EN

Heydər Əliyev: şəxsiyyət və lider

III məqalə

Üçüncü keyfiyyət

Heydər Əliyevin liderlik məharətinin növbəti keyfiyyəti uzun sürən fasilədən sonra Azərbaycanda müstəqil dövlətçiliyin uğurlu nümunəsini yaratmaq qüdrəti ilə bağlıdır.

Bunun daxili ideya aspektini yuxarıda vurğuladığımız iki parametr müəyyən edirsə (əlbəttə, şəxsi keyfiyyətləri, məsələn, yüksək zəka və yenilməz siyasi iradə), qlobal miqyasda H.Kissincerin “6 qəhrəman” siyasi liderinin fəaliyyətləri ilə müqayisədə aydınlaşa biləcək özəlliklər təşkil edəcəkdir. Onu da bir daha vurğulayaq ki, H.Kissincerə görə, həmin liderlər XX əsrdə dünya strategiyasının müəyyənləşməsinə ciddi təsir edən əsas siyasi fiqurlar kimi təqdim olunurlar. Yəni onları H.Kissincer “dünyanın ən güclü siyasi liderləri” hesab etmişdir. Böyük strateq və diplomat ciddi bir məqamı nəzərdən qaçırmışdır. İzah etməyə çalışaq.

Konrad Adenauer

XX əsr Almaniya tarixində “Adenauer erası” reyxin II Dünya müharibəsində fəlakətli məğlubiyyətindən sonra dövləti yenidən qurmaq mərhələsindən başlamışdır. Hitler Almaniyası XX əsrin 40-cı illərinə çox güclü dövlət kimi qədəm qoymuşdu. Öz güclərindən almanlar Avropanın digər güclü dövlətlərindən heyif almaq üçün istifadə etməyə çalışdılar. Almaniya faktiki olaraq 6-7 il dünya ilə savaşdı. Ayrıca SSRİ ilə böyük müharibəyə baş vurdu. Nəticədə cəmi bir neçə il əvvəl çox güclü olan bir Avropa nəhəngi çökdü. Qısa müddətdə Almaniyada Amerika – Böyük Britaniya – Fransa – SSRİ ortaqlığının hakimiyyəti quruldu. Almaniya üçün, bu, əsl dövlətçilik faciəsi idi. Üstəlik, vahid Almaniya parçalandı. Deməli, 1945-ci ildə alman dövlətçiliyi, faktiki olaraq, yox edilmişdi. 1949-cu ildə Almaniya siyasi tarixinin səhnəsinə ictimai-siyasi quruluşun xristian-sosial modelini hazırlamış Konrad Adenauer çıxdı. Təcrübə göstərdi ki, bu seçim “minillik reyx”in xilası oldu.

Həmin dönəmdə Almaniya, sözün həqiqi mənasında, sosial xaos içində idi. Müharibədən sonra müxtəlif ölkələrdən almanlar buraya axışırdılar. İşsizlik, psixoloji uyğunsuzluq, uduzan cəmiyyətin psixoloji natamamlığı, ölkənin parçalanması, hakimiyyətdə yadların üstünlük təşkil etməsi kimi problemlər alman syasi şüurunu tam məhvə aparırdı.

K.Adenauerin iki əsas strateji tezisini vurğulayırlar: Birincisi, Almaniya sosial bazar iqtisadiyyatı məkanı olmalıdır; İkincisi, “yeni Avropada yeni Almaniya”! H.Kissincer ikinci tezisi strateji anlamını açır. Vurğulayır ki, “Yeni Almaniya” ideyası alman şüurunda yüzillərlə hökm sürən “Avropada ağalıq” iddiasına son qoymuşdur. K.Adenauer faşist Almaniyasının məğlubiyyətindən sonra Avropada ağalıq deyil, birləşmə kursunu seçmişdir. Birləşmiş Avropanın “alman formulu” isə mütləq Almaniyanın öncəki mərhələlərinə qiymət verilməsini tələb edirdi. H.Kissincer yazır ki, K.Adenauer ağıllı və realist formada yeni strateji ideya irəli sürdü: “Barış!” Onun üç aspekti vardı: Birincisi, Almaniya II Dünya müharibəsində aldığı zərbələri təbii qəbul edərək, onlarla barışmalıdır; ikincisi, Almaniya minillik liderlik və ağalıq iddiasından əl çəkməli və taleyinin bir qisməti ilə qane olmalıdır, üçüncüsü, Almaniya bu iki prinsip əsasında özü Avropanı yeniləşdirməlidir ki, əsas məqsəd Avropanın birləşməsi olmalıdır!

Bu məqamı H.Kissincer böyük Avropa fəlakətindən sonra qitənin müharibədən sonrakı mərhələdə strateji inkişafının başlıca ideya qaynağı hesab edir. Təsadüfi deyildir ki, postmüharibə mərhələsində Avropa İttifaqının yaranmasında başlıca rolu oynayan dövlət Almaniya oldu!

Doğrudan da, Almaniya və Avropa üçün çox böyük dəyişiklik idi. Dünyanın strateji geosiyasi dinamikasının müəyyən edilməsində əsas rol oynayan proseslər idi. Burada K.Adenauerin məharətlə Avropada regional miqyasla dünya miqyası arasında siyasi və geosiyasi aspektlərdə, sabit inkişaf və təhlükəsizlik məsələlərində bir ahəngdarlıq yarada bildiyi şübhəsizdir! Buna görə də o, dünya miqyasında sayılmalı olan liderdir. Ancaq Almaniya və konkret K.Adenauer nümunəsinin bir neçə siyasi, tarixi və geosiyasi fərqliliyini unutmaq olmaz.

Birincisi, K.Adenauerə qədər Almaniyada əsrlərlə müstəqil və güclü alman dövlətləri kəsintisiz mövcud olmuşdu. Ayrıca XX əsrə Almaniya dünya miqyasında sözü keçən və böyük güclərlə mübarizə aparan nəhəng dövlət kimi daxil olmuşdu. Bu o deməkdir ki, K.Adenauerə məğlub olmuş və parçalanmış ölkə qalsa da, onun sosial, iqtisadi, hərbi, ideoloji bazası kifayət qədər güclü idi.

İkincisi, Almaniyanı dünyanın böyük gücləri məhv etmək, tamamilə xəritədən silmək kimi bir planları yox idi. Onlar Almaniyanın güclü olmasını, lakin aqressiv olmamasını, ancaq həm də anqlo-saks və fransız imperialist ideyalarından asılı olmasını istəyirdilər. Rusların qarşısını da məhz bu özəllik kəsdi.

Üçüncüsü. Almaniya ancaq 1945-ci ildə parçalanmışdı. Yəni tarixi baxımdan “təzə alman problemi” idi. Bu “yaranın sağalması”nda isə bütün Qərb dünyasının dövləti maraqları vardı.

Deməli, “almanların xilaskar lideri” itirilənləri bərpa etməli və yeni siyasi-diplomatik münasibətlər əsasında həm öz dövlətlərini yeniləşdirməli, həm də yenidən “alman modeli” əsasında Avropanı yeniləşdirməli idi. Bu, faktiki olaraq, “qapalı siyasi-diplomatik dairədir” – məğlubiyyətdən başlayan dövlət yenidən aparıcı olmalı və hətta bütün qitəni siyasi, geosiyasi, sosial-iqtisadi, təhlükəsizlik aspektlərində birləşdirməli idi!

Buna görə də bir fundamental, lakin bu məqsədlərə çatmağa imkan verəcək ideya tapmaq lazım idi. Onu K.Adenauer tapdı – “Barış!” H.Kissincer bu məqamı gözəl tutmuşdur.

Buradan siyasi-nəzəri və geosiyasi olaraq iki nəticə çıxara bilərik. Birincisi, K.Adenauerin yenilikçi lider olması üçün dövlətçilik baxımından böyük bazası vardı. İkincisi, Almaniya XX əsrin birinci yarısında etdiyi bütün dağıdıcı fəaliyyətinə rəğmən, yüzilin ikinci yarısından onun dövlətçiliyini məhv etməkdə qərarlı olan düşmənlərlə əhatə olunmamışdı. Əksinə, hadisələr göstərdi ki, Qərb dövlətləri Almaniyanın yeniləşməsinə nəinki əngəl olmadılar. Hətta onun bu fəaliyyətini təşviq edərək, həvəslə “yeni birləşmiş Avropa quruculuğunda iştirak etdilər. Avropa İttifaqında “alman ruhu” ciddi yer tutur. NATO-ya Almaniya hətta parçalanmış vəziyətdə dərhal daxil edildi. Üstəlik, Almaniyanın birləşməsi xətti NATO-nun hərbi ruhunda daim olmuşdur.

Bu iki nəticəni bir fəlsəfi müddəada birləşdirə bilərik: XX əsrin ikinci yarısında öncə Almaniyanın aqressiyasının qarşısını alan Qərb imperialist dairələri postmüharibə mərhələsində onun yenidən qurulması, sosial-iqtisadi dirçəldilişi və təhlükəsizliyinin təmini üçün kollektiv iradə nümayiş etdirdilər. Bir sözlə, bütün Qərb Almaniyanın yenidən güclənməsi üçün səfərbər oldu.

Almaniyada 1949-cu ildə cəmi 1 səs üstünlüyü ilə hakimiyyətə gələn K.Adenauer milli dirçəliş və inkişafın simvoluna çevrildi. Onun bu obrazının yaranmasında Qərbin siyasi dairələri ciddi rol oynadılar. Çünki onlar alman liderə qarşı informasiya müharibəsi aparmadılar, əksinə hər addımını təşviq etdilər və buna görə də sadə almanlar haqlı olaraq K.Adenauerin uğurlu lider kimi legitimliyini tam qəbul etdilər!

Müqayisə: liderimizin misilsiz şücaəti

Razılaşaq ki, XX əsrin son onilliyində Cənubi Qafqazda yerləşən və ölkə olaraq potensial baxımından Almaniyadan dəfələrlə zəif olan Azərbaycanda uğurlu lider olmağın fonunda K.Adenauerin fəaliyyəti xeyli sadə görünür. Bəli, K.Adenauerin Almaniya üçün etdikləri son dərəcə böyük əhəmiyyəti olan haldır. Lakin, o, SSRİ şinelindənn çıxmış, hər tərəfdən fiziki, siyasi, geosiyasi və hərbi aqressiyalara məruz qalan, müstəqil olmasını Türkiyədən başqa regionda yerləşən heç bir dövlətin istəmədiyi Azərbaycanda nə dərəcədə uğurlu ola bilərdi?

Əslində, Azərbaycan o vəziyyətə Qərbin və Rusiyanın imperialist dairələrinin uzun müddət apardıqları antitürk dövlətçiliyi siyasəti salmışdı (yeri gəlmişkən, Almaniya da o sırada idi, lakin müəyyən yumşaq fərqlərlə). İran isə Azərbaycanı, ümumiyyətlə, müstəqil dövlət kimi görmək istəmirdi və hər cür təxribatlara əl atırdı (indi münasibət müsbətə doğru dəyişmişdir ki, bu da Heydər Əliyevin dövlət quruculuğu kursunun uğurlarındandır).

Üstəlik, dünyanın böyük gücləri (ABŞ, Fransa, Böyük Britaniya, Almaniya və Rusiya) süni yaratdıqları Ermənistana Azərbaycan torpaqlarını işğal etməkdə ciddi dəstək verirdilər.

Bu proses 1989-cu ildə alovlandı və gedişat Azərbaycanı müstəqil dövlət kimi xəritədən silməyə doğru aparırdı. BMT miqyasında belə, Azərbaycana təzyiqlər getdikcə artırdı. Bu təşkilat ədalətli qətnamələr qəbul edərək, işğalçıların Azərbaycan ərazisindən çıxarılmasını təmin etmək əvəzinə, qərəzli oyuna başladı.

Lakin Avropanın özündə bu qərəzli oyun daha təhlükəli və şantajçı xarakterdə idi. ATƏT, Minsk qrupu və onun həmsədrləri bütün bu oyunların tam içində idilər. Yəni, faktiki surətdə bəzi istisnalar olmaqla dünyanın bütün gücləri Azərbaycanın dövlət kimi müstəqilliyini və ölkə kimi inkişafını istəmirdilər. Bunun üçün də ermənilərdən maşa kimi istifadə edərək mübarizə aparırdılar.

1991-1993-cü ilin iyununa qədər hakimiyyətdə olan səriştəsiz qruplar ölkəni daxildən parçalayır və onu fəlakətə sürükləyən ssenarilərin təsir dairəsinə salırdılar. Ölkə daxilində siyasi qüvvələrin münasibətləri qanuna yox, hərbə-zorbaya əsaslanırdı, hətta Azərbaycanı yenidən SSRİ-yə oxşar bir Rusiyapərəst quruma sürükləmək və bunun üçün müstəqilikdən belə imtina etməyə təhrik etmək tendensiyası hiss olunurdu.
Cəmiyyətin sosial aspektdə birliyi və aydın hədəfi yox idi. Kənardan cəmiyyəti etnik və dini məzhəbçilik əsasında parçalamağa çalışanlara qarşı tutarlı addımlar atılmırdı. Ümumiyyətlə, konkret dövlət quruculuğu kursu və strategiyası mövcud deyildi. Azərbaycan cəmiyyətini necə birləşdirmək xətti işlənməmişdi. Ənənəvi çağırışlar XX əsrin sonları üçün sadəcə populist təsir göstərirdi.

Bu qısa faktlar bizə, K.Adenauerlə Heydər Əliyevin lider kimi hansı şərtlər altında, hansı problemləri uğurla həll etməli olduqlarının müqayisəsini aparmağa imkan verir. Bu müqayisə, sadəcə olaraq, bizim milli qürurumuza sığal çəkmək üçün deyildir, onun vacibliyi məsələnin uğurlu liderlik nümunəsi kontekstində ciddi fəlsəfi-elmi və siyasi-nəzəri obrazını yaratmaqla əlaqəlidir.

(ardı var)

Füzuli QURBANOV,
XQ-nin analitiki, fəlsəfə elmləri doktoru

Chosen
0
xalqqazeti.az

1Sources