EN

“Konstitusiya və Suverenlik İli” çərçivəsində Gürcüstanın Qardabani şəhərində elmi-praktik konfrans keçirilib

Tbilisi, 7 may, AZƏRTAC

2025-ci ilin Azərbaycanda "Konstitusiya və Suverenlik ili" elan edilməsi çərçivəsində Gürcüstanın Qardabani şəhərində elmi-praktiki konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, konfrans Azərbaycan Respublikasının Diasporla İş Üzrə Dövlət Komitəsinin dəstəyi və Qardabani Təhsil və İnteqrasiya Mərkəzinin (QTİM) təşkilatçılığı ilə keçirilib.

Qardabani şəhər Sakrebulosunun binasında baş tutan tədbir Azərbaycanın və Gürcüstanın dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.

Azərbaycanın və Gürcüstanın ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəmanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Sonra QTİM-nin direktoru Çiçək Hüseynova çıxış edərək hər bir müstəqil dövlətin möhkəmlənməsində konstitusiyanın rolu barədə ətraflı məlumat verib, müstəqillik, suverenlik və konstitusiya quruluşunun mahiyyəti barədə danışıb.

Sonra Azərbaycanın Gürcüstandakı səfirliyinin məsul əməkdaşı Cavid Məhərrəmov Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş “Konstitusiya və Suverenlik İli”nin əhəmiyyəti barədə ətraflı məlumat verib. Bildirib ki, 1995-ci ildə Ulu Öndərin rəhbərliyi ilə Azərbaycanın Milli Konstitusiyası qəbul edilib. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində torpaqlarımızı işğaldan azad edib və Azərbaycanın bütün ərazisində suverenliyimizi bərpa edib.

“Xalqımız böyük qürur və fəxarət hissi ilə bu il müəllifi Ümummilli Liderimiz Heydər Əliyev olan Milli Konstitusiyamızın qəbul edilməsinin 30-cu və Prezident, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Vətən müharibəsində qazanılmış tarixi qələbəmizin 5-ci ildönümünü təntənə ilə qeyd edəcək. Əminliklə deyə bilərik ki, mühüm tarixi əhəmiyyətə malik olan bu Sərəncam tarixi zəfərimizin regionda və dünya siyasətində yol açdığı yeniliklərin, eyni zamanda, 1995-ci ildə Milli Konstitusiyamızın qəbul edilməsindən ötən dövr ərzində Azərbaycanın hüquqi dövlət kimi möhkəmlənən mövqeyinin təqdimatında əsaslı rol oynayacaq”, - deyə C.Məhərrəmov vurğulayıb.

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşı Elvin Əsgərov çıxışında ilk Milli Konstitusiyamızın qəbulunda Ulu Öndərin müstəsna xidmətləri, Vətən müharibəsində qazanılan uğurlar barədə ətraflı məlumat verib. Bildirib ki, Azərbaycan dövləti Gürcüstanda yaşayan soydaşlarımızın və digər xarici ölkələrdəki diaspor təşkilatlarımızın qayğısına qalır.

Daha sonra ictimai fəal, İqtisadiyyat üzrə fəlsəfə doktoru Aygül İsayeva, Gürcüstan Ağsaqqalar Şurasının sədri İsak Novruzov, Qafqaz Müsəlmanları İdarəsinin Gürcüstan üzrə nümayəndəsi Məhəmməd Şamilov, professor Mahmud Kamaloğlu çıxış edərək konstitusiyanın hər bir ölkənin həyatında, milli mənəvi dəyərlərin, insan hüquq və azadlıqlarının qorunmasında rolunu xüsusi qeyd ediblər.

 
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Chosen
0
azertag.az

1Sources