan Şanqın Azərbaycan Respublikasına rəsmi səfəri də ölkələrimiz arasında münasibətlərdə yeni səhifə açdı və onların gələcək inkişafına güclü təkan verdi.”
Bu sözləri aia.az-a açıqlamasında millət vəkili Göydəniz Qəhrəmanov deyib.
Fikirlərini davam etdirən deputat Azərbaycan ilə Vyetnam arasında turizm sahəsində əməkdaşlığın genişləndirilməsi perspektivləri ilə bağlı cənab Prezident İlham Əliyevin səslındirdiyi fikirlərin önəmini xüsusi vurğulayıb: “Maraqlıdır ki, ölkələrimiz arasında bir çox sahələrdə əməkdaşlıq əlaqələrinin uzun illəri əhatə edən tarixi vardır. O cümlədən Azərbaycan mütəxəssisləri hələ sovetlər dönəmində Vyetnamın neft sənayesinin yaradılmasında və inkişafında əsas rol oynayıblar. 1981-ci ildə Sovet İttifaqının köməyi ilə yaradılan “Veso Petrol” müştərək müəssisəsinin ilk baş direktoru da həmyerlimiz Cəlal Məmmədov olub. Həmçinin mədəniyyət, humanitar və təhsil sahələrində də ölkələrimiz arasında əməkdaşlığın kökləri sovet dövrünə gedib çıxır. Cənab Prezident İlham Əliyevin dediyi kimi, 1955-ci ildə Azərbaycan bəstəkarı Qara Qarayev Vyetnam müharibəsi haqqında ilk sovet-Vyetnam sənədli filmi üçün “Vyetnam süitası”nı bəstələyib, onun premyerası 2023-cü ildə Hanoyda olub. 1959-1962-ci illərdə Prezident Ho Şi Minin dəvəti və sovet hökumətinin təklifi əsasında azərbaycanlı rejissor Əjdər İbrahimov Vyetnamda kino məktəbinin yaradılmasında fəal iştirak edib, orada ustad dərsləri keçib və üç film çəkib. Bu xidmətlərinə görə görkəmli rejissor Vyetnam Sosialist Respublikasının ali “Əmək” ordeni ilə mükafatlandırılıb. Lakin bütün bunlarla yanaşı Azərbaycan və Vyetnam ən müxtəlif sahələrdə əməkdaşlıq əlaqələrini genişləndirmək üçün çox böyük potensiala sahibdirlər. Xüsusilə möhtərəm dövlət başçımız öz müsahibəsində turizm sahəsini ən perspektivli istiqamətlərdən biri kimi qeyd etdi. Diqqətə çatdırıldı ki, Bakı ilə Vyetnam şəhərləri arasında birbaşa hava əlaqəsinin yaradılması turizm proqramlarının inkişafı ilə paralel surətdə iki ölkənin vətəndaşlarının bir-birinin mədəniyyətinə və tarixinə marağının artmasını da stimullaşdıracaq. Müştərək mədəniyyət layihələrinin intensivləşdirilməsi, səhiyyə və ekologiya sahələrində humanitar missiyalarla bağlı proqramların və birgə təşəbbüslərin inkişafı – bütün bunlar ölkələrimiz üçün qarşılıqlı maraq doğuran istiqamətlərdir” – deyə, Göydəniz Qəhrəmanov fikirlərini tamamlayıb.