EN

Ortaq qurduğumuz biznesin uğur sirrləri - SƏHƏR OXUSU

Təcrübəli sahibkarlar potensial biznes ortalıqlarının onlar üçün ən doğru seçim olub-olmadığını müəyyənləşdirmək üçün bəzi strategiyalardan istifadə edirlər.

Uğurlu biznes təşəbbüsləri çox vaxt uğurlu ortalıqlar üzərində qurulur. Amma bəziləri də düzgün qurulmamış işbirlikləri nəticəsində asanlıqla uğursuzluğa düçar ola bilir.

Valyuta.az hər hansı bir iş ortalığı qurmazdan əvvəl mütləq nəzərə alınmalı olan məlumatları təqdim edir:

Daxili hisslərinizə güvənin və hər rəsmi sənədlərlə həll edin

Uğurlarımızın böyük hissəsini vaxtilə qurduğumüz uğurlu iş ortalıqlarına borclu ola bilərik. Lakin bu ortalıqlarda əsas götürdüyümüz bəzi meyarlar olmalıdır. Ən vacibi isə qarşı tərəfə güvənməkdir. İkinci vacib məsələ isə həmin ortaqlığın verdiyi dəyərdir. Yəni təkbaşına edə bilməyəcəyiniz bir işi, bu ortalıq vasitəsilə həyata keçirmək olar. Sevgi və güvən subyektiv anlayışlardır, lakin zamanla daxili hisslərinə güvənməyi öyrənmək lazımdır. 

Sahibkarların düşə biləcəyi ən böyük tələlərdən biri – hər iki tərəfin rol və məsuliyyətlərini, güzəştlərini və ayrılma strategiyalarını aydın şəkildə müəyyənləşdirməməsi və bunları yazılı sənədə çevirməməsidir. Qarşılıqlı güvən nə qədər önəmlidirsə, işə başlamazdan əvvəl tərəflərin eyni fikirdə olması və bir-birinin ehtiyaclarını düzgün anlaması da bir o qədər vacibdir.

Təəssüf ki, yazılı razılaşma olmadıqda, fərqli baxışlar və anlaşılmazlıqlar zamanla ciddi problemlərə yol açır.

Ortağınızı ən azı bir il tanıdığınızdan əmin olun

Bir çox psixoloq və elmi araşdırmalar göstərir ki, insanlar əsl simalarını təxminən bir ildən sonra göstərirlər.

Bu, evlənməzdən əvvəl bir müddət nişanlı qalmağa bənzəyir. İş ortalığı da bir növ evlilikdir. Bu səbəblə, qısamüddətli “tanışlıq layihələri”niz olmalıdır. İnsanları yaxşı tanıyın və barələrində əldə etdiyiniz məlumatları referanslarla təsdiqləyin. Əgər layihə düşündüyünüz kimi getmirsə, bu münasibəti davam etdirməyə ehtiyac yoxdur. Bu, görüşdüyünüz bir insanla üç dəfə görüşdükdən sonra ayrılmağa qərar vermək kimidir. Ortada hər hansı bir ciddi öhdəlik olmadığından bu qərar çox da travmatik olmayacaq.

Ən böyük səhvlərdən biri, həddindən artıq tələsərək ortaqlıq qurmaqdır. Hər bir tərəfin məsuliyyətlərini ətraflı şəkildə müəyyənləşdirdiyinizə əmin olun. Yoxsa gələcəkdə özünüzü bütün işləri üzərinə götürmüş vəziyyətdə tapa bilərsiniz.

Hüquqi sənədlərdə ortaqların öhdəlikləri, hüquqları və çıxış planı aydın şəkildə göstərilməlidir. Cümlələriniz belə detallı olmalıdır: “Həftədə təxminən 30 saatını A, B, C işlərinə, 5 saatını isə Z işinə ayıracaqsan”.

Nə qədər dəqiq ifadələr işlədilsə, gələcəkdə qarşılaşacağınız problemlər o qədər az olacaq.

Rəqəmlərlə düşünün, amma əylənməyi də unutmayın

İş ortaqlıqları çox gözəl təcrübəyə çevrilə biləcəyi kimi, ən qorxunc kabusunuz da ola bilər. Doğru ortaq seçmək üçün riyazi düşünmək vacibdir. Bəli, düz oxudunuz: riyaziyyat.

Əgər "1 + 1 = 2" nəticəsi çıxırsa, bu ortalıq sizə bir üstünlük qazandırmır deməkdir. Amma əgər "1 + 1 = 3" olursa, o zaman bu, uğurlu iş ortalığıdır.

Yəni, ortaqlıqlar yalnız fərdi güclərin toplamı deyil, sinergiya yaratmalıdır. Əks halda, müxtəlif sahələr üçün əlavə xidmətlər almaq məcburiyyətində qalacaqsınız.

Bundan əlavə, bəzi sahələrdə sizdən daha üstün olan insanları ortağınız kimi seçməlisiniz. Təəssüf ki, bir çox insan öz eqosunun əsiri olur və bacarıqlı ortaqlarını “təhlükə” kimi görür. Bu, geniş düşüncəyə mane olur.

Marketinq dünyasının banisi Devid Oqilvi deyirdi ki, “sizdən daha ağıllı insanları işə götürməyə çalışın”. 

Hər şeydən əvvəl, o insanlarla birlikdə işləməkdən həzz almalısınız. Çünki bu ortaqlıq həyatınızın böyük bir hissəsini əhatə edəcək. Bəzən çox çətin dövrlərlə üzləşəcəksiniz. Əgər bu ortaqlıq sizə zövq vermirsə, o zaman bütün bu çətinliklərə dözməyə dəyməz.

Ayrılmaqdan qorxmayın

Ortağınızın məqsədlərinin sizinlə uyğun olub-olmadığına əmin olun. Məsələn, aşağıdakı sualları özünüzə və potensial ortağınıza verin:

Bu işə gündə neçə saat ayıra biləcəksiniz?

Hansı işçiləri işə götürmək niyyətindəsiniz?

Diqqətinizi yayındıra biləcək başqa layihələriniz varmı?

Ailəniz bu ortaqlığa dəstək verir?

Ortaya çıxan ən böyük problemlərdən biri də narahat dialoqlardan çəkinməkdir. 

Unutmayın, düzgün zamanlarda “yox” deməyi bacarmaq və lazımsız ortaqlıqlardan çıxmaq bəzən uğurun əsas açarıdır.

Günay

Chosen
0
valyuta.az

1Sources