
Qızıl balıq növləri tədricən su yırtıcılarına çevrilirlər. Son vaxtlar belə hadisələrlə çox qarşılaşan ekoloqlar baş verənlərdən şoka düşdüklərini və bütün bunların əsas səbəbini demək olar ki, aşkar etdiklərini söyləyiblər.
Reyting.az-ın məlumatına görə, elm adamları deyiblər ki, ilk baxışdan qızıl balığı gölə, yaxud kiçik bir gölməçəyə, dənizə buraxmaq ideyası çox nəcib təsir bağışlayır. Üstəlik, insanların əksəriyyəti fikirləşir ki, təki bir qızıl balıq şüşə qabda yox, təbiətdə üzsün, həm də azad yaşasın. Alimlərin fikrincə, bu cür jestlər sonradan problemə çevrilir.
Tədqiqatçılar düşünürlər ki, əslində kiçik ekosistemi məhv edən “canavarlardan” biri də məhz gözəl, həm də, diqqət cəlb edən qızıl balıqlardır. İlk baxışdan qızıl balıqlar zərərsiz görünürlər, ancaq bütün bunlar onların sualtı vəhşi təbiətdə yırtıcı mühit tapılana qədər olan vəziyyətidir.
Alimlərin sözlərinə görə, qızıl balıqlar vəhşi mühitə daha tez alışır, həmçinin onlar belə bir şəraitdə 50 santimetrə qədər böyüyür və çəkiləri iki kiloqramadək artır. Qızıl balıqlar yırtıcı tərzi mənimsəməklə, sanki yeni, təhlükəli bir iştaha sahib olurlar. Bu isə tədricən onların vərdişinə çevrilir. Beləliklə, qızıl balıqların ənənəvi qida rasionuna yumurta və bitki, həmçinin ət, sürfə kimi yemlər əlavə olunur.
Ekoloqların təqdim etdiyi digər bir məlumatda isə qeyd olunur ki, qızıl balıqlar tanımadıqları su hövzəsində başqa balıqlarla müqayisədə təcavüzkar olurlar. Bu balıq növləri ilkin mərhələdə liderliyə can atır və yerli növləri sıxışdırırlar. Daha sonra qızıl balıqlar hövzədəki bütün qida zəncirlərini məhv etməklə yanaşı, vəhşi faunanın hazır olmadığı bəzi xəstəliklərin yayılmasına şərait yarada bilən bir mühit formalaşdırırlar.
Ekoloqlar qızıl balıq saxlayanlara müraciət etməyi də unutmayıblar. Alimlər qızıl balıqların birbaşa vəhşi təbiətə buraxmamağı, yerli sığınacaqlara və yaxud heyvan hüquqları təşkilatları ilə əlaqə saxlayıb onlara təhvil verməyi tövsiyə ediblər.
Alimlərin xəbərdarlıq edirlər ki, qızıl balığı ən münbit şəraitdə saxlamaq, hətta onu yüksək şərtlər daxilində təhlükəsiz, geniş akvariumlarda qorumaq, ilk baxışdan bu zərərsiz görünən cəlbedici su canlısını nə vaxtsa, yırtıcıya çevrilməyəcəyinə zəmanət vermir.
Oqtay QORÇU