Azərbaycan Respublikasına dövlət səfərinə gələn Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin (MK) Baş katibi To Lamın rəsmi qarşılanma mərasimi olub.
APA-nın xəbərinə görə, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Vyetnam Sosialist Respublikası Kommunist partiyasının Mərkəzi Komitəsinin Baş katibinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lamı və xanımı No Fon Lini qarşılayıb.
Fəxri qarovul dəstəsinin rəisi Vyetnam Sosialist Respublikası Kommunist partiyasının Mərkəzi Komitəsinin Baş katibinə raport verib.
Prezident İlham Əliyev və Baş katib To Lam fəxri qarovul dəstəsinin qarşısından keçiblər.
Vyetnam Sosialist Respublikası Kommunist partiyasının Mərkəzi Komitəsinin Baş katibi Azərbaycan əsgərlərini salamlayıb.
Vyetnam və Azərbaycanın dövlət himnləri səslənib.
Azərbaycanın dövlət və hökumət nümayəndələri Baş katib To Lama, Vyetnam nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə təqdim olunub.
Azərbaycan Prezidenti və Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi rəsmi foto çəkdiriblər.