“Milli Məclisin deputatı, həmkarımız Azər Badamovun Moskva hava limanından geri qaytarılması təbii ki, narahatedici faktordur.
Bilirik ki, Azər Badamov rəsmi səfərə gedirdi və Moskvadan Həştərxana uçmalı idi. Ulu öndər Heydər Əliyevin anadan olmasının 102 illiyi münasibətilə Həştərxanda keçirilən tədbirdə nümayəndə heyətinin tərkibində Azər Badamov da iştirak etməli idi. Lakin Rusiya sərhədçiləri tərəfindən onun ölkəyə buraxılmaması Azərbaycan və Rusiya arasındakı müsbət münasibətlərə zərər gətirir. Qeyd etmək lazımdır ki, Milli Məclisin deputatının diplomatik pasportu olur, toxunulmazlığı var və bu səfər öncədən razılaşdırılır, təbii olaraq diplomatik kanallarla səfərlərə gedənlərin siyahısı əvvəlcədən bəlli olur.
Biz burda qərəzli yanaşmanın olduğunu görürük. Tutalım, Azər Badamov Rusiyada “arzuolunmaz şəxs” kimi qeydə alınıbsa bu öncədən Rusiya tərəfindən bildirilməli idi və onun da adı həmin siyahıdan çıxarıla bilərdi ki, belə xoşagəlməz hal baş verməsin”. Bu fikirləri “Bakı-Xəbər”ə millət vəkili Azər Badamovun Moskva hava limanında saxlanılaraq Azərbaycana deport edilməsinə münasibət bildirərkən deputat Vüqar İsgəndərov bildirdi.
V.İsgəndərov qeyd etdi ki, Rusiya tərəfin qarşı tərəfə heç bir məlumat vermədən belə bir addım atmasının kökündə bu ölkənin qərəzi dayanır. “Biz burda açıq-aydın Rusiya tərəfin qərəzini görürük. Bu Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatında Rusiya tərəfindən Azərbaycana qarşı atılmış qeyri-dost addımının göstəricisi kimi vurğulandı. Belə münasibət yalnız bir deputata deyil, Azərbaycan parlamentinə, dövlətlər arasındakı münasibətlərə xələl gətirir. Rusiya Xarici İşlər Nazirliyində kifayət qədər erməni əsilli əməkdaş çalışır. Ola bilər ki, bu Rusiyanın yuxarı instansiyaları ilə razılaşdırılmadanXİN səviyyəsində həyata keçirilib. Amma bütün bunlar iki ölkə arasındakı münasibətlərə xələl gətirir”.
V.İsgəndərov qeyd etdi ki, Azərbaycan XİN bununla bağlı bəyanat yayıb və Rusiya XİN-nin buna adekvat cavab verməsini gözləyir: “Düşünürük ki, insidentlə bağlı Rusiya XİN açıqlama verməlidir. Bu məsələnin kökündə nələrin durduğu aydınlaşmalıdır. Düşünürük ki, siyasilərə belə münasibətlər bilərəkdən göstərilirsə bu yalnız ölkələr arasındakı münasibətlərdə çox mənfi rol oynayır. Bilirik ki, bunların hər birinin kökündə qərəz durur. Əgər münasibət Rusiya Dövlət Dumasının deputatı Valuyevin Azərbaycana qarşı həqarətlərinə cavab verilməsinə görədirsə Azərbaycan deputatlarından əvvəl Rusiya Federasiyası, əlaqədar qurumlar Valuyevə öz yerini göstərməli idilər. O Azərbaycana və azərbaycanlılara qarşı həqarət etmişdi, başından böyük danışmışdı. Ona görə də belə şəxslərin adekvat bəyanatları, münasibətləri, fikirləri bu və digər formada insident yaradır”.
V.İsgəndərov hesab edir ki, belə məsələlər də ölkələr arasındakı münasibətlərə kifayət qədər zərər vurur.
İradə SARIYEVA