EN

Azərbaycan-Vyetnam münasibətlərində yeni səhifə

Bu gün iki dost ölkə arasında qarşılıqlı faydalı tərəfdaşlıq üçün dayanıqlı zəmin yaradacaq, bununla da iqtisadiyyatlarımızın gələcəkdə daha da şaxələndirilməsinə kömək edəcək yeni əməkdaşlıq imkanları yaradılır

Qlobal miqyasda rolu və nüfuzu artan Azərbaycan dünyanın ən müxtəlif regionlarındakı dövlətlərlə ikitərəfli əlaqələrini genişləndirməkdədir. Bildiyimiz kimi, son illərdə Latın Amerikası, Afrika regionu dövlətləri ilə yanaşı, ölkəmiz Uzaq Şərq dövlətləri ilə də qarşılıqlı maraqlara əsaslanan münasibətlərini inkişaf etdirməkdədir. Bu baxımdan, Prezident İlham Əliyevin Şərqi və Cənub-Şərqi Asiya regionuna baş tutan səfərləri, keçirdiyi görüşlər ölkəmizin regionla siyasi, iqtisadi, humanitar əlaqələrinin inkişafına əlavə imkanlar yaradıb. Azərbaycanın Şərqi və Cənub-Şərqi Asiya regionu ilə əlaqələrinin genişlənməsində Vyetnamla siyasi, iqtisadi, humanitar sahələrdə münasibətlərin qurulmasının mühüm əhəmiyyəti var. Belə ki, 2013-cü ildə Azərbaycanın Vyetnamdakı səfirliyi fəaliyyətə başlayıb. Bu, ölkəmizin, bütövlükdə, Cənub-Şərqi Asiya regionunda açılan ilk səfirliyidir.

Xəbər verildiyi kimi, bu il mayın 7-8-də Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lam Azərbaycana dövlət səfərinə gələcəkdir. Səfər ərəfəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Vyetnam Sosialist Respublikasının “Vietnam News Agency” agentliyinə müsahibə verib. Ölkə başçısı öz müsahibəsində Azərbaycan və Vyetnam arasında əməkdaşlıq və ikitərəfli münasibətlərin vəziyyətinə mühüm yer ayırıb. Dövlət başçısı müsahibəsində söyləyib ki, ölkəmiz ikitərəfli əlaqələri bundan sonra da inkişaf etdirmək üçün bütün imkanlara malikdir: “Əvvəlcə qeyd etmək istərdim ki, Azərbaycanı və Vyetnamı yarım əsrdən artıq tarixə malik dostluq münasibətləri birləşdirir. Belə ki, 1959-cu ildə Vyetnam Demokratik Respublikasının Prezidenti Ho Şi Min Azərbaycan SSR-ə səfər edib. O dövrdə SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsini tutan Azərbaycanın Ümummilli Lideri Heydər Əliyev 1983-cü ildə Vyetnamda səfərdə olub. Şübhəsiz ki, bu əlamətdar səfərlər ölkələrimiz arasında əməkdaşlığın inkişafının möhkəm təməlinə çevrilib”.

Qeyd edək ki, Ulu Öndərin SSRİ Nazirlər Soveti sədrinin birinci müavini kimi Vyetnama səfər etməsi, müharibədən sonra ölkənin bərpasında və quruculuq işlərində Vyetnam xalqına dəstək verməsi bu gün də Vyetnamda minnətdarlıqla xatırlanır. Ötən əsrdə Azərbaycan vyetnamlı mütəxəssislərin yetişdirilməsində də xüsusi rol oynayıb. Bakıda təhsil alan 2 mindən çox vyetnamlı tələbə müxtəlif sahələrlə yanaşı, Azərbaycanın neft hasilatı və emalı üzrə zəngin təcrübəsini öyrənərək Vyetnamda neft sənayesinin formalaşdırılmasında tətbiq ediblər. Sadalananlar Azərbaycan ilə Vyetnam arasında böyük dostluq körpüsünün təməlinin qurulmasında əhəmiyyətli rol oynayıb.

Müsahibəsində iqtisadi-ticari münasibətlərə toxunan dövlət başçısı qeyd edib ki, bu gün təkcə iqtisadi artımı stimullaşdıracaq deyil, həm də qarşılıqlı faydalı tərəfdaşlıq üçün dayanıqlı zəmin yaradacaq, bununla da, öz növbəsində, iqtisadiyyatlarımızın gələcəkdə də şaxələndirilməsinə kömək edəcək yeni əməkdaşlıq imkanları mövcuddur. İkitərəfli əlaqələr son illər daha da inkişaf etməkdədir. Azərbaycanla Vyetnam arasında ikitərəfli əlaqələr, demək olar, stabil xarakterə malikdir.  Ümumiyyətlə, tərəflər arasında diplomatik münasibətlər 1992-ci ildə qurulub. 2014-cü ilin mayında Azərbaycan Prezidenti İlham Əliyevin Vyetnam Sosialist Respublikasına dövlət səfəri ölkələr arasındakı münasibətlər tarixində yeni səhifə açmış, əlaqələr bütün sahələr üzrə əməkdaşlığın inkişafına güclü təkan vermişdir. 2015-ci ilin mayında Vyetnam Sosialist Respublikasının Prezidenti Truong Tan Sangın Azərbaycana rəsmi səfəri isə Azərbaycan-Vyetnam münasibətlərinin tarixində vacib hadisə olmuş və iki ölkə arasında qarşılıqlı faydalı əməkdaşlığın genişlənməsi və dərinləşməsinə şərait yaratmışdır.

Bu gün Vyetnam Kommunist Partiyası ilə Yeni Azərbaycan Partiyası arasında əməkdaşlıq aktiv olaraq genişləndirilməkdədir. Həmçinin iki ölkə arasında qurulan parlamentlərarası əlaqələr dinamik şəkildə inkişaf etməkdədir. Eyni zamanda, hər iki ölkənin nazirlik və digər qurumları arasında birbaşa əlaqələr qurulmuşdur. Son illər ərzində Azərbaycan ilə Vyetnam arasında siyasi dialoq da yüksək səviyyədədir. Hər iki tərəfdən yüksək səviyyəli rəsmi şəxslərin qarşılıqlı səfərləri mütəmadi olaraq həyata keçirilir. 2013-cü ildən hazırkı zamanadək Vyetnam Milli Assambleyasında (Parlament) Vyetnam-Azərbaycan Parlamentlərarası Dostluq Qrupu, Azərbaycan Respublikasının Milli Məclisində isə Azərbaycan-Vyetnam Parlamentlərarası Əlaqələr üzrə İşçi Qrupu yaradılmış, iqtisadi, ticarət, elmi və texniki əməkdaşlıq üzrə Azərbaycan-Vyetnam Hökumətlərarası Komissiyası təsis edilmişdir. Həmçinin Hanoy şəhərində Vyetnam-Azərbaycan Dostluq Assosiasiyası və Azərbaycan Mədəniyyəti və Tarixi Araşdırmaları Mərkəzi yaradılmışdır. Qeyd olunan qurumlar Azərbaycanla Vyetnam arasında əlaqələrin davamlı inkişafına öz ciddi töhfəsini verməkdədir.

Azərbaycan Vyetnamla münasibətdə, əlbəttə, digər beynəlxalq oyunçuların, o cümlədən ABŞ və Çinin də bu dövlətə qarşı mövqeyini nəzərə alır. Azərbaycan və Vyetnam ən böyük beynəlxalq təşkilatlar, o cümlədən Qoşulmama Hərəkatı və BMT çərçivəsində səmərəli əməkdaşlıq edir. Prezident İlham Əliyev “Vietnam News Agency” agentliyinə müsahibəsində qeyd edib ki, Azərbaycan Vyetnamla iqtisadi və ticari əlaqələrin inkişafına böyük əhəmiyyət verir. “2024-cü ildə iki ölkə arasında əmtəə dövriyyəsinin həcmi 223,93 milyon ABŞ dolları olub. Sözsüz ki, bizim bu göstəricini gələcəkdə də artırmaq üçün potensialımız mövcuddur”, - deyən dövlətimizin başçısı ölkələrimizin neft sahəsində də qarşılıqlı fəaliyyət göstərdiklərini vurğulayıb.

Enerji sektoru Azərbaycan-Vyetnam əməkdaşlığının əsas dayaqlarından biri olaraq qalmaqdadır. Vyetnam uzun illərdir ki, Azərbaycan neftinin sabit alıcılarından biridir. Yalnız 2024-cü ildə Azərbaycandan 138,5 min ton xam neft və neft məhsulları ixrac olunub, bu isə 77,9 milyon ABŞ dolları dəyərindədir. Həmin il neft alışı baxımından Vyetnam alıcı ölkələr arasında 21-ci yeri tutub. SOCAR ilə Vyetnamın aparıcı enerji şirkətləri – “PetroVietnam” və “Vietsovpetro” arasında yataqların kəşfiyyatı, neft tədarükü və emalı sahələrində əməkdaşlıq artıq on ildən çoxdur ki, davam edir. 2015-ci ildə imzalanmış strateji tərəfdaşlıq haqqında saziş və 2018-ci ildə birgə müəssisələrin yaradılması barədə qəbul olunmuş qərar bu istiqamətdə mühüm mərhələlər hesab olunur. Xüsusi əhəmiyyət daşıyan məsələlərdən biri də SOCAR Trading şirkətinin 2020-ci ildə BSR ilə bağladığı müqavilələrdir. Bu müqavilələr çərçivəsində “Dung Quat” Neft Emalı Zavoduna beş milyon barrel “Azeri Light” markalı neft tədarük olunub. Bu, Vyetnamın xam neft idxalına tətbiq etdiyi rüsumu ləğv etməsindən sonra mümkün olub və Azərbaycan neftinə yeni ixrac imkanları açıb.

Azərbaycanın geostrateji mövqeyini və Orta Dəhliz (Trans-Xəzər beynəlxalq nəqliyyat marşrutu) çərçivəsində multimodal infrastrukturun inkişafını nəzərə alaraq, Vyetnam öz məhsullarının Avropa bazarlarına çatdırılması üçün Azərbaycanın tranzit potensialından istifadədə maraqlıdır. Azərbaycan sayəsində Orta Dəhliz davamlı inkişaf əldə edib: ölkə dəniz limanlarının, dəmir yollarının və logistika mərkəzlərinin müasirləşdirilməsinə investisiya qoyub. Müasir Bakı Beynəlxalq Dəniz Ticarət Limanına və inkişaf etmiş dəmir yolu infrastrukturuna malik olan Azərbaycan Avrasiya məkanında əsas logistik mərkəzə çevrilib. Bütün bunlar Azərbaycanın qlobal tədarük zəncirlərində mühüm halqaya çevrilməsini təmin edir və vyetnamlı ixracatçılara Cənubi Çin dənizi və Suveyş kanalı kimi ənənəvi, daha uzun yolları keçmədən yeni marşrutlar təklif edir.

Ölkələrimiz arasında mədəni əlaqələr müxtəlif təşəbbüslər və layihələr vasitəsilə inkişaf etməkdə və möhkəmlənməkdə davam edir. Heydər Əliyev Fondu 2018-ci ildə Ha Giang əyalətində ibtidai məktəbin tikintisi də daxil olmaqla, Vyetnamda fəal surətdə layihələr həyata keçirir. Bu ilin aprelində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Vyetnama səfəri çərçivəsində vitse-prezident Vo Ti An Suan, Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsi Baş katibinin xanımı No Fon Li, yaradıcılıq sənayesinin nümayəndələri, Hanoy Ticarət və Turizm Kollecinin rəhbərləri, həmçinin Azərbaycanda təhsil almış vyetnamlı məzunlarla görüşüb. Görüş çərçivəsində Hanoy Ticarət və Turizm Kollecinə Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə bağlı sertifikat təqdim edilib.

Sevinc Azadi, “İki sahil”

Chosen
0
4
ikisahil.az

5Sources