EN

"Kontakt Home"da müştəriləri belə aldadırlar... 

Saytımıza şikayət daxil olub. Moderator.az xəbər verir ki, şikayətçinin sözlərinə görə, 29.03.2025-ci il tarixində “Kontakt Home” mağazalar şəbəkəsinin Nərimanov filialından  kredit müqaviləsi (1000912869 saylı müqavilə) bağlayaraq notebook (Huawei MateBook D16 Space Gray)  və digər iki növ aksesuar (1 ədəd maus və 2 ədəd qulaqlıq) alıb:
“5 gün sonra qüsurlu olduğu üçün notebook və maus  tərəfimdən mağazaya qaytarılmışdır. Daha sonra 2 ədəd qulaqlığın faizi ilə bir yerdə dəyəri tərəfimdən mağazaya ödənilmişdir. Yəni, tərəfimdən  notebookdan istifadə zamanı qurğunun qızması və yazı yazma zamanı donma halları müşahidə edildiyi üçün 5 gün sonra notebooku qaytarmaq məqsədi ilə mağazaya yaxınlaşdım. Bu zamanı notebooku və mausu qaytara biləcəyimi, adıma  380 AZN məbləğində xidmət haqqı olaraq borc qalacağı bildirilmişdi. Tərəfimdən filialın müvafiq əməkdaşlarına bu məbləğin səbəbi barədə sual verdim. Əvəzində “Kontakt Home”-Nərimanov filialının müvafiq əməkdaşları tərəfindən “biz notebooka müvafiq proqramlar yükləmişik və onlar ödənişlidir,məhsul qaytarılsa da o proqramların pulunu mənim  ödəməli olduğumu” bildirilmişdir”. 
 
Şikayətçi bildirib ki,  notebook və maus mağazaya qaytarılsa da “Kontakt Home” mağazasının müvafiq sistemində 380 AZN borc qalmaqda davam edir:
“Mənə əvvəlcədən müxtəlif proqramların ödənişli şəkildə noutbuka yüklənməsi və məhsulun qüsurlu olması halında, yəni 14 gün müddətində qaytarılarkən bu məbləğin mənim tərəfimdən ödəniləcəyi barədə heç bir məlumat verilməmiş və hər hansı sənəd təqdim olunmamışdır. Həmçinin mağaza əməkdaşları mənə bildirmişdilər ki, əgər məhsulun keyfiyyəti ilə bağlı narazılıq olarsa, 14 gün müddətində məhsul qaytarıla bilər, bu zaman heç bir problem yaşanmayacaq və müqaviləyə xitam veriləcəkdir. Belə ki, müqavilədə bu məsələyə dair hər hansı şərt qeyd edilməmiş və bundan əlavə mənə şifahi olaraq hər hansı məlumat verilməmişdir. Bu lazımsız proqramların yüklənməsindən mənim xəbərim olmamışdır.  Belə ki, ümumi ad altında mənə məlum olmayan, lazımsız və əhəmiyyətsiz proqramları  notebooka yükləyərək  onların pulunu məndən tələb edirlər. Notebook sifarişi zamanı qeyd edilən proqramlarla bağlı vətəndaşa məlumat vermədən proqram yükləyib,   səhv və yanlış məlumat verərək, vətəndaşların etibarından sui-istifadə edirlər. Yəni “Kontakt Home” mağazalar şəbəkəsinin Nərimanov Filialı xidmət haqqı adı altında vətəndaşın üzərinə əsassız və  qanunsuz olaraq əlavə xərclər qoymağa çalışır. Onu da qeyd edim ki, kredit müqaviləsini imzalayan zaman sənədləri mənə təqdim edən şəxsdən müqavilənin bir nüsxəsini tələb etməyimə baxmayaraq müqavilənin bir nüsxəsi, yəni  müqavilənin imza və möhürlü bir nüsxəsi tərəf olaraq mənə təqdim edilməmişdir”. 
 
O diqqətə çatdırıb ki, mağazanın qaynar xəttinə  bir neçə dəfə müraciət olunub və müqavilənin surəti istənilməsinə baxmayaraq, müqavilənin imza və möhürlü surəti mənə rəsmi formada təqdim edilməmiş və yalnız  imzasız tərəflərin adı qeyd edilən sənədin telefonla şəklini çəkmək imkanımın olduğu bildirilmişdir:
“Həmin  müqavilədə isə malın qaytarıldığı təqdirdə qeyd edilən ödənişin müştəri tərəfindən ödənilməsi barədə hər hansı müddəa əks olunmamışdır (1000912869 saylı müqavilə). “Kontakt Home” mağazalar şəbəkəsi  müştərilərlə hər hansı  müqavilə bağlanılması zamanı müqavilənin bir nüsxəsini müştərilərə-tərəfə vermirlər. Tərəfə verilən müqavilənin ödəniş göstəriciləri əks olunan əlavəsi olur. Müqavilə tələb olunan zaman isə bildirilir ki, müqavilənin bir nüsxəsinin tərəfə verilməsinə rəhbərlik tərəfindən  icazə verilmir. Bununla bağlı tərəfimdən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müraciət olunmağına baxmayaraq hər hansı bir nəticə əldə olunmamışdır. Notebook və maus tərəfimdən  mağazaya qaytarılmış və iki ədəd qulaqlığın pulu tərəfimdən mağazaya ödənilmişdir. Belə olan halda sözügedən müqaviləyə xitam verilməli və adıma hər hansı bir borc məbləği göstərilməli deyil. Qeyd edilənləri nəzərə alaraq vətəndaşların bu kimi hallarla  bir daha qarşılaşmamaları  və pozulan hüquqlarımın müdafiəsi üçün sözügedən müqaviləyə xitam verilməsində  köməklik göstərilməsini Sizdən  xahiş edirəm.  Bu barədə dövlət orqanlarına və mediaya məlumat verilsin ki, əhali aldadılmasın. Öncədən minnətdarlığımı bildirirəm”.
 
Chosen
0
moderator.az

1Sources