Səudiyyə Ərəbistanı çempionatında 30-cu turun oyunları keçirilir.
"Football-plus.az" xəbər verir ki, Fatih Terimin çalışdırdığı “Əl-Şabab” üçün hesabat turu çox uğursuz alındı. Ər-Riyad təmsilçisi səfərdə “Əl-Fateh” ilə qarşılaşdı.
İddiasız “Əl-Fateh” elitada qalmaq üçün mübarizə aparırdı və bu üzdən daha güclü heyətə malik olan “Əl-Şabab” favorit sayılırdı. Ancaq oyunun əvvəlləri “İmperator”in komandası üçün kabus kimi keçdi. “Əl-Fateh” ilk 4 dəqiqədə vurduğu qollarla ciddi üstünlük yaxaladı. Argentinalı Kristian Quanka 13-cü dəqiqədə qollardan birinin əvəzini çıxaraq qonaqları ümidləndirsə də, “Əl-Şabab”ın sevinci uzun çəkmədi. 16-cı dəqiqədə meydan sahibləri daha bir qol vurdular.
Maraqlıdı ki, ilk 16 dəqiqəyə 4 qol sığışdığı halda qalan müddətdə başqa qol olmadı və “Əl-Fateh” 3:1 hesablı inamlı qələbə qazandı. Oyundan sonra əsəbi görünən ünlü türkiyəli çalışdırıcı mətbuat konfransında “Əl-Fateh”i təbrik edirəm. Layiqli qələbə qazandılar. Daha öncə başıma belə hadisə gəlməmişdi. İlk dəfə komandam ilk 15 dəqiqədə 3 top buraxdı” açıqlaması ilə kifayətləndi.
“Əl-Fateh” bu qələbə ilə düşmə zonasından 4 xal aralanmağı bacardı. 6-cı pillədə qərarlaşan “Əl-Şabab”ın isə turnir cədvəlində durumu elədi ki, komanda nə yüksələ bilir, nə də geriləmə təhlükəsi yaşayır. Ancaq komandanın çempionatda 9 oyunluq məğlubiyyətsiz seriyasının qırıldığını xüususi qeyd etməyə dəyər. “Əl-Şabab” son məğlubiyyətini fevralın 13-də “Əl-Qədsiyyə” ilə ev matçında (2:3) yaşamışdı. Növbəti turda “Əl-Şabab” Merih Dəmiralın şərəfini qoruduğu və Asiya Çempionlar Liqasında finala yüksəlməyi bacaran “Əl-Əhli”ni qəbul edəcək.
Yeri gəlmişkən, Fatih Terimin böyük qızı Merve Çətinlə bağlı sürpriz xəbər var. 41 yaşlı bu xanım həyat yoldaşının işi ilə bağlı 8 ilə yaxındı ABŞ-də yaşayır. Əsl ixtisası psixologiya olan və ABŞ-də də bu yöndə təhsil alan Merve Terim gözlənilmədən futbol sahəsinə keçməyə üstünlük verib. “Orlando Siti”nin uşaq komandasından ona menecerliklə bağlı təklif gəlib. Merve Çətinin oğlu Yaman da bu klubda top qovur. Futbola və uşaqlara marağı olan bu xanım təklifi qəbul edib. “Orlando Siti”nin uşaq komandasında Kolumbiya, Argentina, İtaliya, Venesuela və Türkiyədən yeniyetmə oyunçular çıxış edir. “Sabah” nəşrində yer alan məlumata görə bu klub indiyə qədər qatıldığı 7 turnirin 4-də qalib olub.
“Orlando Siti” sonuncu dəfə “Palm Beach Classic” turnirini qazanıb.