EN

Ruben Vardanyanın məhkəməsinin növbəti iclasının vaxtı açıqlanıb

BAKI, TurkicWorld

Xəbər verdiyimiz kimi, Azərbaycan Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesi mayın 6-da davam etdirilib.

TurkicWorld xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Anar Rzayevdən və Camal Ramazanovdan ibarət tərkibdə keçirilən açıq məhkəmə iclasında (ehtiyat hakim Günel Səmədova) təqsirləndirilən şəxs bildiyi dildə, yəni, rus dilində tərcüməçi, habelə müdafiəsi üçün özünün seçdiyi vəkillə təmin olunub.

Hakim Zeynal Ağayev dindirmədən əvvəl məhkəmə prosesinə ilk dəfə qatılan zərərçəkmiş şəxslərə qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarını və vəzifələrini izah edib, onları məhkəmə tərkibi, tərcüməçilər, katiblər, dövlət ittihamçıları və digərləri ilə tanış edib.

Sonra təqsirləndirilən Ruben Vardanyanın vəkili Avraam Berman müraciət edərək 2025-ci il 6 fevral tarixli iclasın protokolu ilə tanış olduqları zaman məhkəmə kollegiyasına etiraz etmək üçün əsaslar müəyyənləşdirdiklərini bildirib. Müdafiəçi qeyd edib ki, məhkəmə iclas protokolunda müdafiə tərəfinin vəsatətlərinə münasibət bildirilməyib və bu, bizdə məhkəmə kollegiyasının iş üzrə obyektiv, qərəzsiz olmayacağı barədə əsaslı şübhələr doğurur. Ona görə də vəkil məhkəmə kollegiyasına etiraz edib.

Təqsirləndirilən Ruben Vardanyan etirazı müdafiə edib.

Baş prokurorun böyük köməkçisi Vüsal Əliyev etiraza münasibət bildirərək deyib ki, müdafiə tərəfinin məhkəmə iclas protokollarında yazıların düzgünlüyü və tamlığı barədə qeydlərini vermək hüququ var. Məhkəmə iclas protokolunda hər hansı xüsusatın qeyd olunmaması məhkəmə kollegiyasına etiraz üçün əsas hesab edilmir. O, həmçinin vurğulayıb ki, müdafiə tərəfi eyni qaydadan, eyni üsuldan istifadə etməklə qeyri-müəyyən səbəbdən verdiyi etirazlarla məhkəmə prosesinin uzadılmasına nail olmaq istəyir.

Qeyd olunanlar nəzərə alınmaqla Vüsal Əliyev etirazın baxılmamış saxlanılmasını məhkəmədən xahiş edib.

Prosesdə iştirak edən zərərçəkmiş şəxslər etirazın təmin olunmamasını məhkəmədən xahiş ediblər.

Məhkəmə vəsatətə baxmaq üçün müşavirəyə gedib.

Müşavirədən sonra müdafiə tərəfinin etirazına dair məhkəmə qərarı elan edilib. Qərara əsasən, etiraz baxılmamış saxlanılıb.

İclasa sədrlik edən Zeynal Ağayev qərarı əsaslandıran zaman vurğulayıb ki, müdafiə tərəfi Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinə əsasən, işə baxan hakimlər kollegiyasının cinayət təqibində maraqlı olmasına dair konkret dəlillər təqdim etməyib.

Sonra zərərçəkənlər ifadə veriblər.

Məhkəmə prosesində zərərçəkmiş şəxslərin barələrində keçirilmiş məhkəmə-tibbi ekspertizasının rəyləri də elan edilib.

Məhkəmənin növbəti iclası mayın 13-nə təyin olunub.

Xatırladaq ki, Ruben Vardanyan Azərbaycan Respublikası CM-in 100.1, 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 107 (əhalini deportasiya etmə və məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə), 113 (işgəncə), 114.1 (muzdluluq), 115.2 (müharibə qanunlarını və adətlərini pozma), 116.0.1, 116.0.2, 116.0.10, 116.0.11, 116.0.16, 116.0.18 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.11, 120.2.12 (qəsdən adam öldürmə), 29,120.2.1, 29,120.2.3, 29,120.2.4, 29,120.2.7, 29,120.2.11, 29,120.2.12 (qəsdən adam öldürməyə cəhd), 192.3.1 (qanunsuz sahibkarlıq), 214.2.1, 214.2.3, 214.2.4 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218.1, 218.2 (cinayətkar birlik yaratma), 228.3 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1.2, 270-1.4 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 278.1 (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279.1, 279.2, 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham olunur.

Chosen
0
49
turkic.world

10Sources