EN

Bu tarix Böyük Vətən müharibəsində həlak olanlarımızın ruhuna ehtiramdı



Böyük Vətən müharibəsi başladı. Müharibə başlayanda hərbi xidmətə çağırılanlarla yanaşı, 40 mindən şox vətəndaş könüllü getmək üçün müraciət etmişdi. Müharibənin ilk günündə bu qədər vətəndaşın müraciəti xalqın ruhunun mübarizliyi idi, xalqın müharibəyə münasibəti idi. Yəni xalq torpaqları qorumaq istəyirdi, müharibə xalqı əsgərləşdirmişdi. Müharibənin gedişində yaşı çağırış yaşına çatan minlərlə gənc də döyüşlərə könüllü getmişdi.

Müharibəyə Azərbaycandan 640 000 nəfərdən çox döyüşçü aparılıb, onlardan 300 min nəfərə yaxını müxtəlif döyüşlərdə həlak olub. Minlərlə döyüşçü itkin düşüb. Naməlum əsgər kimi dəfn edilənlərin sırasında azərbaycanlı döyüşçülər də çox olub.

80 ildi azərbaycanlı qəhrəmanların qəhrəmanlığı tarixin yaddaşındadı, onlar da heç zaman unudulmayacaq. Böyük Vətən müharibəsinin salnaməsi kimi müharibələr tarixini öyrənənlər Qafur Məmmədovun, Həzi Aslanovun, Mehdi Hüseynzadənin, Mirdamət Seyidovun, Gəray Əsədovun, Məlik Məhərrəmovun, yüzlərlə başqa qəhrəmanın şücaətini, rəşadətini də həmişə xatırlayacaq, xatırladacaq. Bu xatırlatma da tarixə və bəşəriliyə ehtiram olacaq...

O illərdə, Böyük Vətən müharibəsinin gedişində Azərbaycan bütün sahələrdə iştirak edirdi, döyüşlərdə də, arxa cəbhədə də. Camaat işləyirdi, döyüşçülər döyüşürdü, xalq döyüşən orduya yardım edirdi, olanını orduya göndərirdi. Camaat geyinmirdi, cəbhəyə göndərirdi, yemirdi, cəbhəyə göndərirdi. Neçə-neçə nişanlı qız nişan üzüyünü də döyüşən ordunun fonduna göndərmişdi.

Kənd təsərrüfatında olduğu kimi, sənayedə də istehsal müharibənin tələblərinə uyğunlaşdırılmışdı. Müharibə vaxtı Bakıda "Katyuşa" raketi, "Şpakin pulemyotu" istehsal edilirdi, "YAK-3" qırıcı təyyarəsi yığılırdı. Müharibə illərində Bakıda 130-dan çox silah və onun hissələri hazırlanırdı, 4 növ yeni silah, 11 növ döyüş sursatı, 10 növ sursat və silah hissələri istehsal edilirdi.

Sovet İttifaqı marşalı Jukov Azərbaycan neftçilərinin müharibə vaxtı fədakarlığını xatırladaraq yazmışdı: “Bakı neftçiləri cəbhəyə və ölkəyə Vətənimizi qorumaq və düşmənə tez qalib gəlmək üçün lazım olan qədər yanacaq verdilər”. Kaş sərkərdənin ehtiramı Mərkəzin ehtiramı olaydı: Müharibə müddətində dövlətə 75 milyon ton heft verilmişdi. Azərbaycan müharibədə qələbə naminə böyük, çox böyük fədakarlıqlar göstərmişdi. Bu fədakarlıqlar qəhrəmanlıq idi. Bakıya qəhrəman şəhər adı verilməsə də Bakı bütün çalarları ilə Böyük Vətən müharibəsinin ağır yükünü qəhrəmanlıqla çəkdi...

Rumıniyada ağır döyüşlərin birində Gəray Əsədova mühüm döyüş əmri verilmişdi: düşmənin atəş mənbələrini dağıtmalı. Gəray əmri yerinə yetirmişdi, düşmənin bir-neçə atəş nöqtəsini susdurmuşdu. Döyüşü atəş mənbələrinin yan-yörəsində döyüşənlər davam etdirirdi. Gərayın qumbarası qalmamışdı, gülləsi qurtarmışdı. Nəfəs dərmişdi və ... yaxınlaşıb köksü ilə düşmənin dəzgahlı pulemyotunu qapamışdı. Döyüş düşmənin məğlubiyyəti ilə nəticələnmişdi. Bu qəhrəmanlıq təkcə Gərayın adına ad olmamışdı, həm də Azərbaycanın adına şöhrət gətirmişdi...

Bakı qələbə üçün nələr etmədi? Ancaq Bakıya qəhrəman şəhər adı verilmədi. Dünya ictimaiyyəti tarixi nəzərə alaraq etiraf edə bilər ki, bu ad verilməsə də Böyük Vətən müharibəsində Bakı qəhrəman şəhər olub.

Qələbənin 80 illiyidir. Bu tarix Böyük Vətən müharibəsində həlak olanlarımızın ruhuna ehtiramdı. Hamımızın hansısa əzizi, əzizləri qayıtmayıb müharibədən, döyüşən əzizlərimiz çox olub. Bu gün onların ruhunun işığındayıq. Qələbənin 80 illiyidi...


Səbinə XASAYEVA,

Milli Məclisin deputatı
Chosen
0
3
newscenter.az

4Sources