Polşa baş naziri Donald Tusk barəsində hədiyyəni qanunlara uyğun şəkildə qeydiyyata almadığı üçün cinayət işi başlana bilər.
News24.az Musavat.com-a istinadla xəbər verir ki, bu barədə "Rzeczpospolita" qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Polşa baş nazirinə nadir tarixi əşya – 1745-ci ildə Polşa kansleri Andjey Zaluski tərəfindən Osmanlı imperiyasının böyük vəzirinə yazılmış məktubu hədiyyə edib.
Tusk bu hədiyyənin fotosunu özü sosial şəbəkə platforması "X"də paylaşıb.
"Rzeczpospolita" xatırladır ki, Polşa qanunvericiliyinə əsasən, əgər məmur dəyəri minimum əməkhaqqının yarısını aşan bir hədiyyə alırsa, o, bu hədiyyəni 30 gün ərzində rəsmi qeydiyyata almalıdır. Lakin hədiyyə ilə bağlı bu prosedur yerinə yetirilməyib.
Qeyd edək ki, Polşada minimum əməkhaqqı 790 zlotı (təxminən 197 dollar) təşkil edir və qəzetin qeyd etdiyinə görə, Tuskun aldığı bu nadir əşyanın dəyəri bu məbləğin yarısını dəfələrlə üstələyir.
Məqaləyə cavab olaraq Polşa hökumətinin informasiya mərkəzi bildirib ki, baş nazirin aldığı sənəd “şəxsi hədiyyə deyil, Polşa xalqına verilmiş hədiyyədir” və ictimaiyyətə nümayiş olunacaq. “Baş nazirin Polşa dövləti adından aldığı bütün hədiyyələr aparatın balansında qalır və ya muzeylərə təhvil verilir”, – deyə açıqlamada bildirilir.
Qanuna görə, dövlət reyestrinə daxil edilməli olan qiymətli hədiyyənin qeydiyyatının unudulması məmur üçün üç ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırıla bilər.