Bu il ixtisas qruplarına bir sıra yeni ixtisaslar əlavə olunub. Bəs, həmin ixtisaslar hansılardır? Yeni ixtisaslar keçid ballarına təsir edəcəkmi?
Mövzu ilə bağlı Manset.az-a danışan təhsil eksperti Elçin Əfəndi bildirib ki, Dövlət İmtahan Mərkəzi və Nazirlər Kabinetinin müvafiq qərarına əsasən yeni ixtisaslar yaradılıb:
"Bu ixtisaslardan bəziləri I ixtisas qrupuna aiddir: data analitikası, proqram təminatı mühəndisliyi, riyaziyyat və fizika müəllimliyi ixtisasları. III ixtisas qrupunda isə bəzi ixtisasların adları dəyişdirilib. Belə ki, “Korreksiyaedici təlim” ixtisası “Xüsusi pedaqogika” ixtisası ilə əvəz olunub. Xüsusi təyinatlı ali təhsil müəssisələri üçün isə yeni bir ixtisas – “İctimai təhlükəsizlik” ixtisası yaradılıb. Digər bir yeni ixtisas isə IV ixtisas qrupuna daxildir və bu, “Qidalanma və dietologiya” ixtisasıdır".
Elçin Əfəndi qeyd edib ki, bu ixtisasların yaradılması əmək bazarında müvafiq sahələr üzrə kadr çatışmazlığının qarşısını almaq məqsədi daşıyır:
"Yeni ixtisasların əlavə olunması plan yerlərinin artmasına və buna bağlı olaraq keçid ballarına təsir göstərir. Belə ki, plan yeri artdıqda bəzi ixtisaslarda keçid ballarında müəyyən enmələr müşahidə oluna bilər.
Lakin biz müşahidə edirik ki, vətəndaşlar, xüsusilə abituriyentlər, yeni yaradılan ixtisaslar barədə kifayət qədər məlumatlı olmadıqları üçün bəzən bu ixtisaslara müraciət etmirlər. Bu da həmin ixtisasların keçid ballarının nisbətən aşağı olması ilə nəticələnir. Buna görə də düşünürəm ki, abituriyentlər ixtisas seçimi edərkən mövcud imkanlar və ixtisaslar haqqında dolğun informasiya əldə etməlidirlər".
Seyranə Quliyeva