EN

"Heydər Əliyev irsini öyrənmək nəsillərin qarşısında duran ən vacib məsələdir"

 

07 may 2025-ci il tarixdə Şabran rayon Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyası (YAP) Şabran rayon təşkilatının 2025-ci il üçün illik tədbirlər planına müvafiq olaraq "Konstitusiya və Suverenlik ili" çərçivəsində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş tarixi dərslərin növbəti məşğələsi keçirilmişdir.

Şabran rayon ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdlərinin iştirakı ilə keçirilən tədbirdə çıxış edən YAP Şabran rayon təşkilatının sədri Mehdi Balabəyov Ulu öndər Heydər Əliyevin siyasi irsinin öyrənilməsinin vacibliyinə toxunaraq müstəqil Azərbaycan respublikasının banisi Heydər Əliyevin Azərbaycan Konstitusiyanın müəllifi olduğunu vurğulayıb qeyd etmişdir ki, Ümummilli lider Heydər Əliyevin bizlərə əmanət etdiyi zəngin dövlətçilik irsi və həyat fəlsəfəsi öz xalqına həmişə sədaqətlə xidmət etmək, Azərbaycan Respublikasını müstəqil bir dövlət kimi formalaşdırmaq və onu dinamik inkişaf yoluna qoymaq olmuşdur.

Məhz Heydər Əliyevin həyat və yaradıcılıq yoluna nəzər saldıqda Ulu öndərin fəaliyyətinin ilk dövründən başlayaraq ömrünün sonuna kimi gördüyü işlərin bu fəlsəfəni həyata keçirmək məqsədi daşıdığının şahidi oluruq. Ona görə də Heydər Əliyev irsini daim öyrənmək, qorumaq, təbliğ və tətbiq etmək bugünkü və gələcək nəsillərin qarşısında duran ən vacib və aktuallığını heç vaxt itirməyən qlobal məsələdir. Heydər Əliyev fenomeninə məxsus iti zəka, müdriklik, uzaqgörənlik və əzmkarlıq ona əvəzsiz Ümummilli Lider mövqeyi qazandırıb.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qeyd etdiyi kimi: "Heydər Əliyev bütün zamanlarda, bütün dövrlərdə Azərbaycan xalqına ləyaqətlə xidmət etmişdir. Azərbaycanın müstəqilliyinin əbədi, dönməz olmasında, iqtisadi potensialının möhkəmlənməsində, bölgədə və dünyada nüfuzunun artmasında onun müstəsna xidmətləri var. Hazırda bu siyasət davam etdirilir. Bu gün ulu öndər Heydər Əliyev bizimlə deyil, ancaq onun siyasəti yaşayır, onun qurduğu müstəqil Azərbaycan yaşayacaqdır".

Tədbirin sonunda Yeni Azərbaycan Partiyası (YAP) Şabran rayon təşkilatı və Şabran rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş “Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan Heydər Əliyevin həyat amalının təntənəsidir” mövzusunda Şabran rayon ümumtəhsil məktəbləri arasında keçirilmiş yazı inşa müsabiqəsinin qalibləri fəxri farmanlarla təltif olunmuşlar.






 
 
Chosen
0
azreform.info

1Sources