EN

Polşalı qoleador Türkiyədən sonra bu ölkədə oynayacaq

Bu mövsüm məhsuldarlığı ilə diqqəti çəkən Kşiştof Pyontekin karyerasına harda davam edəcəyinə aydınlıq gəlib.

Məlum olduğu kimi, daha öncə “Cenoa”, “Milan”, “Herta”, “Fiorentina”, “Salernitana”da top qovmuş təcrübəli forvard 2023-cü ildən “İstanbul BŞ”nin şərəfini qoruyur. O hazırda 20 qolla Türkiyə çempionatında bombardirlər siyahısında “Qalatasaray”lı Viktor Osimhendən (22) sonra 2-ci pillədə qərarlaşıb. 29 yaşlı hücumçu bu mövsüm 44 rəsmi oyunda 30 qol vurub.

Polşalı futbolçunun belə məhsuldarlığı İstanbul nəhənglərinin ona marağını artırmışdı. “Beşiktaş”ın və xüsusilə də “Fənərbaxça”nın ona maraq göstərdiyi deyilirdi. Üstəlik Pyontekin İstanbulda çox xoşbəxt olduğu və karyerasını bu şəhərdə davam etdirmək istədiyi iddia edilmişdi. Amma başakşəhərlilərin ciddi bir təzminat tələb etməsi üzündən İstanbul nəhəngləri bu futbolçudan vaz keçməli oldular. Əslində Pyontekin klubla cəmi birillik müqaviləsi qalib. Buna baxmayaraq, “İstanbul BŞ” onun üçün 10 milyon avro tələb edirdi! Türkiyədə olmasa da, başqa ölkədə bu məbləği ödəməyə razı olan klublar tapılıb.

Türkiyə mətbuatının yazdığına inansaq, Pyontek karyerasını Qətərdə davam etdirəcək. O, BƏƏ təmsilçisi “Əl-Əyn” ilə Qətər təmsilçisi “Əl-Sədd” arasında seçim edərkən sonunculara üstünlük verib. Tərəflər arasında üçillik anlaşma əldə olunub. “Fanatik”in iddiasına görə başakşəhərlilər bu satışdan 10 milyon avro qazanacaq!

Bundan başqa, müqavilədə bonuslarla bağlı maddələr də yer alacaq. Pyontek bir müddət öncə etiraf etmişdi ki, artıq qışda Türkiyəni tərk etməyə çox yaxın idi. Sadəcə, həmin vaxt təklif qış transfer dönəminin bitməsinə bir neçə saat qalmış gəldiyi üçün onun ayrılmağa vaxtı çatmamışdı.

2023-ün yayından “İstanbul BŞ”də çıxış edən tanınmış futbolçunun indiyə qədər Türkiyə karyerasında 80 rəsmi oyunda 47 qol, 6 məhsuldar ötürməlik performans sərgilədiyini bildirək.

1Sources