EN

Söz verdi, sustu – Cahangir Fərəcullayev hardadı?

Təxminən bir ay olar ki, AFFA-nın baş katibi Cahangir Fərəcullayevdən səs-səmir yoxdur. “Futbol infrastrukturunu sıfırdan qurmaq lazımdır” deyib, “evdə kosmetik təmir etməklə iş düzəlməz” açıqlamaları ilə gündəmə gələn baş katib, bu iddialı bəyanatlardan bir qədər sonra Fransaya yollandı.

Fərəcullayev elə ötən ayın bu günü FIFA-nın Parisdə yerləşən ofisində AFFA-nın keçmiş baş katibi, hazırda isə qurumun Avropa üzrə regional direktoru olan Elxan Məmmədovla görüşdü. Bu görüş sanki keçmişin kölgəsində yeni sima axtarışı idi. Və bu görüşdən sonra konkret olaraq nəticə hasil olmadı. Fərəcullayev vətənə döndü, lakin onun fəaliyyəti görünmədi. Nə bir açıqlama, nə bir plan təqdimatı, nə də ictimaiyyətlə təmas… Sanki yeni adlar köhnə ssenarini təkrarlamaqla məşğuldu.

Elə deyilsə, bu səssizlik nəyin əlamətidir? Strateji hazırlıq mərhələsidirmi, yoxsa idarəetmədəki boşluğun sübutu? Prinsipcə sonuncu daha məntiqli görünür. Hər halda bunu sükutun açıqlaması kimi də qələmə vermək olar.

Əslində, Fərəcullayevin “ev tikməliyik” deyimi yaxşı səslənir. Amma bu gün Azərbaycan futbolunda nə layihə var, nə təməl, nə də bünövrə. Əgər bu “ev” tikiləcəksə, onun üçün plan lazımdır. O planı da Belçika şirkətinə ödədiyiniz milyonlar qarşılığında yazdırdınız. O zaman ortalığa haqlı olaraq sual çıxır: Nəyi və ya kimi gözləyirik?

Simvolik görüşlər, fotoçəkdirmələrin başa çatacağını, işin icrasına ən qısa zamanda başlanılacağını ümid etdiyimiz ərəfədə, səssizlik, fəaliyyətsizlik müşahidə olunur. 

Futbol idarəetməsindəki bu sükut sanki sistemin özünə verdiyi səssiz qiymətdir. Bu mənzərə isə bizlərə yad deyil. Əgər bu səssizlik tezliklə hesabatlı fəaliyyətə çevrilməzsə, Azərbaycan futbolu hələ çox uzun müddət meydanlarda nəticəsiz illərə məhkum olacaq. Onun müddəti isə cəmi 3 ildi.

Səxavət Qurbanov

Chosen
0
1
idmanxeber.az

2Sources