2025-ci ilin yanvar ayında Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında səhnələşdirilən “Qaraca qız” tamaşasına bilet almışdım. Televiziyada Vergi Məcəlləsində edilən dəyişikliklərlə bağlı proqramı izləyərkən ƏDV-nin artıq teatr tamaşalarına bilet alanda da geri qaytarıldığını eşitdim. Belə olduğu halda, ödədiyim məbləğin ƏDV hissəsi necə qaytarılacaq?
Valyuta.az xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, 2025-ci il yanvarın 1-dən Vergi Məcəlləsinin 165.5-ci maddəsində edilmiş dəyişikliyə əsasən, 2025-ci il iyulun 1-dən etibarən fiziki şəxs olan istehlakçılar tərəfindən teatr tamaşaları, film nümayişi, muzey ziyarəti və simfonik orkestrin konserti sahəsində göstərilən xidmətlərə görə nağdsız qaydada ödənilən ƏDV-nin 50 faizi geri qaytarılır.
Qeyd olunan dəyişiklik 2025-ci il iyulun 1-dən qüvvəyə mindiyindən, tərəfinizdən 2025-ci ilin yanvar ayında teatr tamaşasına alınmış bilet üzrə ödənilmiş ƏDV məbləği geri qaytarılmır. 2025-ci il iyulun 1-dən etibarən istehlakçılar teatr tamaşaları, film nümayişi, muzey ziyarəti və simfonik orkestrin konserti sahəsində göstərilən xidmətlərə görə nağdsız qaydada ödədikləri ƏDV-nin 50 faizini hazırda tətbiq olunan “ƏDV gerial” rejimində qaytara bilərlər.