EN

Livanda Azərbaycan Evi açılıb

Kavaşra kəndində Azərbaycan Evinin açılış mərasimi münasibətilə 300 nəfərin iştirak etdiyi bədii tədbir də təşkil olunub.

Livanın Kavaşra kəndində Azərbaycan Evinin açılış mərasimi keçirilib.

Operativ Media xəbər verir ki, tədbirdə bu ölkədə yaşayan türkmanlarla yanaşı, yerli ictimaiyyətin nümayəndələri, Akkar quberniyasının müftisi, Vəqflər şöbəsinin müdiri, millət vəkilləri, bələdiyyə sədrləri, şeyxlər, müəllim və şagirdlər iştirak edib.

Mərasimdən öncə Kavaşra kəndində Qarabağ müharibəsi şəhidlərinin xatirəsinə ucaldılmış abidə ziyarət olunub. Tədbir Azərbaycanın və Livanın Dövlət himnlərinin səsləndirilməsi, şəhidlərin əziz xatirəsinin yad edilməsi ilə başlayıb.

Livanda Azərbaycan Evinin rəhbəri Xaled İsmayıl türkman icmasının fəaliyyəti və orada evin açılmasını zəruri edən səbəblərlə bağlı ətraflı məlumat verib: “Azərbaycan Evinin açılması türkmanların Azərbaycan tarixi, ədəbiyyatı və mədəniyyətini öyrənməsi üçün böyük fürsətdir. Bu imkanı bizə yaratdığına görə Azərbaycan dövlətinə minnətdarıq”,-deyə o bildirib.

Bu əlamətdar hadisə münasibətilə soydaşlarımızı təbrik edən Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini Vaqif Seyidbəyov Livanda Azərbaycan Evinin açılmasını iki ölkə arasındakı münasibətlərin inkişafı, eləcə də burada yaşayan türkman xalqının nümayəndələri üçün mühüm hadisə olduğunu söyləyib: “Bu günədək dünyanın 19 ölkəsində 30 Azərbaycan Evi açılıb. Bu evlərin açılması Azərbaycan dövlətinin və Prezident İlham Əliyevin xaricdə yaşayan soydaşlarımıza qayğısının ən bariz nümunəsidir. İnanıram ki, burada yaşayan türkmanlar Livandakı Azərbaycan Evinin xətti ilə iki ölkə arasındakı münasibətlərin inkişafına böyük töhfə verəcəklər”.

Təcrübə göstərir ki, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında, soydaşlarımızın tarix və mədəniyyətimizi, ana dilimizi öyrənməsində Azərbaycan Evlərinin xidməti əvəzsizdir.

Kavaşra kəndində Azərbaycan Evinin açılış mərasimi münasibətilə 300 nəfərin iştirak etdiyi bədii tədbir də təşkil olunub.

Chosen
0
8
operativmedia.az

9Sources