Hüseyn İbrahimov: “Bütün bunlar bir daha Qərbin əsil simasını ortaya qoyur”
İsrail hökuməti Qəzza zolağının tam ələ keçirilməsi və uzunmüddətli hərbi nəzarətin saxlanılması barədə yeni planı təsdiqləyib. Bu barədə “Associated Press” iki israilli rəsmiyə istinadla məlumat yayıb.
Planın məqsədi HƏMAS-ın məhv edilməsi və girovların azad olunmasıdır. Bu strategiya İsrail ordusunun Qəzzanın cənubuna doğru genişmiqyaslı irəliləməsini nəzərdə tutur və humanitar böhranın daha da dərinləşməsi ehtimalını artırır. Hazırda İsrail artıq bölgənin təxminən 50 faizini nəzarət altına alıb. Sənəddə həmçinin HƏMAS-a humanitar yardımın ötürülməsinin qarşısını almaq üçün mexanizmlər təklif olunur. İsrail tərəfi BMT-yə yeni yardım bölgüsü modeli təklif edib: özəl mühafizə şirkətləri, tanınma sistemləri və SMS bildirişləri ilə idarə olunan logistik mərkəzlər. BMT isə bu təklifi rədd edərək bildirib ki, bu mexanizm onun humanitar prinsiplərinə ziddir və əhalinin məcburi köçürülməsi riski yaradır.
Göründüyü kimi, İsrail Qəzzanı tam tutmaq və qeyri-müəyyən müddətə öz işğalında saxlamaqla bağlı qərar verib. Vəziyyət o yerə gəlib çatıb ki, İsrailin özündə belə ictimaiyyət nümayəndələri buna etiraz edir, mitinqlər keçirir, ancaq dünyada özünü demokrat sayan ölkələrindən tərpəniş yoxdur. Niyə?
“BMT İsrailə etiraz edir, amma bu təşkilatın daimi üzvü olan Fransa Qəzza məsələsində az qala lal və kordur”
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən İdarəçilik Akademiyasının müəllimi Hüseyn İbrahimov hesab edir ki, Qərbin belə susqun mövqe tutacağı gözlənilən idi: “Ən azından ona görə ki, 2023-cü ilin oktyabrından Qəzzada vəhşət yaşanır. Bu müddət ərzində 50 mindən çox insan öldürülüb. Qəzza faktiki olaraq xarabalığa çevrilib. Bəzi ümumi bəyanatlardan başqa nə Avropa İttifaqı təsisatları səviyyəsində, nə də Avropanın aparıcı dövlətləri timsalında yaşanan fəlakətə, humanitar böhrana münasibət yoxdur. ABŞ prezidenti Donald Tramp Qəzzada yaşayan ərəblərin Misirə, digər ölkələrə köçürülməsindən dəm vurur. Qarabağda yaşayan etnik ermənilər öz istəyi ilə oranı tərk edəndə başda Fransa olmaqla erməniləri himayə edən bəzi dövlətlər üstümüzə gəlirdilər. Həyasızcasına Azərbaycanı “etnik təmizləmə”də ittiham edirdilər. Halbuki, Qarabağda etnik təmizləmə ilə bağlı bir dənə olsun fakt yox idi. Fransa bir neçə dəfə Qarabağla bağlı məsələni BMT Təhlükəsizlik Şurası müstəvisinə çıxarmağa çalışdı ki, Azərbaycana qarşı sanksiyalar qəbul edilsin. İndi həmin Fransa İsrailin Qəzzanı tamamilə ələ keçirmək planını görməzdən gəlir, buna susur. Bir dəfə olsun Qəzzanın bərpası ilə bağlı donor qismində iştirak etmək təşəbbüsü ilə çıxış etməyib. Belədə ali dəyərlərdən, insanların fundamental hüquqlarından danışan Fransa siyasi hakimiyyəti nəyə görə buna reaksiya vermir? BMT İsrailə etiraz edir, amma bu təşkilatın daimi üzvü olan Fransa Qəzza məsələsində az qala lal və kordur. Bütün bunlar bir daha Qərbin əsil simasını ortaya qoyur. Demokratiyadan, insan hüquqlarından öz məqsədləri üçün istifadə etdiyini sübut edir”.
Vidadi ORDAHALLI