EN

"Biz qəsbkar deyilik, azadlıq və demokratiya üçün varıq" - Bayden

 
"Bir quldur diktatora başqasına məxsus torpaqları zəbt etməyə icazə vermək onu dayandırmayacaq..."
 
ABŞ-ın keçmiş prezidenti Co Bayden bəyan edib ki, Donald Tramp administrasiyasının Ukraynaya ərazilərinin bir hissəsini Rusiyaya verməyi tələb etməsi "müasir sakitləşdirmə siyasəti"dir.
 
Moderator.az xəbər verir ki, bu barədə o, "bbc.com" nəşrinə müsahibəsində bəyan edib.
 
Putin və Tramp
 
Jurnalistlər Baydenin dəfələrlə vurğuladığını xatırladıb: Rusiya diktatoru Vladimir Putinə ərazilər verməklə onu dayandırmaq mümkün deyil. Bayden müsahibəsində "əksini düşünənlər sadəlövhdür" deyib.
 
Mayın 5-də Delaver ştatında çıxışı zamanı Bayden Trampın dövründə ABŞ və Avropa arasındakı münasibətlərin pisləşməsinin onu narahat etdiyini bildirib. O, Trampın "müasir dünya tarixini dəyişdirəcəyini" düşünür.
 
Jurnalistlərlə söhbətdə Bayden Trampın Panama kanalını geri qaytarmaq, Qrenlandiyanı almaq və Kanadanı ABŞ-ın 51-ci ştatı etmək kimi təkliflərini də tənqid edib: "Burada nə baş verir, axı? Hansı prezident belə danışır? Biz belə deyilik. Biz qəsbkar deyilik, azadlıq, demokratiya və fürsətlər üçün varıq".
 
Bayden Tramp administrasiyasının Ukraynanın ərazilərindən imtina etməklə sülh əldə edə biləcəyi barədə fikirlərini də şərh edib. Onun sözlərinə görə, bu, 1930-cu illərdə Britaniyanın sabiq baş naziri Nevill Çemberlenin Hitlerə güzəşt cəhdlərini xatırladır, nəticəsi isə fəlakətli müharibə olub "Bu, müasir sakitləşdirmə siyasətidir”, - Bayden bəyan edib.
 
Bundan əlavə, Bayden Avropanın artıq "ABŞ-a güvənib-güvənməyəcəyi" ilə bağlı suallar verdiyini deyib: "Qitə liderləri düşünür: Mən indi nə etməliyəm?... ABŞ-ın yanımızda olacağına güvənə bilərikmi?".
 
Bayden həmçinin Trampın Putinə münasibətini də kəskin tənqid edib və ABŞ administrasiyasının Rusiya diktatoruna qarşı çox yumşaq davrandığını bildirib: "Mən anlamıram, insanlar necə düşünür ki, bir quldur diktatora başqasına məxsus torpaqları zəbt etməyə icazə versək, o, bununla kifayətlənəcək? Bu məntiqli deyil".
 
O, eyni zamanda vurğulayıb ki, əgər Ukrayna ərazilərindən imtina etsə, NATO-nun Rusiya ilə həmsərhəd bəzi üzvləri də Putinə güzəştə getməli ola bilər.
 
Ukraynaya dəstək
 
Bayden hesab edir ki, onun dövründə ABŞ Ukraynaya lazımi dəstəyi verib. O, Rusiya işğalının üç ili ərzində Ağ Evin bir çox məhdudiyyətləri aradan qaldırdığını xatırladıb: "Biz onlara müstəqilliklərini təmin etmək üçün lazım olan hər şeyi verdik və əgər Putin yenidən hərəkətə keçsəydi, daha sərt cavab verməyə hazır idik".
 
Oval kabinet qalmaqalı
 
Bayden fevralın 28-də Ukrayna prezidenti Vladimir Zelenski, ABŞ-ın vitse-prezidenti Cey Di Vens və Tramp arasında baş verən qalmaqala da münasibət bildirib: "Hadisənin gedişatı Amerikanın adına yaraşmırdı", - Bayden deyib.
Chosen
0
moderator.az

1Sources