EN

Naxışlara düzülən mədəniyyət nümunələrimiz...

Beynəlxalq Xalça Festivalı keçirildi!

Ötən gün İçərişəhər, Qoşa Qala meydanında keçirilən Beynəlxalq Xalça Festivalı uğurla başa çatıb. Üç gün davam edən festivalın əsas məqsədi Azərbaycan xalçaçılıq sənətini beynəlxalq miqyasda tanıtmaq, bu qədim sənət növünün zəngin irsini və müasir inkişaf perspektivlərini nümayiş etdirmək, eləcə də müxtəlif ölkələrin xalçaçılıq ənənələri ilə qarşılıqlı təcrübə mübadiləsi aparmaq olub.

Forumda Özbəkistan, Türkmənistan, Albaniya, Almaniya, İngiltərə, Latviya, Gürcüstan, Qırğızıstan, Qazaxıstan, Rusiya, Yaponiya, İspaniya və digər ölkələrin nümayəndələri iştirak edib. 200-dən çox iştirakçının - sənətşünaslar, xalçaçı ustalar, tələbələr və incəsənət xadimlərinin iştirak etdiyi Forumda Azərbaycan xalçalarının tarixi, estetik özəllikləri və dünya mədəni irsindəki yeri haqqında geniş təqdimatlar yer alıb.

Yaddaşımız, kimliyimiz və tariximiz...

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarə Heyətinin sədri Rüfət Mahmud bildirib ki, Beynəlxalq Xalça Festivalının açılışı paytaxtımızda ilk dəfədir ki qeyd olunur: “Bu, festival bir çox mədəniyyətləri qovuşduran, ənənəni və incəsənəti birləşdirən tədbir oldu. Min illərlə tarixə şahidlik etmiş bu daş divarların olduğu məkanda xalça festivalının keçirilməsi xüsusi önəm daşıyır. Çünki İçərişəhərin küçələrin özü, daşları, keçidləri, binaları xalça naxışları kimi bir-biri ilə bağlı, harmonik və mənalıdır. Buranın ruhunda xalça var, bura xalçaçılığın yaddaşıdır. Xalça bizim üçün sadəcə bir sənət nümunəsi deyil. O bizim yaddaşımız, kimliyimiz və tariximizdir. Onun içində nənələrimizin duaları, analarımızın arzuları, ustadlarımızın sənətə olan sevgisi yaşayır. İçərişəhər xalçaçılıq sənətinə dərin kökləri ilə bağlıdır. Tarixən bu şəhər xalçaların ticarət mərkəzlərindən biri olub, yerli ustalar öz sənətlərini nəsildən-nəslə ötürərək nadir kompozisiyalar yaradıblar. Festivalımız dünyanın müxtəlif ölkələrindən gələn sənətkarları bir araya gətirərək xalçaçılıq irsini qorumaq və gələcək nəsillərə ötürmək üçün mühüm bir platforma yaratdı. İnanıram ki, bu festival yalnız sənəti deyil, dostluq və əməkdaşlıq ruhunu da toxuyacaq”.

Xalçalarımıza beynəlxalq bazarda böyük tələbat var

İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktorunun müavini Tural Hacılı bildirib ki, Azərbaycan xalçaları əsrlər boyu öz yüksək keyfiyyəti, unikal naxışları və zəngin tarixi ilə dünyada tanınıb: “Bu sənət nümunələrinin estetik və mədəni dəyəri, həmçinin əl işlərinin nadirliyi onların beynəlxalq bazarda böyük tələbat görməsinə səbəb olur. Azərbaycan xalçaçılıq sənətinin nümunələri Nyu-York, London və digər beynəlxalq mədəniyyət mərkəzlərində keçirilən sərgi və tədbirlərdə uğurla təqdim olunub. Bu sərgilər ölkənin mədəni irsinin tanıdılması və xalçaların ixrac potensialının artırılması baxımından mühüm rol oynayır. Xalçaçılıq sənəti ölkənin sosial-iqtisadi həyatında önəmli rol oynayır. Xalçaçılıq qadınların işlə təmin olunmasında mühüm sahələrdən biridir”.

Mədəniyyətimizi özündə yaşadan nümunələr

“Azərxalça” ASC-nin İdarə Heyətinin sədri, Əməkdar incəsənət xadimi Emin Məmmədov bildirib ki, bu gün Azərbaycan xalçaçılıq sənətini dünya müstəvisində tanıtmaq, onun zəngin irsini və gələcək inkişaf perspektivlərini nümayiş etdirmək vacibdir: “Ötən il Milli Xalça Festivalı təşkil etmişdik. Həmin uğurun davamı olaraq bu il ölkəmizdə ilk dəfə Beynəlxalq Xalça Festivalına start verdik. “Azərxalça”nən 14 emalatxanasında 500-dən çox toxucu fəaliyyət göstərir. Qurumun unikallığı ondadır ki, burada çalışanların 85 faizi kənd qadınlarıdır. Tədbir iştirakçıları festival günlərində həmin toxucuların özləri və toxuduqları xalçalarla tanış olaraq, həm də milli adət-ənənələrimizi, mədəniyyətimizi özündə yaşadan nümunələrimizi gördülər”.

400-dən artıq xalçadan istifadə olunub

Üç gün davam edən festival İçərişəhərin qədim küçə və meydanlarında əsl bayram ab-havasında keçirilib. İştirakçı ölkələrin milli pavilyonları qurularaq ziyarətçilərə müxtəlif xalçaçılıq məktəbləri, texnikaları və ənənələri nümayiş etdirilib. Festival müddətində yalnız İçərişəhərin bəzədilməsində “Azərxalça” ASC tərəfindən hazırlanmış 400-dən artıq xalçadan istifadə olunub. Minlərlə insan bu günlər ərzində festivalı izləmək üçün İçərişəhərə təşrif buyurub ki, bu da tədbirin həm yerli, həm də beynəlxalq miqyasda böyük maraq doğurduğunu nümayiş etdirib.

Azərbaycan xalçaçılıq sənətinin qədim tarixindən müasir dövrə uzanan inkişaf yolunu nümayiş etdirən Beynəlxalq Xalça Festivalı ölkəmizin mədəni irsinin beynəlxalq səviyyədə təbliğində əhəmiyyətli rol oynadı. İçərişəhərin tarixi mühitində bu cür genişmiqyaslı tədbirlərin uğurla təşkil olunması dövlətçilik tariximiz, həmçinin mədəniyyətimiz təbliği üçün əsas vasitədir.

Yeganə

Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği” istiqaməti üzrə hazırlanmışdır.

1Sources