Bununla yenə də bir sifəti olmadığını göstərir
Azərbaycana xoş münasibətdə olmayan bəzi beynəlxalq təşkilatların səhvə yol verdikləri göz qabağındadır. Onlar daim öz kürsülərində ölkəmizə şər-böhtan yağdıranlara yer veriblər, təcavüzkara “dur” deməyiblər, heç pisləməyiblər də. İndiyədək belə “nümunələrin” şahidi çox olmuşuq. Nəhayət, haqq-ədalət öz yerini tutub, otuz il işğal altında qalan torpaqlarımız müzəffər ordumuzun gücü ilə azad edilib. Lakin Azərbaycan səhvini başa düşənləri bağışlayıb, onlara əməkdaşlıq da təklif edib. Çünki hər şeyə rəğmən zaman hər kəsi və hər şeyi öz yerinə qoyur...
Xəbər verildiyi kimi, Monteneqronun Budva şəhərində ATƏT Parlament Assambleyasının (ATƏT PA) İpək Yolu Qrupu və Monteneqro Parlamenti tərəfindən birgə təşkil olunan 5-ci Beynəlxalq Konfrans keçirilib.
Açılış mərasimində çıxış edən Monteneqro Parlamentinin Prezidenti Andrija Mandić İpək Yolu Qrupunun fəaliyyətini yüksək qiymətləndirərək, bu platformanın qədim İpək Yolu ənənələrini yaşatmaqla qitələrarası əməkdaşlığı gücləndirdiyini və ölkəsinin bu əhəmiyyətli tədbirə ev sahibliyi etməsini böyük etimad olduğunu bildirib.
ATƏT PA-nın İqtisadi Məsələlər, Elm, Texnologiya və Ətraf Mühit üzrə Ümumi Komitəsinin və İpək Yolu Qrupunun sədri Azay Quliyev çıxışında bildirib ki, 2017-ci ildə təsis olunan Qrup bu gün 27 ölkəni özündə birləşdirir və Assambleyanın ən dinamik və əhatəli platformalarından birinə çevrilib.
O, Qrupun “Şərq və Qərb, ənənə və yenilik, tarix və gələcək arasında körpü” rolunu ön plana çəkib.
ATƏT PA-nın vitse-prezidentləri Kriakos Haciyani və Pere Pons, Baş katib Roberto Montella, ATƏT-in Koordinatoru Bakıt Jusupov, QDİƏT PA-nın Baş katibi Asəf Hacıyev və digər çıxış edənlər İpək Yolu Qrupunun və Budvada keçirilən konfransın ATƏT regionu üçün əhəmiyyətini vurğulayıb, bu təşəbbüslərin çağdaş problemlərin həllinə ciddi töhfə verdiyini qeyd ediblər.
“Dayanıqlı Turizm: İnkişaf və Ekologiya Arasında Tarazlıq”, “Təmiz Enerji Dəhlizləri: Davamlı Gələcəyin Enerji Mənbəyi” və “İpək Yolu Regionunda Əlaqəlilik: Çağırışlar və İmkanlar” mövzusunda müzakirələr keçirilib.
ATƏT PA-nın İpək Yolu Qrupu tərəfindən Budva Bəyannaməsi qəbul edilib. Bəyannamədə dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığına hörmət prinsipi təsdiqlənib.
ATƏT PA-nın İpək Yolu Qrupu tərəfindən COP29-un Sədrliyini həyata keçirən Azərbaycanın təşəbbüsü ilə qlobal iqlim gündəliyinə daxil edilən dayanıqlı turizm, təmiz enerji dəhlizləri və ekoloji zonalar arasında əlaqənin gücləndirilməsi təşəbbüslərinə dəstək ifadə olunub.
Bəyannamədə bərabərlik, həmrəylik və qarşılıqlı hörmət ruhunda qarşılıqlı anlayışın möhkəmləndirilməsi, ortaq maraqlar və praktik əməkdaşlığın inkişafı məqsədilə parlament diplomatiyasına sadiqlik vurğulanır. Eyni zamanda, iqlim dəyişiklikləri, iqtisadi qeyri-sabitlik və geosiyasi gərginliklərin doğurduğu çağırışlar fonunda parlamentlərin koordinasiyalı və prinsipial reaksiyasının vacibliyi qeyd olunub.
Bəyannamə, həmçinin İpək Yolu regionunun qitələrarası körpü rolunu vurğulayaraq, bu baxışın parlament dialoqu və ümumi iqtisadi inkişaf məqsədlərinə uyğun layihələrlə dəstəklənməsinin vacibliyini qeyd edir.
İştirakçılar ATƏT PA-nın İpək Yolu Qrupunun inklüziv və gələcəyə yönəlmiş müzakirə platforması kimi rolunun gücləndirilməsinə sadiqliyini bir daha ifadə ediblər.
Tədbirin sonunda nümayəndələrin iştirakı ilə “Hər ölkəyə bir ağac əkək” adlı ekoloji layihə çərçivəsində ağacəkmə aksiyası keçirilib. Aksiya zamanı Azərbaycanın və digər üzv ölkələrin adına ağac əkilib.
Bizim üçün maraqlı odur ki, Azərbaycana qarşı bədxah mövqe tutmuş bəzi beynəlxaq təşkilatlar nəhayət, ciddi səhvə yol verdiklərini anlayıblar. Böyük İpək Yolu layihəsinin reallaşmasında Azərbaycansız keçinə bilmədiklərini hiss ediblər. Bu isə beynəlxalq nizamda ölkəmizin öz yeri olduğunu sübut edir. Reallıq onlara diktə edir ki, Azərbaycan müdafiə etdikləri və dünyadan təcrid edilmiş Ermənistan kimi zəif və dalana dirənmiş ölkə deyil. Bu bədbəxt ölkənin dalana dirənməsinin ən böyük səbəbi Azərbaycan ərazilərini işğal planlarından əl çəkməməsi, normal qonşuluq əlaqələrindən uzaq durmasıdır.
Azərbaycan bir çox iri beynəlxalq layihələrin müəllifi və iştirakçısıdır. Onunla tərəfdaşlıq edənlər həmişə qazanıblar. Hazırda Çindən başlayaraq Avropaya qədər uzanacaq nəqliyyat layihəsində iştirak edir. Çox keçməyəcək ki, bu layihə də reallaşacaq, ölkəmizə valyuta axını onun imkanlarını və iqtisadi qüdrətini xeyli yüksəldəcəkdir. Səhvini anlayıb əməkdaşlıq etməyə hazır olanlar üçün Azərbaycanın “tövbə” qapısı daim açıqdır...Buyursunlar!
Vəli İlyasov, “İki sahil”