Mayın 7-də Qaradağ rayonunda yerləşən Heydər Əliyev Mərkəzində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının banisidir” mövzusunda dəyirmi masa keçirilib.
“Qafqazinfo” xəbər verir ki, tədbirdə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, Milli Məclisin deputatları, YAP Qaradağ RT-nin sədri Qafar Əliyev, Qaradağ Rayon İcra Hakimiyyəti baçşısı yanında Şuranın üzvləri, rayon icra hakimiyyəti başçısı aparatının şöbə müdirləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Qaradağ Rayon İcra Hakimiyyəti başçısı Süleyman Mikayılov bildirib ki, Ümummilli Lider Heydər Əliyev Azərbaycan tarixinə müstəqil dövlətçiliyin siyasi, iqtisadi əsaslarını yaradan, xalqın müstəqil və güclü dövlətə sahib olmaq arzusunu reallığa çevirən şəxsiyyət kimi düşüb.
Heydər Əliyevin sayəsində Azərbaycan aqrar ölkədən inkişaf etmiş sənaye ölkəsinə çevrildi. Sovetlər dövründə bütün sahələrdə ən qabaqcıl respublika oldu. İkinci dəfə xalqın tələbi ilə Azərbaycan rəhbərliyinə gələn dahi şəxsiyyət qısa zaman kəsiyində ölkədə hökm sürən xaos və özbaşınalığa son qoydu, qlobal layihələrin əsasını yaratdı. Həmin əsaslar üzərində Prezidentimiz İlham Əliyev Azərbaycanı sürətli inkişaf yoluna qoyaraq bölgədə və dünyada ən nüfuzlu ölkə halına gətirdi. İllərlə problemə çevrilən Dağlıq Qarabağ münaqişəsinə son qoydu, ölkəmizin suverenliyini və ərazi bütövlüyünü tam təmin etdi.
Daha sonra çıxış edən Milli Məclisin deputatları Anar İsgəndərov, Aydın Hüseynov, Səbinə Xasayeva, YAP Qaradağ RT-nin sədri Qafar Əliyev Ulu Öndərin müxtəlif sahələrdə əldə etdiyi nailiyyətlərdən, ölkəmizin inkişafına verdiyi töhvələrdən geniş söhbət açıblar.
Sonda Qaradağ Rayon İcra Hakimiyyəti başçısı Süleyman Mikayılov tədbiri yekunlaşdıraraq qeyd edib ki, Ümummilli Liderimiz Heydər Əliyev həmişə Azərbaycan xalqının mənafeyini düşünən bir öndər olub, bu istiqamətdə apardığı ardıcıl və məqsədyönlü siyasət onun bütün fəaliyyətinin əsasını təşkil edib. Bu gün Azərbaycanda həyata keçirilən böyük tədbirlər məhz Heydər Əliyevin ölməz ideyalarının həmişəyaşar, əbədi olduğunu bir daha sübut edir. Ulu Öndərimizin uzaqgörənliyi, müdrikliyi və fədakarlığı onu dünya azərbaycanlılarının lideri səviyyəsinə qaldırıb.








