EN

Bu səfər Azərbaycan-Vyetnam əməkdaşlığının inkişafında mühüm mərhələ olacaq



"Məlumdur ki, ölkəmiz dünyanın ən müxtəlif regionlarındakı dövlətlərlə ikitərəfli əlaqələrini genişləndirməkdədir. Son illərdə Latın Amerikası, Afrika regionu dövlətləri ilə yanaşı, ölkəmiz Uzaq Şərq dövlətləri ilə də qarşılıqlı maraqlara əsaslanan münasibətlərini inkişaf etdirir. Bu baxımdan, Prezident İlham Əliyevin Şərqi və Cənub-Şərqi Asiya regionuna baş tutan səfərləri, keçirdiyi görüşlər ölkəmizin regionla siyasi, iqtisadi, humanitar əlaqələrinin inkişafına əlavə imkanlar yaradıb. Azərbaycanın Şərqi və Cənub-Şərqi Asiya regionu ilə əlaqələrinin genişlənməsində Vyetnamla siyasi, iqtisadi, humanitar sahələrdə münasibətlərin qurulmasının mühüm əhəmiyyəti var".

Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Yusif Bağırzadə deyib. O bildirib ki. Azərbaycan və Vyetnam arasında diplomatik münasibətlər 1992-ci ildə qurulub və 2014-cü ilin mayında Azərbaycan Prezidenti İlham Əliyevin Vyetnam Sosialist Respublikasına dövlət səfəri ölkələr arasındakı münasibətlər tarixində yeni səhifə açaraq, əlaqələrin bütün sahələr üzrə əməkdaşlığın inkişafına güclü təkan vermişdir:

"2015-ci ilin mayında isə Vietnam Sosialist Respublikasının Prezidenti Truong Tan Sangın Azərbaycana rəsmi səfəri baş tutub və bu səfər iki ölkə arasında qarşılıqlı faydalı əməkdaşlığın genişlənməsi və dərinləşməsinə şərait yaratmışdır. Belə ki, Çıonq Tan Şanqın səfəri çərçivəsində rəsmi şəxslərlə yanaşı, neft-qaz, energetika, inşaat, informasiya-kommunikasiya, maliyyə, sənaye, ticarət, turizm, nəqliyyat, əczaçılıq və digər sahələrin işgüzar dairələrinin iştirakı ilə Birinci Azərbaycan-Vyetnam biznes forumu da keçirilib.

Ümumiyyətlə isə Azərbaycan və Vyetnam arasında münasibətlərin tarixi daha qədimdir. Cənab Prezident bu günlərdə “Vietnam News Agency” agentliyinə müsahibəsində də dediyi kimi iki ölkəni yarım əsrdən artıq tarixə malik dostluq münasibətləri birləşdirir. Belə ki, 1959-cu ildə Vyetnam Demokratik Respublikasının Prezidenti Ho Şi Min Azərbaycan SSR-ə səfər edib. O dövrdə SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsini tutan Azərbaycanın Ümummilli Lideri Heydər Əliyev 1983-cü ildə Vyetnamda səfərdə olub. Şübhəsiz ki, bu əlamətdar səfərlər ölkələrimiz arasında əməkdaşlığın inkişafının möhkəm təməlinə çevrilib".

Politoloq qeyd edib ki, 2013-cü ildən hazırkı zamanadək Vyetnam Milli Assambleyasında (Parlament) Vyetnam-Azərbaycan Parlamentlərarası Dostluq Qrupu, Azərbaycan Respublikasının Milli Məclisində isə Azərbaycan-Vyetnam Parlamentlərarası Əlaqələr üzrə İşçi Qrupu yaradılmış, İqtisadi, ticarət, elmi və texniki əməkdaşlıq üzrə Azərbaycan-Vietnam Hökumətlərarası Komissiyası təsis edilmişdir:

"Qeyd olunan qurumlar Azərbaycanla Vyetnam arasında əlaqələrin davamlı inkişafına öz ciddi töhfəsini verməkdədir. Ölkələrimiz həm də ən böyük beynəlxalq təşkilatlar, o cümlədən Qoşulmama Hərəkatı və BMT çərçivəsində də səmərəli əməkdaşlıq edir.

Xüsusilə son illərdə iki ölkə arasında çoxşaxəli əməkdaşlığın qurululduğu müşahidə edilməkdədir. İki ölkə arasında ticarət dövriyəsinin həcmi artır, neft-qaz sahəsində əlaqələr inkişaf edir, kiçik və orta biznesin qarşılıqlı əlaqəsi üçün platformalar yaradılır. Paralel olaraq mədəni dialoq möhkəmlənir və nəqliyyat və logistika sferasında, ələlxüsus da, Azərbaycanın tranzit qovşaq olaraq artan əhəmiyyəti fonunda – yeni perspektivlər açılır. Bir sözlə coğrafi baxımdan uzaq olmasına baxmayaraq, Azərbaycan və Vyetnam praqmatik yanaşmaya və əsas sahələrdəki ümumi maraqlara söykənərək dayanıqlı və qarşılıqlı faydalı əlaqələr qurmaqdadır.

Azərbaycan və Vyetnam arasında iqtisadi əməkdaşlıq dinamikasına baxdıqda görürük ki, 2025-ci ilin ilk üç ayında ikitərəfli ticarət dövriyyəsinin həcmi 127,2 milyon dollar təşkil edib. Bunun 91,8 milyon dolları məhz Azərbaycandan Vyetnama ixrac olunan xam neftin payına düşür. Azərbaycana idxal isə 35,4 milyon dollar olub. Müqayisə üçün deyim ki, 2024-cü il ərzində iki ölkə arasında ticarət əməliyyatlarının ümumi həcmi cəmi 223,9 milyon dollar təşkil etmişdi və indi üç aylıq göstərici iqtisadi əlaqələrdəki davamlı artımı göstərir".

Politoloq deyib ki, işgüzar münasibətlərin inkişafında mühüm addımlardan biri də 2024-cü ildə Azərbaycanın Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə Vyetnamın Beynəlxalq Biznes Əlaqələri Klubu arasında sazişlərin bağlanması olub. Bu addım iki ölkənin sahibkarları arasında birbaşa əlaqələrin möhkəmləndirilməsinə və birgə layihələr üçün platformaların yaradılmasına yönəlib:

"Ölkələrimiz neft sahəsində də qarşılıqlı fəaliyyət göstərir. 2019-cu ildə Vyetnamın “Binh Son Refinery and Petrochemical Company” ilə SOCAR arasında müqavilə imzalanıb. Ölkə başçısı da müsahibəsində bu məqama toxunaraq neft sahəsində əməkdaşlığın möhkəm tarixi təmələ əsaslandığını bildridi. Çünki Azərbaycan mütəxəssisləri Vyetnamın neft sənayesinin yaradılmasında və inkişafında əsas rol oynayıblar. Təsadüfi deyil ki, 1981-ci ildə Sovet İttifaqının köməyi ilə yaradılan “Veso Petrol” müştərək müəssisəsinin ilk baş direktoru azərbaycanlı Cəlal Məmmədov olub.

İki ölkə arasında münasibətlərin inkişafında mühüm amillərdən biri də Sovet dövründə Azərbaycanda 5 minə yaxın vyetnamlı tələbənin təhsil alması ilə bağlıdır. Prezidentin də qeyd etdiyi kimi, onların bir çoxu hazırda Vyetnamın dövlət orqanlarında məsul vəzifələr tutur. Onu da deyim ki, cənab Prezidentin 2014-cü ildə Hanoya səfəri zamanı Azərbaycan ali məktəblərinin vyetnamlı məzunları ilə görüş də keçirilmişdi və nəticədə 2015-ci ildə Hanoyda Azərbaycan ali məktəblərinin məzunlarını birləşdirən Vyetnam-Azərbaycan Dostluq Assosiasiyası təsis edildi.
Vyetnamın Kommunist Partiyasının Mərkəzi Komitəsinin baş katibi To Lamanın ölkəmizə səfəri isə şübhəsiz ki, ikitərəfli əməkdaşlığın daha da dərinləşdirilməsinə xidmət edəcək. Məlum olduğu kimi səfər çərçivəsində Azərbaycan və Vyetnam arasında Strateji Tərəfdaşlığın qurulması haqqında Birgə Bəyanat, energetika sahəsində əməkdaşlıq haqqında, müdafiə sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumları, Ədliyyə Nazirlikləri arasında 2025-2027-ci illər üçün Əməkdaşlıq Proqramı, “SOCAR Trading Singapore PTE LTD” ilə “Binh Son Refining and PetrochemicaI JSC” arasında Anlaşma Memorandumu, elm, texnologiya, innovasiya və rəqəmsal inkişaf, mədəniyyət sahələrində əməkdaşlığa dair sənədlər imzalandı.

Sadalananları nəzərə alaraq deyə bilərik ki, bu səfər Azərbaycan-Vyetnam əməkdaşlığının inkişafında mühüm mərhələ olacaq".

Süleyman
Chosen
0
20
newscenter.az

10Sources