EN

Bakı düşünür, hesablayır və nəticə çıxarır: “Regionda sabitlik istəyənlərin Azərbaycanla hesablaşmaqdan başqa alternativi qalmır”

“Azərbaycan son illərdə sadəcə enerji ixracatçısı yox, siyasi təşəbbüsləri ilə də bölgənin aparıcı oyunçusuna çevrilib. Samir Şərifovun Suriyaya səfəri bu diplomatik fəallığın növbəti bariz nümunəsidir”.

Bunu Editor.az-a açıqlamasında siyasi analitik Tural İsmayılov deyib.

Onun sözlərinə görə, Bakı artıq yalnız beynəlxalq tədbirlərdə iştirak edən deyil, həmin tədbirləri formatlaşdıran tərəfdir:

“Azərbaycanın hərbi-siyasi balansı qorumaq bacarığı regionda nadir bir model kimi qəbul edilir. BMT, İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatındakı fəaliyyəti onun çoxtərəfli diplomatiyasının gücünü göstərir.
Suriyada sabitliyin bərpasına dəstək vermək, əslində, Azərbaycanın “sülh ixracı” konsepsiyasının real tətbiqidir. Azərbaycanın rekonstruksiya və humanitar sahələrdə ortaya qoyduğu təcrübə artıq nümunə kimi göstərilir – bura Qarabağda həyata keçirilən quruculuq işləri də daxildir. Suriyaya bu bacarığın ötürülməsi Bakı üçün yalnız iqtisadi deyil, siyasi kapital baxımından da qazanc deməkdir.
Ölkənin liderliyi regionda güc balansını qoruyan “ağıllı oyunçu” obrazını daha da möhkəmləndirir. Azərbaycanın xarici siyasəti artıq passiv diplomatiya deyil, aktiv və strateji planlama üzərində qurulur. Bu fonda Şərifovun səfəri yalnız texniki əməkdaşlıq deyil, həm də “Azərbaycan modelinin” ixracı cəhdidir. “Azərbaycan modeli” dedikdə təkcə sabitlik və inkişaf nəzərdə tutulmur – bu, həm də suverenliyi qoruyaraq qlobal oyunlarda çevik iştirak formasıdır. Bakı heç kimin orbitinə düşmədən hər kəsin etibar etdiyi tərəfdaş statusunu qorumağı bacarır. Bu da Azərbaycanın diplomatik mədəniyyətini və tarazlıq siyasətini real güc faktoruna çevirib.

Nəticədə Azərbaycan Yaxın Şərqdəki qarşıdurma mühitində barışığın mümkün tərəfi kimi qəbul edilir. Ölkə həm ərəb dünyasında, həm də türk coğrafiyasında hörmətlə qarşılanan nadir “körpü dövlətlərdən” biridir. Bu isə ona Suriyadakı kimi mürəkkəb regionlarda mühüm vasitəçi rolunu qazandırır”.

T. İsmayılovun sözlərinə görə, dünya yeni geosiyasi bloklaşmalara sürükləndiyi bir dövrdə Azərbaycanın “təklikdə sabitlik” formulu müdrik siyasətin göstəricisidir:

“Bakı düşünür, hesablayır və nəticə çıxarır – çoxlarının emosiyalarla hərəkət etdiyi bir coğrafiyada. Bu səbəbdən Azərbaycan indi artıq oyunçuların mövqelərini müəyyən edən, yeni oyun qaydaları təklif edən ölkəyə çevrilir. Regionda sabitlik istəyənlərin Bakı ilə hesablaşmaqdan başqa alternativi qalmır. Və bu, təsadüf deyil – bu, Azərbaycanın illərdir qurduğu sistemli və uzaqgörən siyasətin məhsuludur”.

//Gülnarə Abasova, Editor.az

Chosen
0
editor.az

1Sources