PSJ-nin baş məşqçisi Luis Enrike Çempionlar Liqasının yarımfinal mərhələsində "Arsenal"la keçiriləcək cavab oyunu barədə fikirlərini bölüşüb.
Operativ Media xəbər verir ki, o, qalib gəlmək üçün daha çox mübarizə aparmalı olacaqlarını bildirib.
"Biz istər-istəməz tər tökməli olacağıq, çünki rəqiblərimizə çatmaq lazımdır. Cavab oyununda qalib gəlmək üçün ideyalarımıza sadiq qalmalı və mümkün qədər ilk matçın səviyyəsinə yaxın oynamalıyıq. Hələ oyunçu olanda Arteta ilə tanış olmaq mənə qismət oldu. Çox gənc idi, amma mən onu güclü şəxsiyyət kimi xatırlayıram. O, böyük futbolçu idi və böyük məşqçi oldu. Ona ən yaxşısını arzulayıram, amma bizə qarşı oyunda yox", – deyə Enrike bildirib.
Qeyd edək ki, PSJ və "Arsenal" arasında Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab oyunu mayın 7-də Parisdə, "Parc des Princes" stadionunda keçiriləcək. Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. İlk görüş Paris təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.