"Football-plus.az" xəbər verir ki, Karlo Ançelottinin komandasının hələ də çempionluq uğrunda mübarizə aparmaq şansı var, ancaq son turlarda zəifləmiş müdafiə xətti ilə meydana çıxmalı olacaq. İş ondadı ki, madridlilər bir gündə üç müdafiəçi itirib. Yalnız 4 sağlam müdafiəçi var.
Rüdiger, Alaba və Mendi...
Antonio Rüdiger “Real” üçün əvəzolunmaz oyunçudu: bu mövsüm yalnız Federiko Valverde ondan çox oynayıb. Bununla belə, alman müdafiəçi son 7 ayda ağrılarla oynadığını etiraf edib. Dizindəki ağrılar ona əzab verib, kubokun final oyunundan sonra isə ağrı daha dözülməz hal alıb. Antonio sol dizinin qapağında qismən qırılmadan əziyyət çəkir. Son aylarda nəinki oyunlarda, hətta məşqlərdə də ağrıkəsicilərin köməyindən yararlanıb. Onun sosial şəbəkədə yer alan paylaşımı:
“Yeddi ay ərzində güclü ağrılar içində oynayandan sonra, təəssüf ki, diz qapağından əməliyyat olunmaq qaçılmaz idi. Nəhayət, ağrıdan quruldum - əməliyyat uğurla keçdi. Həkimlər komandasına sağ ol deyirəm. Mümkün qədər tez yaşıl meydana dönmək istəyirəm, axı məni irəlidə iki böyük turnir gözləyir – Millətlər Liqası və klublararası dünya çempionatı. Ancaq indi həftələri arxada qoymalıyam, ondan sonra baxarıq. Bunun baş verməsi üçün mümkün olan hər şeyi edəcəm. Tezliklə görüşənə qədər. Özünüzü qoruyun”.
Bərpa prosesi planauyğun şəkildə getsə, Antonio klublararası dünya çempionatında “Real”ın formasını geyə biləcək. Təxminən həmin vaxt yenidən dizindən zədələnən David Alaba da sıraya dönməlidi. Avstriyalı bu dəfə sol diz qapağında ağrı hiss edib. Klub bununla bağlı rəsmi açıqlama yayıb. 32 yaşlı Davidin Madriddəki karyerası faciəvi alınıb: o, zədələr üzündən faktiki son iki mövsümdə oynamır. Bu müddətdə müxtəlif xarakterli zədələr alıb.
Daha bir sıradan çıxan müdafiəçinin – Ferlan Mendinin də dönüş vaxtı məlum deyil. Fransalının zədəsi haqda xəbəri də klubun mətbuat xidməti yayıb. O, son “el klasiko”da zədə alaraq artıq 11-ci dəqiqədə meydanı tərk etməli olub.
Yalnız dörd sağlam müdafiəçi var
Madridlilər müdafiə xəttində böyük problem yaşayır. Axı yenicə sıradan çıxan Rüdiger, Mendi və Alabadan başqa yalnız növbəti mövsüm yaşıl meydana çıxa biləcək Eder Militao ilə Dani Karvaxal da hazırda lazaretdədi. Onların hər birinə xaçvari bağların qırılması diaqnozu qoyulub.
“Real” mövsümün həlledici hissəsinə dörd sağlam müdafiəçi ilə qədəm qoyur. Bunlar Raul Asensio, Lukas Vaskes, Fran Qarsiya və Xesus Valyexodu. Özü də sonuncu heç bir başqa variant olmayanda oyun praktikası qazanır. Futbolçu bu mövsüm cəmi bir dəfə meydana çıxıb və 10 dəqiqə oynayıb. Ançelotti zədə üzündən yarımmüdafiəçilərdən Orelyen Çuameni ilə Eduardi Kamavinqanın da xidmətindən məhrumdu. By futbolçuların hər biri problemli mövqeləri qapatmaq üçün yarayardı.
Və məhz belə şəraitdə “Real” daha bir “el klasiko”ya çıxmalıdı. İspaniya futbolunun nəhəngləri mayın 11-də 35-ci tur çərçivəsində üz-üzə gələcək. Ançelottinin komandası belə “yaralı” vəziyyətdə çempionluq uğrunda mübarizəni son ana qədər davam etdirə biləcəkmi? Tezliklə bu sualın cavabı məlum olacaq.