EN

Diri-diri yandırılan dinc insanlar, gizlədilən meyitlər... – Fransanın Əlcəzairdə törətdiyi DƏHŞƏTLİ QƏTLİAM

Bu gün Fransanın Əlcəzairdə törətdiyi daha bir qətliamdan 80 il ötür. Belə ki, 8 may 1945-ci ildə Əlcəzairin SetifGuelma və Kherrata şəhərlərində Fransa ordusu mülki əhaliyə qarşı insanlığa sığmayan cinayətlər törətdi. Fransanın verdiyi rəsmi məlumatda öldürülmüş əlcəzairlilərin sayı 1200, yaralıların sayı 1500 qeyd edilsə də, digər mənbələrdə öldürülmüş əlcəzairlilərin sayının 6000 ilə 45 000 arasında olduğu bildirilir.

Qətliamın pərdəarxası

Məlum olduğu kimi 1945-ci ilin yazında artıq hər kəs bilirdi ki, Hitler Almaniyasının sonuna sayılı günlər qalıb. Buna  görə də faşistlərin əsarəti altında olan bir çox ölkələrdə müqavimət hərəkatı başladı. Bu hərəkatçılar təkcə alman faşistlərinə qarşı vuruşmurdular. Onlar mövcud qarışıqlıqdan istifadə edərək öz milli və dövlət ambisiyalarını ortaya qoyurdu. Belə dövlətlərdən biri də Fransa idi.

General Şarl de Qolun rəhbərliyi altında birləşmiş Fransa ordusu yeni dünya düzənində daha çox sərvətlər ələ keçirmək istəyirdi. Təbii ki, ilk ağılagələn qonşu Əlcəzair idi. Əslinə baxsaq, Əlcəzair XIX əsrin əvvəllərindən başlayaraq Fransanın yarımmüstəmləkəsi idi. Lakin zaman-zaman əlcazairli fədailər Fransa müstəmləkəçiliyinə qarşı mübarizə aparırırdı.

Amma bütün təşəbbüslər ən qanlı şəkildə susdurulurdu. Belə ki, 1832-ci ildə etirazçı El-Uffia qəbiləsi Fransa ordusu tərəfindən gecə yatdığı yerdə qılıncdan keçirilib. Bu qətliamda qadınlar və uşaqlar da daxil olmaqla 12 min adam öldürüldü. 

Növbəti qətliamlardan biri isi 8 may 1945-ci ildə törədilir. Belə ki, Əlcəzairin şimal-şərqində yerləşən Setif şəhərində İkinci Dünya müharibəsinin müttəfiqlərin qələbəsi ilə nəticələnməsi böyük sevinc aksiyaları ilə qarşılanır. Minlərlə əlcəzairli gənc fransız ordusunda nasistlərə qarşı qəhrəmancasına döyüşmüşdü.
 

Əslində, Əlcəzairdəki fransızlar müharibədə özlərini çox da yaxşı göstərməmişdilər. Onların əksəriyyəti Fransada yaradılan Vişi rejimi üçün işləmişdi. Nəzərə alaq ki, Vişi rejimi İkinci Dünya müharibəsi zamanı Üçüncü Reyxin Fransanı işğal etməsi nəticəsində yaradılmış kukla dövlət idi.


Qələbəni bayram edən əlcəzairlilər Əlcəzairin milli bayraqlarını qaldırdıqdan və müstəqillik şüarlarını səsləndirdikdən sonra Fransa onları şiddətli şəkildə cəzalandırmaq qərarı verdi. Setif şəhəri əvvəlcə təyyarələr tərəfindən bombalandı. Daha sonra isə piyada qoşunu qarşılarına çıxan hər kəsi güllələdi. Ölkənin şimal-şərqində yerləşən Gelma şəhərində də oxşar hadisələr baş verdi. Fransanın açıqladığı rəsmi ölüm sayı 10 min nəfər olub, əslində isə bu rəqəm 45 min imiş.

Şahidlərin etirafları dəhşət doğurur:

Kef əl Bumbadan olan bir şahidin dilindən:

"Mən gözlərimlə gördüm ki fransızlar beş nəfəri əlləri bağlı yerə sərərək üzərilərinə benzin tökərək diri-diri yandırdılar."

Fransa ordusu alçaldıcı mərasim təşkil edərək, əlcəzairliləri Fransa bayrağı altına yerə yıxaraq xorla "Biz itik və Fərhat Abbasda itdir" deməyə məcbur edirdilər. Yüzlərlə əlcəzairli tabe olmadıqlarına görə qətlə yetirirdi.

O dövrdə məktəbli olmuş Yazıçı Ketab Yasin isə Setifdəki qətliamı belə xatırlayır:

"8 may nümayişi dinc keçirdi, amma nəticəsi minlərlə qurban oldu, anam huşunu itirdi... Biz gördük ki, hər küçədə çoxlu meyitlər var”.

Bu cür qətliamlara rəğmən əlcəzairlilərin iradəsi qırılmadı.

Əlcəzair xalqı 1954-cü il noyabrın 1-də növbəti üsyana qalxdı. Bu üsyana Milli Qurtuluş Cəbhəsi başçılıq edirdi. Milli Qurtuluş Cəbhəsi milli-azadlıq mübarizəsinin məqsədlərini belə müəyyənləşdirmişdi: ölkənin fransız müstəmləkə zülmündən azad edilməsi, müstəqil Əlcəzair respublikasının yaradılması.

Əlcəzairin 1954-cü ildən 1962-ci ilə qədər davam edən müstəqillik mübarizəsində 1 milyon əlcəzairli həyatını itirib. Onların əksəriyyəti dinc sakinlər olublar. Nəhayət, 1962-ci ilin martında Fransa  atəşin dayandırılması haqqında Evian sazişini imzalayıb və Əlcəzairin müstəqilliyini tanımalı olub. 1962-ci ilin sentyabrında Əlcəzair Xalq Demokratik Respublikası elan edildi.

Fransa 1,5 milyon əlcəzairlini öldürüb.

Əlcəzairin 1830-1962-ci illəri əhatə edən işğalı dövründə 1,5 milyondan artıq insan fransızlar tərəfindən qətlə yetirildiyindən bu ölkə həm də "1,5 milyon şəhidin ölkəsi" adlandırılır. Fransa ərazisinə görə Afrikanın və ərəb dünyasının ən böyük ölkəsinin xalqına 130 il ərzində muxtariyyət belə verməkdən imtina edib. Hətta Əlcəzair adlı dövlətin mövcud olmasını inkar edən Fransa bu ölkəni özünün bir parçası, Fransa Əlcəzairi adlandırırdı.

Bütün etirazlarsa ən qanlı şəkildə susdurulurdu.

Bundan başqa 130 il ərzində Fransa hökuməti Əlcəzairdə məqsədli şəkildə qanunsuz məskunlaşdırma siyasəti həyata keçirib. Nəticədə XX əsrin ortalarında 9 milyonluq Əlcəzair əhalisinin 1 milyonunu avropalılar təşkil edib.

Fransa 130 il ərzində Əlcəzairi yalnız istismar etməyib, həm də bu ölkəni hərbi poliqona çevirib.

Təkcə, 1960-1966-cı illərdə Əlcəzairin Böyük Səhrada payına düşən Reqqan və İn Ekker adlı ərazilərində Fransa tərəfindən 17 nüvə sınağı gerçəkləşdirilib. Onlardan da 11-i yeraltı sınaqlar olub. Fransa aşkar edilməmiş kimyəvi, radioaktiv və zəhərlənmiş tullantıların yerləşdiyi ərazilərə dair topoqrafik xəritələri bu günədək Əlcəzair tərəfinə təqdim etmir.

Eyni zamanda Fransa həmin sınaqların və tullantıların yerli əhaliyə göstərdiyi təsirlərin qiymətləndirilməsi və müvafiq kompensasiyanın verilməsi məsələsindən də boyun qaçırır.

Bundan başqa işğal etdiyi Əlcəzair ərazisinə 5 milyondan artıq mina basdıran Fransa həmin minaların xəritələrini Əlcəzair tərəfinə verməkdən bu günədək imtina edir. Nəticədə, Əlcəzair də dünyada mina partlayışından ən çox əziyyət çəkən ölkələrin sırasında ön sıralardan birini tutur.

Yeni nəsilə qarşı cinayət

Əlcəzairdəki müstəmləkəçilik dövründə bütün ərəb məktəbləri fransızlar tərəfindən dağıdılmışdı.

Çünki bilik, bacarıq da bir silah idi və Fransa bu silahın onlara qarşı istifadə olunmasından qorxurdu. Fransızlar Əlcəzairi işğal etməzdən əvvəl əlcəzairlilər savadlı xalq idi. Müstəmləkəçiliyin məqsədi isə hər şeyi, o cümlədən təhsili məhv etmək idi.

Təsadüfi deyil ki, müstəmləkə illərində ərəblərə məktəbə getmək də qadağan edildi və bu qadağa 132 il qüvvədə qaldı.

Fransa təkcə Əlcəzairi talan etməyib, həm də bu ölkənin vətəndaşlarını ən ağır şəkildə cəzalandırıb. Ən dəhşətlisi də odur ki, qətlə yetirilən əlcəzairlilərin cəsədi yaxınlarına qaytarılmayıb. Bu cəsədlər müxtəlif parçaları bölünüb və həmin parçalardan Fransada muzeylər tikilib.

Təsadüfi deyil ki, 1887-ci ildə açılan və 1937-ci ilədək Etnoqrafiya Muzeyi adı ilə fəaliyyət göstərən muzeydə 18 mindən artıq insan kəlləsi nümayiş etdirilir.

Onların arasında Fransa işğalına (1830-1962) qarşı mübarizə aparan Əlcəzair azadlıq müharibəsinin şəhid olan liderlərinin və üzvlərinin də skeleti var. Muzey dəfələrlə orada olan kəllə sümüklərinin əksəriyyətinin 19-cu əsrdə tədqiqat üçün antropoloqlar tərəfindən toplanıldığını iddia etsə də, artıq buna inanan azdır.
 

İnsan Muzeyində Fransanın Əlcəzairdə törətdiyi soyqırım zamanı şəhid olan döyüşçülərin və mülki əhalinin kəsilmiş başlarını və kəllə sümüklərinin nümayiş etdirilməsi əsasən iki məqsədə xidmət edib. Bunlardan birincisi, üsyanı boğmaq və müqaviməti qırmaqdır. İkincisi isə onlar “qələbə” sübutu kimi fəxrlə Parisə göndərilib.


Təəssüflər olsun ki, bu cür dəhşətli insanlıq cinayətləri törədən Fransa bu günə kimi terrorçu dövlət kimi tanınmayıb. Əksinə, Fransa öz terror fəaliyyətini günbəgün genişləndirir. Onların ermənilərin yanında dayanması da eyni xislətə sahib olmalarından qaynaqlanır.

Ümumilikdə isə son 50 ildə 26 Afrika ölkəsində 67 dövlət çevrilişi olub. Bu 26 ölkədən 16-sı keçmiş Fransa koloniyalarıdır.

Surxay Atakişiyev, Bizim.Media

 

Chosen
0
bizim.media

1Sources