EN

Ermənistanın yeni Konstitusiyası olacaq – HAZIRLIQLARA BAŞLANDI

Ermənistanın ədliyyə naziri Srbui Qalyan ölkəsinin yeni Konstitusiyasının hazırlanacağını bəyan edib. Onun sözlərinə görə, sənədin tam mətni növbəti 10 ay ərzində hazırlanacaq.

Bizim.Media erməni mətbuatına istinadən xəbər verir ki, hal-hazırda layihə üzərində iş aparılır, müxtəlif hüquqi yanaşmalar və alternativ variantlar nəzərdən keçirilir.

Nazir bildirib ki, Konstitusiya layihəsi hazırda ilkin hazırlıq mərhələsindədir və müzakirələr geniş ictimaiyyətin və ekspert dairələrinin iştirakı ilə davam etdiriləcək. Bununla belə, Ermənistanın müstəqillik haqqında Bəyanatına istinadın konstitusiyadan çıxarılması məsələsinin hələlik gündəmdə olmadığını da xüsusi olaraq vurğulayıb.
 

Qeyd edək ki, baş nazir Nikol Paşinyan daha əvvəl bu istiqamətdə fikirlər səsləndirmişdi.


Xatırladaq ki, Azərbaycan tərəfi Ermənistan Konstitusiyasında dəyişiklik edilməsini tələb edir. Söhbət, xüsusilə sənəddə Azərbaycanın ərazi bütövlüyünə qarşı yönəlmiş iddiaları ehtiva edən müddəaların çıxarılmasından gedir.

Rəsmi Bakı hesab edir ki, Ermənistanla imzalanacaq sülh müqaviləsinin real və davamlı olmasının əsas şərtlərindən biri məhz bu cür iddiaların hüquqi sənədlərdən tamamilə çıxarılmasıdır. Ermənistan Konstitusiyasında hələ də Azərbaycanın Qarabağ bölgəsinə dair dolayı və ya açıq istinadların olması regionda sabitliyə təhlükə yaradan əsas mənbələrdən biri kimi qiymətləndirilir.

Bizim.Media

Chosen
0
bizim.media

1Sources