EN

Şimal bölgələri turistlərin diqqətini cəlb edir - TƏHLİL

Bakı, 8 may, AZƏRTAC

Media Təhlil Mərkəzinin (MTM) Dövlət Statistika Komitəsinin açıqladığı rəsmi rəqəmlər əsasında apardığı təhlilə görə, Azərbaycanın turizm potensialı mövsümi asılılıqdan çıxıb və ölkə ilboyu turistlər üçün cəlbedici məkana çevrilib.

AZƏRTAC Media Təhlil Mərkəzinin bu barədə təhlili yazısını təqdim edir.

2025-ci ilin I rübü soyuq aylar olmasına baxmayaraq, ölkəmizə gələn xarici turistlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 2,7 faiz və ya 8810 nəfər artaraq, 331 min 783-ə çatıb. Onların 64,9 faizini kişilər, 35,1 faizini isə qadınlar təşkil edib. Həmçinin bu dövrdə ölkəmizə səfər edən turistlərin 98,5 faizi hava, 1,5 faizi isə su yolu ilə Azərbaycana gəlib. Su yolu ilə gələnlər əsasən Türkmənistan və Qazaxıstan vətəndaşları olub.

Xatırladaq ki, 2024-cü ilin I rübündə ölkəmizə 322 min 973 nəfər turist gəlib. Bu isə 2023-cü ilin eyni dövrü ilə müqayisədə 44,2 faiz və ya 98 min 993 nəfər çox deməkdir.

Cari ilin yanvar-mart aylarında ölkəmizə səfər edən xarici turistlərin 61,81 faizinin və ya 205 min 87 nəfərinin əsas məqsədi istirahət və əyləncə olub.

İşgüzar məqsədlə ölkəmizə turizm səfəri edən xarici ölkə vətəndaşlarının sayı 72 min 485 nəfərə bərabər olub ki, bu da ümumi turist sayının 21,85 faizidir.

Hesabat dövründə Azərbaycana dostlarına və qohumlarına baş çəkmək üçün gələn xarici turistlərin sayı 42 min 846 nəfər olub. Onlar I rübdə ölkəmizə səfər edənlərin 12,91 faizini təşkil edib. 11 min 365 nəfər və ya xarici turistlərin 3,43 faizi ölkəmizə digər məqsədlərlə gəlib. Həmin turistlər arasında Azərbaycana müalicə və tranzit məqsədilə gələnlərin sayı çoxluq təşkil edib.

Cari ilin ilk 3 ayında ölkəmizə ən çox turist şimal qonşumuz olan Rusiyadan gəlib. Onların sayı 91 min 358 nəfərə çatıb ki, bu da ümumi turist sayının 27,5 faizinə bərabər olub.

İkinci sırada Hindistan qərarlaşıb. I rübdə ölkəmizə gələn turistlərin 15 faizini Hindistandan olan turistlər təşkil edib. Bu dövrdə Azərbaycana 49 min 779 hindistanlı turist gəlib.

Qardaş ölkə Türkiyə 40 min 332 turist sayı ilə üçüncü sırada yer alıb. Yanvar-mart aylarında ölkəmizə turizm səfəri edən türklərin sayı ümumi turistlərin 12,2 faizini təşkil edib.

Sonrakı sıralarda Qazaxıstan, Gürcüstan, Pakistan və Səudiyyə Ərəbistanından olan turistlər yer alıb. Digər ölkələrin hər birindən ölkəmizə səfər edənlərin sayı isə 10 mindən az olub.

Keçirdiyi gecələmələrin statistikasına əsasən, cari ilin yanvar-mart aylarında ölkəmizə gələn turistlərin böyük hissəsi (57,81 faiz) paytaxt Bakı şəhərinə səfər edib.

Qusar rayonu 8,07 faiz ilə ikinci sırada yer alıb. “Şahdağ” qış-yay turizm kompleksinin həmin ərazidə yerləşməsi Qusarı daha da cəlbedici bölgəyə çevirib.

Üçüncü sırada 4,49 faiz ilə Abşeron rayonu yer alıb. Bunu isə turistlərin Bakıya daha yaxın olmaq üçün yerləşməsi ilə əlaqələndirmək olar.

Növbəti ən çox turist cəlb edən bölgəmiz isə 3,86 faizə bərabər olan göstərici ilə Quba rayonudur. Qubanın Qusar və Şahdağa yaxın yerləşməsi, xüsusilə qış aylarında buranı turistlərin qış istirahəti üçün ideal məkana çevirir.

Beşinci sırada ölkəmizin turizm mərkəzlərindən biri sayılan Qəbələ rayonu (3,8 faiz) yer alır. Qəbələ rayonunda da qış-yay turizm kompleksinin (Tufandağ) olması turistlərin səfərinə təsir edən əsas amillərdən biridir.

2025-ci ilin I rübündə ölkəmizə səfər edən xarici turistlərin ümumi xərclərinin həcmi 600,7 milyon manat təşkil edib. Bu xərclərin 278 milyon manatı nəqliyyat xərcləridir. Ölkəmizə quru yolu ilə gediş-gəliş bağlı olduğundan bu göstəricinin yüksək olması anlaşılandır. Qeyd edək ki, nəqliyyat xərcləri ümumi xərclərin 46,29 faizinə bərabərdir.

Nəqliyyat xərclərindən sonra ən çox vəsait yerləşmə üçün sərf olunub. Daha dəqiq desək, cari ilin I rübündə xarici turistlərin yerləşmə xərcləri 125 milyon manat təşkil edib. Turistlərin əsasən paytaxt Bakıya səfər etməsi və paytaxtda 5 ulduzlu otellərin çox olmasını nəzərə alsaq, bu xərc başadüşüləndir. Qeyd edək ki, turistlərin yerləşmə xərcləri ümumi xərclərin 20,81 faizinə bərabər olub.

Cari ilin I rübündə turistlər qidalanmaya 108,6 milyon manat xərcləyiblər. Bu da bütün xərclərin 18,08 faizi deməkdir.

Alış-veriş üçün xərclənən vəsait 61,2 milyon manata və ya ümumi xərclərin 10,19 faizinə bərabər olub. 27,8 milyon manat həcmindəki xərclərə isə nəqliyyat vasitələrinin icarəsi, idman, əyləncə və s. daxildir.

 

Chosen
0
1
azertag.az

3Sources