Hindistanın mayın 6-na keçən gecə Pakistana hava hücumundan sonra bütün dünyanı nüvə müharibəsi qorxusu bürüdü.
“Geo News”a danışan Pakistanın müdafiə naziri Xavaca Məhəmməd Asif də iki ölkə arasında mütləq bir nüvə müharibəsi ehtimalının olduğuna diqqət çəkib.Müdafiə naziri deyib ki, Hindistan regionda hərtərəfli müharibəyə başlayarsa və belə təhlükələr yaranarsa, o zaman hər an nüvə müharibəsi başlaya bilər.
Asif bildirib ki, Yeni Dehli hökuməti Pakistanı nüvə müharibəsinə sövq edəcəyi halda, Hindistan bunun bütün nəticələrinə qatlanmaq məcburiyyətinə qalar.
Pakistanın müdafiə naziri CNN-ə açıqlamasında isə Hindistanın son hücumunu iki ölkə arasında gərginliyi artırmağa dəvət kimi qiymətləndirərək, ölkəsinin “hərtərəfli müharibədən” qaçmağa çalışdığını vurğulayıb.
Nazir Pakistan ordusunun tam miqyaslı müharibəyə hazır olduğunu, lakin belə bir müharibədən qaçmağa çalışdığını bildirib: "Biz hərtərəfli müharibəyə hazırıq. Buna heç bir şübhə yoxdur. Hindistan bu münaqişəni qızışdırır və risqlərini artırır, buna hazırlıqsız yaxalana bilmərik".
Asif Pakistan ordusu tərəfindən vurulduğu bildirilən Hindistan təyyarələri barədə də danışıb: "Hindistan artıq üç təyyarənin vurulduğunu etiraf edib. Bu təyyarələr yaxın hava döyüşlərində vurulub. Onlar bizim təyyarələr tərəfindən atılan raketlərlə vurulub".
Onu da xatırladaq ki, Hindistanın Pakistana hücumu nəticəsində ölənlərin sayı 31-ə çatıb, 57 nəfər isə yaralanıb.
TAHİR