Hindistan və Pakistan arasında yenidən gərginlik yaşanır. Son məlumatlara görə, Pakistan Hərbi Hava Qüvvələri Hindistana məxsus bir neçə döyüş təyyarəsini vurub. Sərhəd yaxınlığında baş verən hadisələr tərəflər arasında vəziyyətin daha da kəskinləşəcəyinə işarə edir.
KONKRET.az xəbər verir ki, Pakistan tərəfi Hindistanın üç müxtəlif tipli hərbi təyyarəsini məhv etdiyini açıqlayıb. Məlumata görə, Hindistan Hərbi Hava Qüvvələrinə məxsus “Rafale” tipli qırıcı 75 kilometr məsafədə – Hindistan sərhədindən uzaqda vurulub. Bundan əlavə, “Mirage-2000” təyyarəsi sərhədə yaxın məsafədə – Uyan bölgəsində, təxminən 65 kilometr məsafədə məhv edilib. Üçüncü təyyarə – “Su-30MKI” isə sərhəddən cəmi 15 kilometr aralıda, Ahnor bölgəsində vurulub.
Hadisə Hindistan və Pakistan arasında onsuz da kövrək olan münasibətlərin növbəti dəfə ciddi şəkildə sınağa çəkildiyini göstərir. Analitiklər yaxın günlərdə hər iki tərəfin məsələ ilə bağlı daha sərt bəyanatlar verəcəyini və mümkün eskalasiyanın istisna olunmadığını bildirirlər.
Natiq Səlim
KONKRET.AZ